Vətənin qəhrəmanları unudulmur

 

Şirvan Tarix-Diyarşünaslıq Muzeyində I Qarabağ müharibəsində itkin düşmüş həmyerlilərimizə həsr olunmuş “Qəlblərdə yaşayan qəhrəmanlar” adlı xatirə tədbiri keçirilib. Tədbirdə Şirvan şəhərinin itkinləri haqqında məlumatı özündə əks etdirən videoçarx nümayiş olunub, vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib.

Masallı Tarix-Diyarşünaslıq Muzeyi “Qəhrəmanları tanıyaq” layihəsi çərçivəsində Təzə Alvadı kənd 2 saylı tam orta məktəbində tədbir keçirib. Vətən müharibəsi qaziləri keçdikləri döyüş yolundan danışaraq xatirələrini bölüşüblər.

Sumqayıt RMİ və “Şəhid Analarına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhər Poeziya evində Vətən müharibəsi şəhidi Səbuhi Həsənquliyevin anası Maisə Səbuhinin “Şəhidlik Tanrı hədiyyəsidir” kitabının təqdimatı olub. Kitabda müəllifin Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərə həsr etdiyi şeirləri yer alıb.

Bərdə rayon Mədəniyyət Mərkəzində Birinci Qarabağ müharibəsinin şəhid qardaşları MahirTahir Cəfərovların anım günü ilə əlaqədar “Qayıdan torpaqlar, qayıtmayan oğullar” adlı tədbir təşkil edilib. Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı “İki qardaşın döyüş yolu” adlı tamaşa nümayiş etdirib.

Gəncə şəhər MKS Mərkəzi Kitabxanasının Uşaq şöbəsi Səməd Vurğun adına 41 nömrəli tam orta məktəbdə Milli Qəhrəman Samir Xasıyevin (1973-1995) anadan olmasının 50 illiyi ilə əlaqədar “Vətənpərvərlik vətənə xidmətin ən ali zirvəsidir” başlığı altında tədbir təşkil edib.

Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Etibar Muradxanlının Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizə və qazilərimizə həsr etdiyiİlin beşinci fəsli” kitabının təqdimat mərasimi keçirilib.

 

Mədəniyyət.- 2023.- 19 aprel.- S.4.