Tarix və mədəniyyət abidələrinin
qorunması, bərpası və təbliği
Ötən ilin
yekunları və bu il
üçün nəzərdə tutulan işlər
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti 2021-ci ildəki fəaliyyətinin yekunları və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair məlumatları media mənsubları ilə bölüşdü. Yanvarın 7-də Milli Xalça Muzeyində keçirilən mətbuat konfransında Dövlət Xidmətinin rəisi Azad Cəfərli bu barədə ətraflı söhbət açdı.
Dövlət Xidmətinin rəisi bildirdi ki, ötən il ərzində tarix və mədəniyyət abidələrinin qorunması, bərpası, təbliği, onların istifadəsinə nəzarət baxımından bir sıra işlər həyata keçirilib. Bu sahədə həm beynəlxalq platformalarda, həm də ölkə səviyyəsində görülən işlər davam etdirilib.
Dövlət Xidmətində aparılan struktur islahatları ilə bağlı danışan Azad Cəfərli diqqətə çatdırdı ki, dövlət başçısı tərəfindən 22 oktyabr 2019-cu il tarixində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman imzalanıb. Fərmana uyğun olaraq, Bakı, Gəncə, Şabran, Salyan və Qəbələ regional idarələri fəaliyyətə başlayıb. Bu idarələrin yaradılmasında məqsəd tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətinin gücləndirilməsi, idarəçilikdə səmərəliliyin təmin edilməsi, daşınmaz tarix və mədəniyyət abidələrinin, tarix və mədəniyyət qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkili, müasir texnologiyanın və aparıcı beynəlxalq təcrübənin tətbiqi, eləcə də tarix və mədəniyyət abidələrinin genişmiqyaslı tədqiqini təmin etməkdir.
Qeyd edildi ki, regional idarələrin kadr potensialı qabaqcıl təcrübə əsasında müsahibələr vasitəsilə formalaşdırılıb. Eləcə də qazi və şəhid ailələrinin üzvü olan 23 nəfər Dövlət Xidmətinin əməkdaşları sıralarına qoşulub. Hazırda regional idarələrin maddi-texniki bazalarının formalaşdırılması istiqamətində işlər davam etdirilir.
110 abidənin pasportu, 72-sinin mühafizə zonası təsdiq edilib
Azad Cəfərli diqqətə
çatdırdı ki,
mədəni irsin qorunması işinin kompleks şəkildə təşkil edilməsi məqsədilə abidələrin
pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi
işləri il ərzində davamlı şəkildə
həyata keçirilib.
Hesabat dövründə 110 tarix-mədəniyyət
abidəsinin pasportu və 72 abidənin mühafizə zonası təsdiq edilib. Hazırda daha 155 abidənin pasportu, abidələrin mühafizə
zonaları üzrə
isə 108 layihənin
hazırlanması üzərində
iş aparılır.
Pasportu hazırlanan abidələrin
42-si və mühafizə
zonası hazırlanan
abidələrin isə
10-u işğaldan azad
edilmiş ərazilərdə
yerləşən tarix-mədəniyyət
abidələrinin payına
düşür.
Bildirildi ki, Dövlət Xidmətinin fəaliyyətinin
əsas istiqamətlərindən
biri də daşınmaz tarix və mədəniyyət
abidələrində bərpa-konservasiya
işlərinin aparılmasıdır. Şabran rayonunda
yerləşən Çıraqqala
abidəsində bərpa-konservasiya
işləri davam etdirilib. Qazax rayonunda Müəllimlər
Seminariyası binasının
bərpasına başlanılıb.
Daha 10 abidədə bərpa-konservasiya
işlərinin aparılması
məqsədilə layihə-smeta
sənədlərinin hazırlanması
üçün müvafiq
addımlar atılıb.
Ötən ilin martında “Çıraqqala-Şabran”, “Qədim
Şəmkir şəhəri”
və “Orta əsr Ağsu şəhəri” Dövlət
Tarix-Mədəniyyət qoruqlarının
əsasnamələri təsdiq
olunub.
Abidələrin mühafizəsi mövzusuna
toxunan Dövlət Xidmətinin rəisi vurğuladı ki, abidələrin mühafizə
zonalarının zəbt
edilməsi və özbaşına tikinti işlərinin aparılmasının
qarşısı alınıb,
abidələrin qəsdən
korlanması və ya məhv edilməsi
ilə bağlı aşkara çıxan 7 faktla
bağlı hüquq mühafizə orqanlarına,
12 fakt barəsində
isə yerli icra hakimiyyəti orqanlarına müraciət
olunub. Ağdaş rayonunda Qarabəy
karvansarası, Bərdə
rayonunun Lənbəran
və Uğurbəyli
kəndlərindəki məscidlərdə
təsdiq edilmiş layihə olmadan aparılan işləri misal göstərmək olar.
Beynəlxalq ekspertlərin işğaldan
azad edilmiş ərazilərə səfərləri
İşğaldan azad olunmuş ərazilərdəki mədəniyyət
obyektlərinin monitorinqi,
ilkin inventarlaşdırılması
və mühafizə tədbirləri barədə
söz açan Azad Cəfərli dedi ki, monitorinqlər zamanı dövlət qeydiyyatında olan 403 tarix-mədəniyyət abidəsinə
baxış keçirilib.
Dövlət qeydiyyatında olmayan
tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 162 obyektin monitorinqi aparılıb.
Monitorinqlər Şuşa, Cəbrayıl,
Füzuli, Zəngilan,
Xocavənd, Qubadlı,
Ağdam, Tərtər,
Laçın və Kəlbəcər rayonlarını
əhatə edir.
Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə dövlət
qeydiyyatına alınmış
706 tarix və mədəniyyət abidəsi
var. Bu abidələrdən 6-sı dünya əhəmiyyətli
memarlıq, 5-i dünya
əhəmiyyətli arxeoloji,
119-u ölkə əhəmiyyətli
memarlıq, 121-i ölkə
əhəmiyyətli arxeoloji,
393-ü yerli əhəmiyyətli
memarlıq, 23-ü yerli
əhəmiyyətli bağ-park,
monumental və xatirə,
22-si yerli əhəmiyyətli
arxeoloji abidə, 17-si
dekorativ-tətbiqi sənət
nümunəsidir.
Dövlət Xidmətinin rəhbəri
beynəlxalq əməkdaşlıq
sahəsində fəaliyyətə
toxunaraq diqqətə
çatdırdı ki,
Mədəniyyət Nazirliyinin
nümayəndə heyəti
UNESCO-nun “Silahlı münaqişə
zamanı mədəni
sərvətlərin qorunması
haqqında” 1954-cü il
tarixli Haaqa Konvensiyasına tərəf
dövlətlərin 14-cü iclasında, Haaqa Konvensiyasının İkinci
Protokoluna tərəf
dövlətlərin 9-cu iclasında,
eyni zamanda Silahlı münaqişə
zamanı mədəni
sərvətlərin qorunması
üzrə Komitənin
16-cı iclasında iştirak
edib. İclaslarda Konvensiyasının implementasiya ilə bağlı məsələlər,
əməkdaşlıq istiqamətləri,
Konvensiyasının icrası
barədə milli hesabatların təqdim olunub və digər məsələlərin
müzakirə edilib.
Azərbaycan “Silahlı
münaqişə zamanı
mədəni sərvətlərin
qorunması haqqında”
1954-cü il tarixli Haaqa Konvensiyasının
İkinci Protokolu üzrə Komitənin üzvü seçilib.
Ölkə ərazisində olan bir sıra abidələrin
UNESCO-nun Dünya İrsi
Siyahısına daxil edilməsi üçün
sənədlər hazırlanıb. Beynəlxalq ekspertlərdən
ibarət nümayəndə
heyətinin işğaldan
azad edilmiş ərazilərə səfərləri
təşkil olunub.
Səfər çərçivəsində
ekspert qrupu Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Tərtər, Xocavənd, Kəlbəcər rayonlarında
yerləşən erməni
vandalizminə məruz
qalmış daşınmaz
tarix və mədəniyyət abidələrinə
baxış keçirib
və müvafiq məlumatlar toplanılıb.
Həmçinin BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel Moratinosun ölkəmizə səfəri
çərçivəsində Füzuli və Ağdam şəhərlərinə
səfər təşkil
edilib. Qonaq işğalçı Ermənistanın törətdiyi
vəhşiliklər, eləcə
də tarixi, dini və mədəni
abidələrimizin vandalizmə
məruz qalması barədə ətraflı
məlumatlandırılıb.
Ötən il Dövlət Xidmətinin fəaliyyətində Zəfər
Gününün birinci
ildönümünə həsr
edilmiş “Böyük
Qayıdış: mədəniyyətin
dirçəlişi” adlı
beynəlxalq konfrans da yaddaqalan olub.
Tədbirdə yerli və xarici qonaqlar, ekspertlər, eləcə də dövlət rəsmiləri və diplomatik korpusun nümayəndələri iştirak
ediblər.
Şuşa abidələrinin “Bərpa təlimatı”
Azad Cəfərli bildirdi ki, 2022-ci ilin Prezident İlham Əliyev tərəfindən “Şuşa İli” elan edilməsi qarşımızda yeni məqsədlər qoyub. Ötən il ərzində Şuşa şəhərində yerləşən abidələrin elektron xəritəsi tərtib edilib. Şuşada aparılan monitorinq çərçivəsində 45 tarixi abidənin üzərinə məlumat lövhələri quraşdırılıb. Eyni zamanda Şuşa şəhərində dövlət qeydiyyatına alınmış tarix-memarlıq abidələrinin kataloqu ərsəyə gətirilib. Hazırda “Şuşa – Azərbaycan mədəniyyətinin paytaxtı” adlı nəşr üzərində iş aparılır.
Bundan əlavə, Şuşa şəhərindəki abidələrin “Bərpa təlimatı” hazırlanıb. Sənəddə işğalın nəticələri və səbəb olduğu dağıntılar, abidələrin monitorinqi və inventarlaşdırılması, abidələrin bərpası və regenerasiyası, abidələrin identifikasiya və lokalizasiya məlumatları, tikililərin tipologiyası və xüsusiyyətləri, abidələrin bərpa statusu və risk faktorları, onların qorunması üçün təcili mühafizə tədbirləri, tarix-memarlıq tədqiqatları və memarlıq tipologiyası öz əksini tapıb.
Qeyd edildi ki, “İşğaldan azad olunmuş şəhər və rayonlarda tarix-mədəniyyət abidələrinin qorunması və bərpası ilə əlaqədar “yol xəritəsi” hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müraciəti əsasında Şuşa, Ağdam və Füzuli rayonlarının Baş planı ilə bağlı müvafiq rəy də hazırlanıb aidiyyəti üzrə göndərilib. Eyni zamanda Xocavənd rayonunda “Azıx-Tağlar mağara düşərgələri” Dövlət Tarix-Arxeoloji Qoruğunun təsis edilməsi məsələsi ilə bağlı müzakirələr aparılıb və müvafiq sənədlər razılaşdırılması məqsədilə aidiyyəti üzrə təqdim edilib.
O da bildirildi ki, ötən il Dövlət Xidməti tərəfindən Ağdam şəhərində Üzərliktəpə arxeoloji abidəsinin, Cümə məscidinin, İmarət abidələr kompleksinin, Qiyaslı kənd məscidinin bərpası ilə bağlı konsept və layihələr də hazırlanıb, Üzərliktəpə yaşayış yerində arxeoloji qazıntıların aparılması təşkil olunub.
Mətbuat konfransında KİV nümayəndələrinin müxtəlif sualları cavablandırıldı.
L.Azəri
Mədəniyyət.- 2022.- 12
yanvar.- S.1;3.