Teatrların köhnə-yeni repertuarından

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Xalq yazıçısı Kamal Abdullanın “Bir, ikibizimki!” pyesi əsasında səhnələşdirilmiş tamaşanı yeni ilin ilk ayında da repertuara salıb. Yanvarın 7-də nümayiş etdiriləcək tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Camalovadır.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşası növbəti dəfə yanvarın 14-də nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri YelenaZakir Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Sevinc Məmmədova və Sara Kərimlidir.

Xeyirlə Şərin əbədi qarşıdurması fonunda eşq uğrunda mübarizənin təqdim olunduğu tamaşanın musiqi tərtibatında dahi bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baletinin musiqilərindən və məşhur mahnılarından istifadə olunub.

Azərbaycan Dövlət Pantomim Teatrında Nurlan Rüstəmovun “Ağbığlılar” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa (quruluş müəllifi – Əməkdar artist Bəhruz Əhmədli) uzun fasilədən sonra nümayiş olunacaq. Yanvarın 8-də göstəriləcək səhnə əsəri iki süpürgəçinin prosesində başlarına gələn komik və həm də kədərli əhvalatlardan bəhs edir.

 

Mədəniyyət.- 2022.- 7 yanvar.- S.3.