Milli musiqi xəzinəmizdən

 

Bəstəkarların not məcmuələri və “Rauf Hacıyev. Biblioqrafiya” kitabının təqdimatı

 

Aprelin 13-də Milli KitabxanadaMilli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)” layihəsi çərçivəsində nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələrinin və “Rauf Hacıyev. Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilib.

Tədbirdə Milli Kitabxananın musiqi irsimizin təbliği ilə bağlı gördüyü işlərdən bəhs edilib. Qeyd edilib ki, Mədəniyyət Nazirliyi ilə birlikdə həyata keçirilən önəmli layihələrdən biriMilli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)” adlı layihədir. Kitabxana bu günədək həmin seriyadan görkəmli Azərbaycan bəstəkarlarının not əsərlərini ayrı-ayrı məcmuələr şəklində nəşr edərək musiqi ictimaiyyətinə təqdim edib. Azərbaycan musiqi ictimaiyyətinə kitabxana tərəfindən 100-dən artıq not məcmuəsi və bəstəkarlarımız haqqında nəşrlər uşaq musiqi məktəblərinin şagirdləri, bu sahədə ali məktəblərin tələbələri, musiqişünas alimlər üçün nəzərdə tutulub.

Tədbirdə görkəmli bəstəkar və dövlət xadimi, SSRİ Xalq artisti Rauf Hacıyevin rəngarəng yaradıcılığından, keçdiyi həyat və sənət yolundan söz açılıb, Milli Kitabxana əməkdaşları tərəfindən hazırlanan biblioqrafiya haqqında məlumat verilib. Bildirilib ki, Rauf Hacıyevin 100 illiyinə həsr edilmiş biblioqrafiyada bəstəkarın əsərləri, not nəşrləri, səsyazmaları, kitabları, həyat və yaradıcılığı haqqında materiallar, habelə dünya milli kitabxanalarında mühafizə olunan nəşrlər əhatə olunub.

 

 

Mədəniyyət.- 2023.- 14 aprel.- S.2.