Əgər mənə inanmırsansa...

 

Akademik Musiqili Teatr Polad Bülbüloğlunun doğum gününə səhnə hədiyyəsini təqdim etdi

 

 

İnsanın ən ali hissi sevgionun uğrunda mübarizə apara bilməsidir. Bu mənada bəşəri duyğular, Vətən, xalq, millət, insanlıq kimi ali hisslər ilə birlikdə boy verən sənət sevgisinin bir ayrı bənzərsizliyi oluro, bir anda minlərin, milyonların duyğularının ifadəçisinə çevrilir. Beləcə “Mavi gözündə ulduzlar yatarsa da, “Saralsa da son bahar, tökülsə də yarpaqlar” mütləq “Bu yollar səni aparır hara?” sualı ilə baş-başa qalacaqsan və məhz o zaman inanacaqsan ki, sən hisslərini azadə ifadə etməsən belə “Bir zülmət gecə dəniz qaçar...”.

Elə isə olub-olacaqları düşünmədən sən də “Nəğməmin səsidir çiçəklər, güllər, Nəğmə gətirmişəm sizə ay ellər” deyib yaşının bahar ruzigarlı payızında da eşqlə coşub-çağlayan birinə tez-tez “Gəl-gəl deyir şən Azərbaycan” xatırlatması etməkdən çəkinmə. Axı, o, həmişə “Sizin saçlarınıza düzərəm ulduzları” deyə-deyə “Gəl, hardasan arzum-diləyim?” kimi vüsal sevdalı şərqilərlə ürəklərimizin səsinə çevrilib. Çox vaxt bizim yerimizə də hisslərimizin danışan dilinə dönüb.

Odur ki, alqışlarınızla səhnə Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar, bənzərsiz səs sahibi Polad Bülbüloğlunundur. Amma tələsməyək, bu dəfə səhnəyə özündən əvvəl sözü, notlarda dilə gələn duyğuları çıxdı...

Fevralın 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Nəğməmə inan  (libretto və mahnıların mətni – Mixail Şerbaçenko, redaktə – Cavid İmamverdiyev) musiqili komediyasının premyerası oldu.

Musiqi müəllifi Polad Bülbüloğlunun ad gününə ərməğan səhnə əsəri həm də çoxdan klassik musiqili tamaşa üçün darıxan sənətsevərlər üçün hədiyyə idi. Bunu səhnə işinin ilk şəkillərindən cərəyan edən hadisələrə qoşulub aktyorlarla birlikdə nostalji ilə dünənə boylanan tamaşaçıların xəfif təbəssümündən, hansısa xatirənin təzələnməsi ilə çöhrəsini allandıran məsumluğundan da sezmək olardı.

Premyerada səbəbkarı tək qoymayan tamaşaçıları arasında rəsmilər, tanınmış incəsənət xadimləri, bəstəkarın sənət dostları (o cümlədən Rusiyadan təşrif buyurmuş libretto müəllifi) və sözsüz ki, ona dərin sevgi bəsləyib, onun əsərləri ilə duyğularını dilə gətirən hər nəsildən pərəstişkarı vardı.

Səhnə əsərinin quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.

Teatrın rus bölməsində hazırlanan tamaşada baş verənlər dövrümüzə inteqrasiya edilsə də, hər kəs 60-70-ci illərin “qızıl dövr”ünə ani ştrixlərlə də olsa, qayıtmaq imkanı qazandı. Hadisələri zamanımızla əlaqələndirməyə çalışan rejissor yozumuna görə, olanlar Rusiyada, Soçidə keçirilən “Qızıl dalğamusiqi festivalında baş verir. Oyun bütünlükdə yarışmaya qatılan keçmiş sevgililərin yenidən alovlanan məhəbbəti üzərində qurulur. Biz səhnə əsəri vasitəsilə klassik estrada, rok, caz, bluz dövrünün insanları və onların solmayan məhəbbətini görürük. Daha doğrusu, bütün maraqlardan üstün azad hissləri və onun qələbəsini.

Vaxtilə konservatoriyada birlikdə təhsil alan sevgililər – azərbaycanlı gənc bəstəkar Sərvər Səttarov (Əməkdar artist Fərid Əliyev) və artıq populyarlıq qazanmış rus estrada ulduzu Tatyana Voloşina (Əməkdar artist Nərgiz Kərimova) bu müsabiqədə yenidən qarşılaşırlar. Bundan üç il əvvəl də baş tutan musiqi yarışına yenidən qoşulan Sərvər bu dəfə daha inadkar və inamlıdır. Axı, sevgilisindən ayrılandan sonra bütün arzularını, hətta yalvarışlarını, qürurunun susdurduğu etiraflarını da mahnılarına köçürüb. Beləcə, özünün inandığı hisslərinin nəğmə çevrilişinə Tatyananın timsalında hamını inandırmağa çalışır.

Onun bu cəsarət və uğur yolunda yaxşı yol yoldaşı da var. Onunla bir məhəllədə böyüyən bakılı taksi sürücüsü Şahmar Kərimov (Emil Heydərov). Dostuna nisbətdə o, daha əzmkardır. Dostu üçün dondan-dona girir, hətta hiyləyə də əl atır. Xarici bənzərliyindən istifadə edib özünü müsabiqədəkilərə məşhur italyan müğənnisi kimi təqdim etməkdən belə çəkinmir. Təbii ki, məramı safdır: çox istəyir ki, istedadlı musiqiçi dostu qalib olsun. Axı, o həm də tərk edilmiş aşiq, musiqiləri ilə taleyin ümidinə buraxılmış keçmişdə qalan sevgilidir. Hər ikisi yaxşı bilirlər ki, müsabiqəyə Sərvərin sevdiyi qadın da gələcək və hətta qalibola bilər. Axı, münsiflərin üzvü olan məşhur bəstəkarın mahnısını oxuyacaq. Ədalətli müsabiqəyə inanan ikili, xüsusən dostundan başqa bəstəkar tanımayan, bütün dünya ulduzlarını Sərvərdən sönük sayan Şahmar bunun üçün az qala hamı ilə mübarizə aparır.

Tamaşada müasir gəncliyin musiqi zövqünü tənqid edən, əsl musiqinin təbliği üçün durmadan məqalələr yazanjurnalist kimi özünü yalnız işinə sərf edən Vika Petroviç (Mehriban Zalıyeva) da var. O da müsabiqə sayəsində öz sevgisini tapır və taksi sürücüsü Şahmara vurularaq məhəbbətin bütün sərhədləri aşa biləcəyinə həm özünü, həm də bizləri inandırır.

Tamaşada konflikt yaradan obraz da varulduz müğənniyə aşiq rejissor İqor Qudimov (Leonid Klyots). Hər vəchlə aşiqlərə mane olan, ən əsas da Sərvərin müsabiqədən imtina etməsi üçün çalışan, öz maraqları olan biridir.

Rejissorun libretto üzərində dəyişikliyi sayəsində tamaşada izlədiyimiz bir bəstəkar obrazı da varBoris Qrafkin (rejissor onun əsərdəki adını da aktyorun şərəfinə dəyişib və rolun ifaçısı Əməkdar artist Boris Qrafkindir).

İkihissəli musiqili komediyada teatrın orkestr, xorbalet truppalarının artistləri də öz imkanlarını nümayiş etdirməyə çalışırdılar. Beləcə, bizlər kollektiv sayəsində həm həyəcanlı musiqi yarışının, həm də yenidən alovlanan məhəbbət uğrunda mübarizənin şahidinə çevrilə bildik.

Ümumən, hadisələri dövrümüzə gətirməyə çalışan və zaman arasında yaxşı müqayisələrlə sürətli keçidli oyuna nail olan rejissor konkret məkan və dövrdən daha çox insani münasibətləri ön planda saxlayır və bunun sayəsində təbii oyuna nail olur.

Bu məqamda məhdud məkan üzərində çoxfunksiyalı və uğurlu dekorasiya həllinə nail olan quruluşçu rəssamın işini xüsusi qeyd etmək yerinə düşərdi. Biz bir səhnədə gah hava limanı, gah mehmanxana, gah da konsert salonuna çevrilən dekorasiyada əsas ağırlığın monitorlara verildiyini görürük. Bu da yaxşı düşünülmüş formadır. Kino-konsert estetikasının tamaşaya inikası sayəsində orqanik, belə demək mümkünsə, interaktiv  detalçılıqda yorucu olmayan həll önə çıxır. Bu mənada hadisələr fonunda canlı olaraq rejissor partiturasına, daha dəqiqi, konsert-tamaşaya, hətta bir az da irəli getsək, film-tamaşaya baxdıq da deyə bilərik.

Sözsüz ki, ümumi planda qüsurlar da yox deyildidetallara varmadan da bir-iki kəlmə ilə keçmək olar. Məsələn, götürək aktyor-vokalçıların tembri ilə ayaqlaşmağa məcbur olan orkestrin müşayiət zamanı yol verdiyi qüsurları. Balet artistlərinin elementlərdə təkrarçılığı və sinxronluğu pozan nizamsızlığı da ümumi fonda diqqətdən yayınmadı. Buna həyəcandan və yəqin ki, həmaz məşq səbəbindən replikalarının yer və zamanındakı çaşqınlıqları da əlavə edə bilərik.

Nəticə olaraq demək olar ki, tamaşaçı bakılı oğlanların enerji və səmimiyyətini baş qəhrəmandan daha çox Şahmarda gördü. Vokal partiyasının qısa olmasına rəğmən İqorun (aktyoru bu teatrın səhnəsində kəşf etdik də deyə bilərik) daha aydın və açıq tembri inanılmaz təsirdə idi. Sözsüz ki, Tatyana energetikası ilə səsi üzərində hakimiyyətini sonadək qoruya bildi. Tamaşanın yaşına inad fizikitexniki baxımdan ən oynaq ifaçısı, sözsüz ki, 86 yaşlı Boris Qrafkin idi.

Ümumən, tamaşa ilk izləyicilərin – premyeraya toplaşanların sürəkli alqışını qazana bildi.

Ardınca səhnə eyham-vəd olunduğu kimi əsas qəhrəmana – Polad Bülbüloğluna verildi.

Onu tamaşa ilə təbrik edən yaradıcı heyətə və tamaşaçılara təşəkkürünü ondan gözlənilən ən böyük hədiyyə ilə – mahnıları ilə edən bəstəkar əvvəlcə “Nəğməmə inandedi. Sonra da gecənin qoynuna atılanlar üçün “Gəl, ey səhər” deyib yubiley konsertində bir daha hər kəslə görüşmək arzusu ilə səhnədən endi...

 

Həmidə Nizamiqızı

Mədəniyyət.- 2023.- 8 fevral.- S.5.