“Mahnılarımız monitorinq aynasında”

350-yə yaxın mahnı monitorinqə cəlb edilib

 

 

Mahnılarda dilimizin düzgün tətbiqi çox vaxt arxa plana keçir. Mahnı mətnlərində kifayət qədər leksikqrammatik norma pozuntusunun, üslub və ifadə səhvlərinin, ifalarda isə çox vaxt orfoepik normaya əməl edilməməsi və dialekt elementlərinin aşkarlanması buna əyani sübutdur.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva bu fikirləri aprelin 6-da “Mahnılarımız monitorinq aynasında” adlı hesabat tədbirində deyib. Bildirib ki, Azərbaycan xalqına məxsus mədəni irsin mühüm hissəsini təşkil edən musiqimiz bədii-estetik zövqün ifadəsi, milli ruh və ideologiyanın təcəssümüdür.

Ulu öndər Heydər Əliyevin “Yüksək mədəniyyətə malik olan xalq həmişə inkişaf edəcək” fikrini xatırladan direktor bildirib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə xalqımızın milli sərvəti olan mədəni irsin qorunması və beynəlxalq səviyyədə təbliği ilə bağlı mühüm işlər görülür. Zəngin mədəni irsimizin bir sıra nümunələri, o cümlədən muğam və aşıq sənətləri UNESCO-nun siyahısına daxil edilib.

Mahnılarımızın monitorinqi barədə danışan S.Əliyeva bildirib ki, Azərbaycan musiqisinin əsas qolu olmaqla dilimizin bütün incəliklərini əks etdirən mahnı janrında ədəbi dil normalarının kobud şəkildə pozulması bu sahədə də monitorinqin aparılmasını zəruri edib.

Monitorinq zamanı müəyyən olunan nitq faktları dilimizin özünəməxsus sabit qrammatik quruluşuna, leksik tərkibinə xələl gətirməklə yanaşı, bədii-estetik zövqümüzün korlanması, zəngin musiqi ənənələrimizin itirilməsi ilə bağlı narahatlığa da əsas verir. Aşkar edilən nöqsanların kütləvi hal alması mədəniyyətimizin inkişafına mane olduğu üçün bu sahədə ciddi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi labüddür.

Qeyd olunub ki, mahnı yaradıcılığında sözmusiqi müəllifi, ifaçı, həmçinin aranjimançı və müvafiq mütəxəssislərin üzərinə böyük məsuliyyət düşür.

Sonra Monitorinq Mərkəzi əməkdaşlarının problem-mövzularla bağlı məruzələri dinlənilib. Bildirilib ki, mənşəyi bilinməyən top-reytinqli bayağı mahnıların intensiv şəkildə yayımlanması ilə “trend-mahnı” anlayışının qeyri-iradi qəbul olunması, milli mədəniyyətimizə yad, bayağı mahnıların insanlara gerçəklik kimi təqdim edilməsi artıq həyəcan təbilinin çalınmasını zəruri edir. Ümumilikdə 350-yə yaxın mahnı monitorinqə cəlb edilibonlardan 177 mahnıda 1253 norma pozuntusu müəyyən olunub. Bunlarında 668-i orfoepik, 111-i leksik, 144-ü qrammatik, 330-u üslub və ifadə səhvləridir.

Vurğulanıb ki, xarici boğazyad çalarlardan istifadə, ifaçılıq sənətinin bəlli qayda-qanunlarından kənara çıxan improvizələr, sözlərin heca-heca tələffüzü milli musiqimizin inkişafına böyük maneədir. Mahnı janrı ilə bağlı ənənələrimizə ciddi xələl gətirən bu elementlər bir müddət sonra milli təsir bağışlayacaq. Son dövrlər mahnı yaradıcılığında ciddi böhran müşahidə olunur. Heç bir məna yükü olmayan, bədiilikdən uzaq mətnlər, ifa üçün yetərli olmayan səs tembrləri və texnikalar milli mədəniyyətinə xidmət etmir. Milli dəyərlərimizə zidd davranışları, narkomaniyanı və zərərli vərdişləri, tüfeyli həyat tərzini aşılayan, hətta sui-qəsdə təşviq edən mahnıların təbliği sağlam gəncliyimizin formalaşması üçün böyük təhlükədir.

“Mahnılarımız monitorinq aynasında” adlı hesabatda zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, milli-mənəvi dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə çağıran mahnıların siyahısı da tərtib olunub. Siyahıda onlarla müğənninin ifa etdiyi mahnılar yer alıb.

Tədbirdə çıxış edən yazıçı Seyran Səxavət dilimizin qorunması üçün təşəbbüslərin vacibliyini diqqətə çatdırıb. “Azərbaycan dili mənim hər şeyimdir. Hamımızın hər şeyidir. Ən məşhur mahnılarda elə sözlərə rast gəlirəm ki, şoka düşürəm. Bəs bu adam oxuduğu mahnının sözlərini eşitmir”, – deyə yazıçı bildirib.

 

Mədəniyyət.- 2023.- 7 aprel.- S.2.