Azərbaycan gəncləri və müasir musiqimiz

 

Üzeyir Hacıbəylinin Ev-Muzeyində sənət söhbəti

 

Aprelin 26-da Üzeyir Hacıbəylinin Ev-Muzeyində “Böyük Qayıdış” Gənclər Təşkilatının Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyiMilli musiqi müsabiqəsi” layihəsi çərçivəsində “Gənclərin müasir musiqimizə münasibəti” mövzusunda tədbir keçirilib.

Muzeyin direktoru Xalq artisti, bəstəkar Sərdar Fərəcov giriş sözündə gənclərə Azərbaycan musiqisinin dünəni və bugünkü vəziyyətindən söhbət açıb, onlara bayağı musiqinin təsiri altına düşməməyi, zövqlərini qeyri-peşəkar şəkildə yaranmış “musiqilərlə” korlamamağı tövsiyə edib. Sərdar Fərəcov royalda Azərbaycanın klassik bəstəkarlarının musiqilərindən nümunələr ifa etməklə gənclərə bayağı musiqi ilə peşəkar musiqinin fərqini nümayiş etdiribonlara bu seçimdə yanılmamağı məsləhət görüb. Beləliklə, o, tədbirdə iştirak edən gənc musiqiçilərə demək olar ki, böyük ustad dərsi keçdi.

Tədbirdə həmçinin Üzeyir Hacıbəylinin ölməz musiqisindən, böyük şairə Xurşidbanu Natəvanın yaradıcılığından, onun əsərlərinin Üzeyir Hacıbəyli musiqisinə təsirindən söhbət açılıb. O da diqqətə çatdırılıb ki, “Milli musiqi müsabiqəsi” layihəsi Natəvanın 190 illiyinə həsr edilib.

Sonra gənclər dinlənilən mövzu ətrafında bəstəkara suallar veriblər. Sərdar Fərəcov suallara ətraflı cavab verərək musiqi sənətimizdəki problemlər və bu sahənin inkişafı üçün zəruri addımlar barədə fikirlərini bölüşüb.

Sonda layihənin rəhbəri Yusif Cəfərbəyli “Böyük Qayıdış” Gənclər Təşkilatı adından tədbirin keçirilməsi üçün yaratdığı şəraitə görə muzey direktoruna təşəkkürünü bildirib.

Tədbirdən sonra gənclər muzeyin ekspozisiya zalları ilə tanış olub, xatirə şəkilləri çəkdiriblər.

 

Mədəniyyət.- 2023.- 28 aprel.- S.5.