Teatr Muzeyi yubileylər ilini müxtəlif tədbir və layihələrlə qeyd edəcək

 

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi milli səhnə sənətimizə dair materialların toplanması, mühafizəsi və nümayişi ilə yanaşı, peşəkar teatr tariximizin təbliği işini də həyata keçirir. Peşəkar milli teatrımızın 150 illik yubileyi bu muzey üçün də əlamətdar hadisədir və yubiley müxtəlif tədbir və layihələrlə qeyd olunacaq.

Bu barədə məlumat verən muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova bildirib ki, bu il Xalq artistləri Rafiq Əzimovun 85, Hökümə Qurbanovanın 110, Hamlet Qurbanovun 85 illik yubileyləri qeyd olunacaq.

Muzey TÜRKSOY-un Ankaradakı iqamətgahında Azərbaycan teatrının 150 illiyi ilə bağlı keçirilməsi nəzərdə tutulan tədbirə peşəkar səhnə sənətimizlə bağlı eksponatlar əsasında hazırlanmış videoçarx və sərgi ilə qatılacaq.

Direktor bildirib ki, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İlielan edilməsi ilə bağlı tədbirlər də nəzərdə tutulub: Ulu öndər Heydər Əliyev Azərbaycanda bütün sahələrə, o cümlədən mədəniyyətin inkişafına hər zaman böyük diqqət və qayğı göstərib. İl ərzində görəcəyimiz bütün işlər hər iki mühüm yubileyi əhatə edəcək”.

Direktor qeyd edib ki, muzeydə 140 mindən artıq eksponat toplanıb. Milli səhnə tariximizə, korifey sənətkarların həyat və yaradıcılığına dair elmi tədqiqat əsərlərinin, monoqrafiya və oçerklərin yazılmasında bu zəngin fonddan geniş istifadə olunur. Mədəniyyət və incəsənətimizlə bağlı televiziya və mətbuatımızın hazırladığı buraxılışlar, sənədli filmlər bizim eksponatlar əsasında ərsəyə gəlir. Tədqiqatçılar sırasında hətta xarici ölkələrdə yaşayan və Azərbaycan mədəniyyətini araşdıranlar da var.

Muzey xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən bir sıra səfirliklərinə də lazımi fond materialları ilə köməklik göstərir. Bu yaxınlarda Qırğızıstan və Yunanıstan səfirliklərinin müraciətlərinə müsbət cavab verilib. Muzey Rusiyanın bir sıra muzeylərinə vaxtilə Azərbaycanın teatr səhnəsində çalışmış rus mənşəli sənətkarlarla bağlı məlumatların araşdırılmasında yardımçı olub.

“Ölkəmizdə yaradılan bir sıra muzeylərin, o cümlədən Dağ Yəhudilərinin Tarix Muzeyinin ekspozisiyasının qurulmasında da tarixi sənədlərlə iştirak etmişik. Odur ki, Azərbaycan Dövlət Teatr Muzeyi yalnız özünün ekspozisiyası ilə deyil, fondlarında qorunan digər eksponatları ilə də teatr tariximizə ən yaxşı bələdçidir”, – deyə Sevinc Mikayılova bildirib.

 

Mədəniyyət.- 2023.- 17 fevral.- S.3.