Sündü mağaraları

 

Ermənilərin 1918-ci ildə törətdiyi qırğınlar zamanı yerli sakinlər bu mağaralara sığınıb

 

Qobustan rayonunun 16 kilometr şimal-qərbində, əkin sahələrindən ibarət münbit yaylaların qoynunda yerləşən Sündü kəndinin qədim tarixi var. Buradakı mağaralar isə kəndin qədimliyinin də, əzəmətinin də miqyasını böyüdür. Yay aylarında bu mağaralara üz tutaraq ocaq qalayıb süfrə açan, gətirdikləri azuqələrlə bəşər tarixinin ilk dövrlərinə səyahət etməyə çalışanlar az deyil.

Sündü kənd sakini Gülrza Nəhmətov deyir ki, burada ilin bütün fəsillərində, əsasən də yay aylarında turistləri görmək mümkündür. Kəndə gələn qonaqlar daha çox mağaralarla maraqlanırlar.

Heyrətamiz qayalar üzərində yerləşən mağaralar iç-içə oyma otaqlardan ibarət qədim yaşayış məskənləri olub, o dövrün insanlarının həyat tərzi, yaşamı, ev mədəniyyəti ilə bağlı müəyyən fikirlər yaradır. Təbiət hadisələrinin təsirindən mağaraların bəzilərində aşınmalar olub. Kənd ərazisində bir, ikiüç otaqlı olmaqla əcdadlarımızın qədim yaşayış məskənləri olan 14 belə mağara mövcuddur.

Sündüdə az qala hər daş, hər qarış bir tarixdir. Kənddə Sasani hücumlarının, Xəzər-Hun basqınlarının, ölkə daxili feodal müharibələrinin də izləri görünür.

Buradakı mağaralar həm də milli faciələrimizin şahididir. Yerli sakinlər ermənilərin 1918-ci ilin mart-aprel aylarında törətdiyi misli görünməmiş qırğınlar zamanı bu mağaralardan sığınacaq kimi istifadə ediblər. Erməni-daşnak qüvvələri kənddəki 433 evdən 198-ni yandırıb, canını qurtarmağa fürsət tapmayan 295 nəfəri qətlə yetiriblər. Əlacsız qalan kəndin əli silah tutan sakinləri uşaqları, qadınları, qocaları mağaralara yerləşdirməklə yurdlarının müdafiəsinə qalxıblar. Bir sözlə, bu mağaralar soydaşlarımızın erməni vəhşiliyindən qorunmasında müstəsna rol oynayıb.

Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli hesab edir ki, mağaralarda arxeoloji tədqiqatların aparılmasına ehtiyac var: “İstər Nərimankənd mağaraları olsun, istər Diribaba türbəsinin ətrafındakı mağaralar, istərsə də Sündü mağaraları – bunlar arxeoloji baxımdan tam öyrənilməyib. 1920-1930-cu illərin hesabatlarında bu barədə məlumatlar yer alıb. Ona görə də burada ətraflı tədqiqatlar aparmaq lazımdır”.

 

Mədəniyyət.- 2023.- 22 fevral.- S.4.