Azərbaycanın ürəyi Türkiyə ilə döyünür

 

 

Azərbaycanın ürəyi Türkiyə ilə döyünür. Kimin gücü nəyə çatırsa, kömək etməyə, dəstək olmağa çalışır.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bu sözləri fevralın 14-də keçirilən brifinqdə deyib.

Hər bir azərbaycanlıya təşəkkürünü bildirən Cahit Bağcı qeyd edib ki, ötən ağır həftə ərzində Azərbaycan Türkiyənin yanında oldu, lazımi dəstəyini göstərdi və göstərməkdə davam edir. Qardaş Azərbaycanın dəstəyi bizim üçün çox dəyərlidir. Bütün vətəndaşlara, Heydər Əliyev Fonduna, aidiyyəti dövlət qurumlarına, sahibkarlara təşəkkür edirik.

Səfir diqqətə çatdırıb ki, fevralın 6-dan 14-dək Azərbaycandan Türkiyəyə 5600-dən çox çadır, 25 min adyal, 1300-ə yaxın generator, 6200-dən çox qızdırıcı göndərilib, 737 ton ərzaq və sair yardım edilib.

Xüsusilə Fövqəladə Hallar Nazirliyi və Müdafiə Nazirliyi bütün imkanlarını səfərbər edib. Zəlzələ bölgəsinə ilk çadır və qızdırıcı dəstləri Azərbaycandan göndərilib.

Azərbaycanın öz xəstəxanalarını yaralılar üçün təklif etdiyini xatırladan səfir Türkiyənin və Azərbaycanın şad gündə də, ağrılı gündə də bir yerdə olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə 11 fevral tarixində yola salınmış Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımını aparan 9 yük avtomobilindən ibarət üçüncü karvan 14 fevralda qardaş ölkəyə çatıb. Kahramanmaraş rayonuna gələn çadır və qızdırıcılardan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.

Azərbaycan əlindəki bütün yük təyyarələrini Türkiyəyə humanitar yardımların daşınması üçün səfərbər edib.

Bunu isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 14-də Ankarada liviyalı həmkarı ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, fərqli ölkələrdən karqo təyyarələri ölkəmizə göndərilir. Fevralın 13-dək müxtəlif ölkələrdən 24 minə yaxın çadır ölkəmizə çatıb: “Bu gün içində daha 9000 çadır xaricdən ölkəmizə gətiriləcək...”.

 

Mədəniyyət.- 2023.- 15 fevral.- S.1;2.