Estrada orkestrinin 10 yaşı konsertlə qeyd olunub

 

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyası Estrada orkestrinin yaradılmasının 10 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən konsert Üzeyir HacıbəylininArşın mal alanoperettasından musiqi ilə başlayıb. Eldar Mansurov, Emin Sabitoğlu, Mehriban Əhmədova, Səid Rüstəmov, Fikrət Əmirov, Müslüm Maqomayev, Nizami Məmmədov, Elza İbrahimova bir sıra xarici bəstəkarların əsərləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Musiqi əsərlərini orkestrin müşayiəti ilə muxtar respublikanın Əməkdar artistləri Ruhiyyə Hüseynova, Arzu Fərzəliyev digər solistlər ifa ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2012-ci il yanvarın 10-da imzaladığı sərəncam ilə yaradılan bu musiqi kollektivi qısa vaxtda estrada həvəskarlarının rəğbətini qazanıb. Estrada orkestrinin bədii rəhbəri dirijoru Elvin Əliyarovdur.

 

Mədəniyyət.- 2022.- 12 yanvar.- S.4.