Türkiyə yaralarını sarımağa başlayır...

 

Fevralın 6-da ard-arda zəlzələlərlə sarsılan və tarixinin ən böyük fəlakətini yaşayan Türkiyə qardaş və tərəfdaş ölkələrin də yardımı ilə yaralarını sarımağa başlayır. Ölkədə elan edilən yeddigünlük milli yas fevralın 12-də başa çatdı.

Fevralın 14-də açıqlanan məlumata görə, zəlzələdən ötən doqquz gündə dağıntılar altından 35 mindən çox insanın cansız bədəni çıxarılıb.

Əsrin fəlakəti nəticəsində həlak olanların sayı 35 min 418 nəfərə çatıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib. Dövlət başçısı bildirib ki, zəlzələ nəticəsində yaralananların sayı 105 mindən çoxdur.

Təbii fəlakətdən zərər çəkən 200 minədək insan digər vilayətlərə təxliyə olunub.

Fəlakət zonasında 6500-ə yaxın bina dağılıb. Ümumilikdə isə zəlzələnin vurduğu 10 vilayətdə ümumilikdə 40 minə yaxın binanın qəzalı vəziyyətə düşdüyü və söküləcəyi bildirilir.

Qaziantep vilayətinin Nurdağı rayonu (ilçə) zəlzələdə xüsusilə böyük dağıntılara məruz qaldığı üçün tamamilə söküləcək. Bu barədə Nurdağıda axtarış-xilasetmə işlərinə nəzarət edən Şırnak valisi Osman Bilgin məlumat verib.

Axtarış-xilasetmə əməliyyatları isə fəlakətin 9-cu günündə də davam edib. Qaziantepdə binanın dağıntıları altında qalan 40 yaşlı qadın 170 saat sonra xilas edilib. 178 saat sonra Adıyamanda 4 yaşında qız uşağı dağıntılar altından çıxarılıb. Kahramanmaraşda 10 yaşlı qız zəlzələdən 185 saat sonra xilas edilib. 198 saat sonra vilayətin Dulkadiroğlu rayonunda yaşayış binasının dağıntılarından 17 və 21 yaşlı iki qardaş qurtarılıb. Kahramanmaraşda zəlzələdən 205 saat sonra dağıntılar altından 35 yaşlı qadın sağ çıxarılıb.

Amma artıq ümidlər tükənir. Bir sıra ölkələrdən gəlmiş xilasedici komandalar artıq geri dönüblər.

Hazırda zəlzələnin fəsadlarının aradan qaldırılması üçün ümumilikdə ərazidə 233 mindən çox şəxsi heyət çalışır. “Anadoluagentliyinin məlumatına görə, fəlakət zonasına 12 mindən çox texnika, 70 təyyarə, 24 gəmi cəlb olunub.

 

Mədəniyyət.- 2023.- 15 fevral.- S.1.