“Azərbaycanın görkəmli şəxsiyyətləri xatirə medallarında”

 

 

Milli Azərbaycan Tarixi Muzeyinin “Azərbaycanın görkəmli şəxsiyyətləri xatirə medallarında” adlı kataloqu nəşr olunub.

Kataloqun elmi redaktoru muzeyin icraçı direktoru dosent Fərhad Cabbarov, müəllifi Köməkçi tarixi fənn materialları fondunun müdiri dosent Sənubər Qasımovadır.

Xatirə medalları tarixi yaddaşı qoruyan, tarixi hadisələri metal salnamədə əks etdirən qiymətli mənbədir. Tanınmış şairlərin, yazıçıların, alimlərin, siyasətçilərin, bəstəkarların, rəssamların yubileylərinə həsr olunan medallar mütəxəssislər (medalyerlər) tərəfindən yüksək ustalıqla ərsəyə gətirilən incəsənət nümunələridir.

Kataloqda muzeyin Köməkçi tarixi fənn materialları fondunun zəngin kolleksiyasında qorunan xatirə medalları təqdim edilir. Qeyd olunur ki, XX əsrin ikinci yarısında portret janrı medalyer sənətində əsas yer tuturdu. İlk vaxtlarda portretlər üzərində işləyərkən ənənəvi akademik yapma üslubuna üstünlük verilirdi. Tanınmış şəxsiyyətlərin portretlərini yaradan medalyerlər Şərq incəsənətinə xas olan motivlərdən yararlanaraq, personajların mənəvi dünyasını dərindən, bütün incəlikləri ilə verməyi bacarıblar.

 

Mədəniyyət.- 2023.- 15 fevral.- S.7.