Beynəlxalq Uşaq Kitabları Şurasının sertifikatları təqdim olunub

 

Beynəlxalq Uşaq Kitabları Şurasının (IBBY) “Fəxri siyahı”sına daxil edilən “Cəsur ayı və dostları” uşaq kitabının yazarı Solmaz Amanova, rəssamı İsgəndər Məmmədov və “Everest” nəşriyyatının icraçı direktoru Nemət Əliyev qurumun sertifikatları ilə təltif olunublar.

Sertifikatlar aprelin 11-də Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli tərəfindən təqdim olunub.

Beynəlxalq Uşaq Kitabları Şurası (IBBY) 1953-cü ildə İsveçrənin Sürix şəhərində fəaliyyətə başlayıb və hazırda dünyanın 81 ölkəsi üzrə milli bölməsi var. Mədəniyyət Nazirliyinin tabeliyində olan F.Köçərli adına Respublika Uşaq Kitabxanasının iştirakı ilə ölkəmiz 2012-ci ildə Şuraya üzv qəbul edilib. Kitabxana eyni zamanda bu beynəlxalq qurumun milli bölməsi funksiyasını yerinə yetirir.

IBBY tərəfindən 1956-cı ildə təsis edilən “Hans Kristian Andersen mükafatı” uşaq ədəbiyyatı sahəsində çalışan müəllif və rəssamlar üçün ən nüfuzlu beynəlxalq təltif sayılır. IBBY-nin qərarı ilə 1967-ci ildən məşhur danimarkalı yazıçı H.K.Andersenin (1805-1875) doğum günü – 2 aprel Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd edilir.

Şuranın iki ildən bir təşkil etdiyi beynəlxalq konqreslər uşaqlar üçün ədəbiyyat və kitab mədəniyyəti sahəsində çalışan nüfuzlu mütəxəssisləri bir araya gətirir. Həmçinin IBBY tərəfindən görkəmli yazıçılar, illüstratorlar və tərcüməçilərdən ibarət “Fəxri siyahı” hazırlanır. 2022-ci ilin sentyabrında Malayziyada (Putradjaya şəhəri) keçirilən IBBY konqresində növbəti siyahı elan olunmuşdu. “Fəxri siyahı”ya 53 ölkədən 47 müxtəlif dildə 163 nominasiya daxildir. 2022-ci ilin siyahısı üçün “Müəllif” kateqoriyasında 63, “İllüstrasiya” kateqoriyasında  52 və “Naşir” kateqoriyasında 48 seçilib. Azərbaycan hər üç kateqoriya üzrə fəxri diplomlar alıb.

Solmaz Amanovanın “Cəsur ayı və dostları” kitabı (illüstrator İsgəndər Məmmədov) “Everest” nəşriyyatında Azərbaycan və ingilis dillərində çap olunub.

 

 

Mədəniyyət.- 2023.- 14 aprel.- S.3.