Qırğızıstan Xoreoqrafiya Məktəbinin direktoru BXA-da

 

Qırğızıstan Xoreoqrafiya Məktəbinin direktoru Erik Latıpov və məktəbin müəllimi, “Şattık” rəqs ansamblının rəhbəri Sırğa Latıpova Bakı Xoreoqrafiya Akademiyasında (BXA) olublar.

BXA-nın rəhbərliyi ilə görüşdə peşəkar kadrların hazırlanması, akademiyada mövcud fənlərin tədris metodikası, digər ölkələrin xoreoqrafiya təhsili sistemindən yararlanaraq aparılan təcrübə mübadiləsi və digər mövzulara toxunulub.

Qonaqlar akademiya ilə tanış olub, tədris prosesini izləyiblər. Dərs zamanı xalq rəqslərimizin qədim nümunələrindən olan “Azərbaycan”, “Qaytağı”, “İncəlik”, “Məzəli rəqs”, “Ağçiçək”, “Turacı”, habelə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından variasiyalar, “İgidlər” və “Çomaqla rəqs” tələbələr tərəfindən nümayiş etdirilib.

 

Mədəniyyət.- 2023.- 2 iyun.- S.2.