Aprel döyüşləri – tariximizin şanlı səhifəsi

 

2016-cı ilin Aprel döyüşlərinin 7-ci ildönümü münasibətilə bölgələrdəki mədəniyyət müəssisələrində bir sıra tədbirlər keçirilib.

Aprel döyüşlərinin ildönümündə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində, Birinci Qarabağ müharibəsi şəhidi Arif Fərhadovun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub. Tədbirdə Cocuq Mərcanlı sakinləri, şəhidin ailə üzvləri, ziyalılar, hərbçilər və digər qonaq iştirak ediblər. “Şəhid bulağı” YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və Bibiheybət ərazi təşkilatının sədri Sədaqət Həsənovanın dəstəyi ilə inşa olunub.

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Böyük Zəfərin başlanğıcı – Aprel döyüşləri” adlı tədbir keçirilib. Çıxış edənlər 2016-cı ilin Aprel döyüşlərinin əhəmiyyətindən, Azərbaycan Ordusunun döyüş əzmindən, xalq-ordu birliyindən danışıblar.

S.Vurğun adına Sumqayıt şəhər Mərkəzi Kitabxanasının Uşaq şöbəsində “44 gündən dörd il əvvəlki 4 gün” adlı tədbir keçirilib. M.Füzuli adına 15 saylı tam orta məktəbin 7-ci sinif şagirdlərinin iştirakı ilə reallaşan tədbirdə Aprel döyüşləri haqqında məlumat verilib. Həmin döyüşlərdə şəhid olan polkovnik-leytenant Raquf Orucova həsr edilmiş videoçarx izlənilib. Sonda “Silahı məhəbbət, son sözü Vətən” adlı sərgiyə baxış olub.

Sabirabad rayon Heydər Əliyev Mərkəzində “Aprel döyüşləri tariximizin şanlı səhifəsidir” adlı tədbir keçirilib. Qeyd olunub ki, Aprel döyüşləri dövlətimizin və Ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini nümayiş etdirib. Çıxışlardan sonra döyüşlərə həsr olunmuş sənədli film izlənilib.

Şirvan şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları Aprel döyüşlərinin şəhid əsgəri Rahil Ərəblinin ailəsini ziyarət ediblər.

Masallı rayon Mərkəzi Kitabxanasında “Aprel döyüşləri şanlı tariximizdirmövzusunda tədbir keçirilib. Tədbirdə Aprel döyüşlərinin tarixi və nəticələri haqqında məlumat verilib.

Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Güllütəpə kənd tam orta məktəbində Aprel döyüşlərinin ildönümünə həsr edilmiş tədbir keçirilib. Dördgünlük müharibənin Masallıdan olan şəhidləri Nurlan Əsgərli və Firdovsi Bag­̆ırzadəyə həsr olunan sənədli film nümayiş etdirilib.

Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Tarixi Zəfərin qəhrəmanları” adlı sərgi təşkil olunub.

 

Mədəniyyət.- 2023.- 5 aprel.- S.4.