Xatirələr o qədər çoxdur ki...

 

“O, sənətin sütunu dediklərimizdən idi...”

 

Xalq artisti Azər Paşa Nemətovla vida mərasiminə qatılan mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri onunla bağlı xatirələrini, ürək sözlərini bölüşdülər.

Xalq artisti Tariyel Qasımov: “Azər Paşa Nemətov illər öncə Gənc Tamaşaçılar Teatrında bir-birindən maraqlı səhnə əsərlərinə quruluş verib, öz üslubunu, fərqini, novatorluğunu təsdiq edib.  Çox savadlı, istedadlı rejissor idi. Teatr Xadimləri İttifaqının rəhbəri kimi də qayğıkeş, diqqətli olub. Azər müəllim nəslindən gələn, atasından gələn aktyor, teatr, səhnə sevgisini üst səviyyədə göstərdi. Xatirimdə işıqlı adam kimi qalacaq. Ruhu şad olsun”.

Xalq artisti Oqtay Mirqasımov: “Azər Paşa qardaşımızın həyatdan qəfil gedişini ağır itki kimi qarşılayıram. O, əvvəla mənim üçün ona görə çox əzizdir ki, biz gənclikdən dost idik. Mənim şəxsi itkimdir. Teatr da böyük sənətkar itirib. Amma inanıram, ümid edirəm və belə görürəm ki, tələbələri, onunla çiyin-çiyinə çalışan adamlar onun yolunu, xəttini davam etdirəcəklər. Ruhun şad olsun, əziz qardaşım”.

Şair-dramaturq İlqar Fəhmi: “Elə insanlar var ki, həmin məqamda bəlkə də o itkinin ağrısını hiss eləmir. Amma  müəyyən vaxt keçəndən sonra onun yerini hiss edir. Mən düşünürəm ki, onun Azərbaycan teatrında gördüyü işlər – istər Akademik Milli Dram Teatrında, istərsə də Teatr Xadimləri İttifaqında qurduğu sistem gözəl nəticələr vermişdi. Təkcə ittifaqda gənclərin toplanması, laboratoriyaların yaradılması, festivalların təşkili əhəmiyyətli işlər idi. Bu çox ağır itkidiro, bizim sənətin sütunu dediklərimizdən idi. O boşluq necə dolacaq? Onu zaman göstərəcək”.

Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə: “Əslində, bu gün çox kədərli gündür. Azərbaycan teatrı iki böyük rejissorunu (Akademik Rus Dram Teatrının rejissoru, Xalq artisti İranə Tağızadə də aprelin 9-da vəfat edibred.) itirib. Düşünürəm ki, heç bir yaradıcı adam, ələlxüsus da müəyyən vəzifəyə çatandan sonra intriqalarsız alınmır. Bundan yan keçmək mümkün deyil. Amma bütün yaşananlara rəğmən onlar Azərbaycan teatrının formalaşmasında, var olmasında müstəsna xidmətləri olan insanlardır. Ruhları şad olsun”.

Xalq artisti Kazım Abdullayev: “Bu gün həm bizim kollektivimizMilli Dram Teatrı, həm də ümumən teatr ictimaiyyəti və teatrsevərlər üçün ağır gündür. Bir gündə iki böyük rejissoru itirmişik. Azər müəllimlə illərdir ki, çalışıram, tamaşalarında oynayıram. Maraqlı, fərqli, öz yolu olan rejissor idi... Anlayıram, ölüm mütləqdir. Amma adam kədərdən, itkinin ağırlığından qurtula bilmir”.

Xalq artisti Ramiz Həsənoğlu: “Azər Paşa Azərbaycan teatr sənətində öz izini qoymuş bir adamdır. Teatr sənətimiz üçün böyük itkidir. Gördüyü işlər göz qabağındadır. Onun vaxtilə quruluş verdiyiDanabaş kəndinin məktəbi” əsəri teatrımızın böyük hadisəsi, uğuru idi. Ondan illər keçdi və fərqli, yeni tamaşalar qoydu ortaya. Hansı ki, hər biri onun rejissor istedad və bacarığını isbatladı. Ruhu şad olsun”.

Xalq artisti İlham Namiq Kamal: “Məndən xatirələrimi soruşursuz. Onlar o qədər çoxdur ki... O, mənim məktəb yoldaşım olub, birlikdə uşaqlığımızı yada salsaq o qədər gözəl günlər idi. Tale elə gətirdi ki, sənətdə də yollarımız kəsişdi. Fərqli teatrlarda çalışsaq da hər ikimiz sevdiyimiz teatra xidmət elədik. Sonra onun quruluş verdiyi “Mənim ərim dəlidir” tamaşasında baş rolu oynadım... İndi itirə-itirə gəlirik. Mən həm də ümidliyəm, bilirəm ki, gənclər yetişəcək. Amma o sənətkarların öz yeri, öz səviyyəsi var idi.  Azər Paşa mənim üçün dünən də, bu gün də, sabah da o işıqlı, yüksək məqamında qalacaq”.

 

Həmidə

Mədəniyyət.- 2023.- 12 aprel.- S.4.