ICESCO Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə müraciət yayıb

 

 

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ərəfəsində təşkilata üzv ölkələrə müraciət edib.

Müraciətdə bu əlamətdar günün İslam aləmində də maddiqeyri-maddi mədəni irsin əhəmiyyətini diqqətə çatdırmaq üçün bir fürsət olduğu vurğulanır. Qeyd edilir ki, ICESCO üzv dövlətlərdə bütün növ mədəni irsin təbliğinin vacibliyini vurğulayır və səylərin tarixi abidələrin və obyektlərin qorunmasına yönəldilməsinə çağırır. Təşkilat bu kontekstdə İslam Dünyası İrs Mərkəzinin yaradılması, üzv dövlətlərdə irs üzrə peşəkarların bacarıqlarının artırılmasına yönəlmiş çoxsaylı təlim sessiyalarının təşkili sahəsində mühüm layihələr həyata keçirib. 2019-cu ildən bəri ICESCO-nun İslam Dünyası İrsi Siyahısına 430-dan çox tarixi yer, görməli məkan və mədəni abidələr daxil edilib.

ICESCO bütün ölkələri, vətəndaş cəmiyyəti təşkilatlarını və özəl sektoru sıx əməkdaşlığa, xüsusən münaqişə bölgələrində İslam dünyasının sivilizasiya və mədəni irsinin qorunması üçün səyləri gücləndirməyə çağırır.

Təşkilat nəsildən-nəslə ötürülən ümumbəşər irsini təmsil edən qiymətli arxeoloji artefaktların qeyri-qanuni ticarətini cinayət hesab edən sərt qanun və qaydaların qəbul edilməsini zəruri hesab edir.

“ICESCO irs obyektlərinin və abidələrin qorunması və mühafizəsi üçün müasir texnologiyasüni intellektdən istifadənin vacibliyini vurğulayır. Təşkilat həmçinin tarixi yerlərin və abidələrin tanıdılması, onların bəşər sivilizasiyasında əhəmiyyəti haqqında məlumatlılığın artırılması məqsədi ilə interaktiv platformaların yaradılmasına çağırır”, – deyə müraciətdə bildirilir.

 

 

Mədəniyyət.- 2023.- 19 aprel.- S.2.