Lap dünən kimi...

 

Rubrikamız üçün növbəti həmsöhbətimi seçdim: milli rəqslərimizin mahir ifaçısı, Xalq artisti Roza Cəlilova.

Uzun və mənalı ömür yaşayıb, bütün yaradıcılığı boyunca xalqın bu zərif və qədim sənət növünü daha da inkişaf etdirməyə çalışan rəqqasə yaşının bu çağında da yenə həyat doludur. Şən-şaqraq avazı, nikbin danışığı və rəqqasələrə xas çevikliyi ilə heyranlıq yaradır.

İlləri yola saldıqca hər günündən bir xatirə, qeyd saxlayan Roza xanımla bu dəfə xalqımızın Ümummilli lideri, milli mədəniyyətimizin hamisi və təəssübkeşi olmuş Heydər Əliyevi xatırladıq.

Ünsiyyəti sevən, insanlarla danışmaqdan zövq alan bu həyatsevər xanım söhbətə Heydər Əliyevin dərin mədəniyyət bilicisi olmasından başladı: “Dövlət tədbirlərində, müxtəlif konsertlərdə dəfələrlə iştirak etmişəm. Ölkəmizə rəhbərliyinin hər iki dövründə Heydər Əliyev biz sənət adamlarına sevgi ilə yanaşıb, xüsusi diqqət və qayğı göstərib. Onun izləməyə gəldiyi konsertlərdə hər kəs bir başqa ovqata köklənirdi. Təkcə ona görə yox ki, o, rəhbər şəxsdir, həm də ona görə ki, hər kəs onun necə dərin sənət bilgilərinə malik olduğundan xəbərdar idi. Təsəvvür edin, rəqslər, onların elementləri, ifa texnikaları, yaranma tarixləri, mənaları barəsində elə fikirlər səsləndirirdi ki, heyran qalmamaq olmurdu. Birbilirsiniz ən çoxxoşuma gəlirdi? Böyük ansamblın içərisindən fərdi olaraq rəqqasları izləməsi, onlara ayrı-ayrılıqda tamaşa etdiyini büruzə verməsi. Bunun ansamblda ifa edən kollektiv üzvü üçün nə qədər önəmli olduğunu təsəvvür belə edə bilməzsiniz. Baxın, hər hansı müğənni, aktyor ayrılıqda öz ifası, obrazı üzərindən özünü göstərə bilir. Amma rəqsdə, xorda, ümumilikdə kollektiv çıxışlarda bu elə də asan olmur. Yəqin elə buna görə də Heydər Əliyev təkcə Rozanı, Əminəni və ya başqa nisbətən tanınan, seçilən rəqqası yox, bütünlükdə hər bir ansambl üzvünü diqqətdə saxlayırdı”.

Roza xanım Naxçıvanda çalışdığı illəri də yada saldı: “Bildiyiniz kimi, mən bir müddət M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının Naxçıvan üzrə kuratoru olmuşam. Məşhur “Şərur yallısı” ansamblı üçün bir neçə rəqs qurmuşam, onlarla xarici ölkədə qastrollarda olmuşam. Heç yadımdan çıxmaz, 1991-ci ilin ağır dönəmi idi. Bizim ansamblın da Türkiyə Cümhuriyyətinə səfəri var idi. Dəvət bizi sevindirsə də, ora gedib çıxmaq müşkül idi. Bilet, nəzarət-buraxılış məsələsi, üstəlik də yol xərcləri. Bu ağır vəziyyətdə o qədər vacib işlərinin içərisində Heydər Əliyev bizə də vaxt ayırdı. Belə ki, çıxılmaz vəziyyətdən çıxış yolu kimi ona üz tutduq. Təbii ki, Heydər Əliyev bizim səfər məsələmizi qısa müddətdə həll etdirdi. Kollektivgedib o festivalda Naxçıvanı uğurla təmsil etdi. Bu fakt da onun incəsənətə sevgi və diqqətinin bariz nümunəsidir.

Bu qayğı sonralar da davam etdi. Kollektiv 1997-ci ildə Türkiyənin İsgəndərun şəhərində folklor bayramında, 1998-ci ildə Bayburt şəhərində keçirilənDədə Qorqudfestivalında da yüksək mükafata layiq görüldü.

Yadımdadır, o, biz sənət adamları ilə hər görüşündəİncəsənət, rəqs bizim irsimizdir onsuz həyat yoxdur”, – deyirdi. Haqlı idi. Özü o, bunları sadəcə söz xətrinə demir, əməlində sübut edirdi. Bu da biz sənət adamlarına, şəxsən mənə çox xoş gəlirdi. İnanın, çox az dövlət xadimi var ki, onun ən ümdə amalı həm mədəniyyətin, incəsənətin inkişafı olsun. Heydər Əliyev bu mənada da dərin zəka sahibi idi. O, yaxşı bilirdi ki, hər bir xalqın milli xüsusiyyətinin nümayişində, dünya miqyasında tanınmasında mədəniyyət faktoru mühüm rol oynayır. O, hələ sovet Azərbaycanına rəhbərliyi zamanında da bu fikirləri cəsarətlə deyir, xalqın sənət incilərini yaşatmaq üçün əlindən gələni edirdi. Mən ondakı cəsarəti, sənət adamlarına, bütövlükdə xalqına olan məhəbbəti heç kimdə görməmişəm”.

Müsahibim ölkəmizin 90-cı illərin təlatümlü dövrünü, müharibənin ağır yükünü, işğal faktını, iqtisadi çətinlikləri, yeni-yeni dirçəlməyə çalışan müstəqil Azərbaycanı yada saldı: “Heydər Əliyev bu qədər çətinlikləri dəf edərək ölkəmizi, mədəniyyətimizi necə böyük inkişaf yoluna gətirib çıxardı. Bunun səbəbi özünəinam və xalqına sevgisi idi. Onun gəlişi biz sənət adamlarına da yeni ruh verdi. Çətin şəraitdə, az qala məhv olmaq təhlükəsi yaşayan ayrı-ayrı yaradıcılıq istiqamətlərinə, onların təmsilçilərinə köməyini əsirgəmədi. Sənət adamlarına fəxri adlar, təqaüdlər, evlər, mükafatlar verdi. Bununla göstərdi ki, xalqın mədəniyyətini yaşadanlar xalqa da, dövlətimizə də lazımdı. Bu da bizlərə həyat eşqi verdi, işləmək əzmimizi artırdı. Bu diqqətdən mən də nəsibimi aldım. Onun 2002-ci il 11 iyun tarixli sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülən ilk 149 nəfərdən biri də mən oldum. Şükür, indi 94 yaşa çatmışam. O illəri lap dünən kimi xatırlayıram və hər dəfə də belə sevinirəm. Həmin anlar mənim ömrümün ən gözəl çağlarından qalanlardır, axı”.

Həmsöhbətim Heydər Əliyevin rəqs və balet sənətinə diqqətinə də toxundu. Bildirdi ki, Heydər Əliyev bu spesifik incəsənət növündə milli ifaçıların daha çox olmasını istəyirdi və hər dəfə səhnədə azərbaycanlı balet artistlərinin parlaq ifasını görəndə sevinirdi. Eyni zamanda milli rəqs sənətinin inkişafına, bu sahədə peşəkar tədrisə xüsusi qayğı göstərirdi. Heydər Əliyevin təşəbbüsü ilə 80-ci illərin ortalarında Bakı Xoreoqrafiya Məktəbi üçün xüsusi layihə üzrə bina inşa edilməsi də bunun bariz nümunəsi idi.

Roza xanım daha sonra deyir: “Hər dövlət konsertindən sonra səhnə arxasına keçib incəsənət ustalarını təbrik etməsi bizim üçün əsl bayram idi. Çalışırdıq ki, Heydər Əliyev olan konsertdə bir dənə də nöqsan olmasın. Çünki o, bizim üçün dövlət başçısı olmaqla yanaşı, çox yüksək zövqlü, diqqətli tamaşaçı idi...”.

 

Həmidə

Mədəniyyət.- 2023.- 19 aprel.- S.5.