Respublika Uşaq Kitabxanasına şagirdlərin ekskursiyası

 

Böyük maarifçi, pedaqoq, ədəbiyyatşünas, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi F.Köçərlinin (1863-1920) anadan olmasının 160 illiyi münasibətilə 23, 25, 28, 234, 322 saylı məktəblərin və “Hədəf” liseyi şagirdlərinin Respublika Uşaq Kitabxanasına ekskursiyası təşkil olunub.

Kitabxana əməkdaşları məktəbliləri kitabxana ilə yaxından tanış edib, yeni texnologiyaların tətbiqi, oxucuların dünyagörüşünün zənginləşməsində kitabların müstəsna rolundan bəhs edib.

Diqqətə çatdırılıb ki, Firidun bəy Köçərlinin uşaq folklorunun toplanılması sahəsində müstəsna xidmətləri var. Ədibin “Balalara hədiyyə” kitabı uşaq folklorunun toplanılıb nəşr etdirilməsi yolunda atılmış ilk böyük addım olub. Azərbaycan folklorunun ilk antologiyası olanBalalara hədiyyə” kitabı uşaqların dünyagörüşünün formalaşmasında, həyat və təbiət haqqında təsəvvürlərinin yaradılmasında mühüm rol oynayıb.

Firidun bəy Köçərlinin həyat və yaradıcılığı, onun yolunu davam etdirən ömür-gün yoldaşı Badisəba xanımın fəaliyyəti və Bakıda, Şəkidə internat məktəblərinin açılmasında rolundan bəhs edən sənədli film nümayiş olunub.

 

Mədəniyyət.- 2023.- 17 fevral.- S.3.