Milli mədəniyyətlər kaleydoskopunda ölkəmizdən bəhs olunub

 

Rusiyanın Kurqan vilayətində “Milli mədəniyyətlər kaleydoskopu” layihəsi çərçivəsində Azərbaycana həsr edilmiş tədbir keçirilib. Tədbir German Travnikov adına İncəsənət Muzeyində sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə təşkil olunub.

Azərbaycanlıların Milli-Mədəni Təşkilatının təmsilçiləri, o cümlədən “Odlar yurduKurqan vilayət təşkilatının üzvü Ayaz Yaqubov uşaqlara Azərbaycan haqqında söhbət açıblar. Uşaqlar Azərbaycan suvenirləri hazırlayıb, respublikamızın görməli yerlərini və təbiətini təsvir edən rəsmlər çəkiblər. Onlara milli oyun və rəqslərimiz barədə də məlumat verilib. Sonra tədbirin qonaqları Azərbaycan diasporunun təqdim etdiyi milli şirniyyatların dadına baxıblar.

 Milli mədəniyyətlər kaleydoskopuRusiya Federasiyası Prezident Qrantları Fondunun dəstəyi hesabına həyata keçirilir. Uşaqlar Kurqan vilayəti ərazisində yaşayan on milli azlıqla il ərzində tanış olurlar. Məşğələlərin proqramına bu xalqların mədəniyyəti, adət-ənənələri, folkloru, nağıl və dastan qəhrəmanları ilə tanışlıq aiddir.

 

Mədəniyyət.- 2023.- 1 fevral.- S.8.