Tanınmış xalçaçı Zəhra Əliyeva vəfat edib

 

 

Əməkdar mədəniyyət işçisi, tanınmış xalça ustası, xalça toxuculuğunun mahir bilicisi Zəhra Əliyeva dünyasını dəyişib.

Zəhra Gülbala qızı Əliyeva 1950-ci il sentyabrın 17-də Bakı şəhərində toxucu ailəsində anadan olub. Kiçik yaşlarından xalça toxuculuğuna maraq göstərib, 1967-1968-ci illərdə paytaxtın Bakıxanov qəsəbəsindəki 84 saylı Texniki peşə məktəbində toxuculuq üzrə təhsil alıb. Görkəmli xalçaçı alim Lətif Kərimovdan sənətin sirlərini öyrənib. Onun dəvəti ilə 1969-cu ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) Dekorativ-tətbiqi sənət kafedrasının xalça bölməsində tədris ustası kimi fəaliyyətə başlayıb.

Zəhra Əliyevanın Qarabağın "balıq" çeşnisi üzrə toxuduğu xalça 1968-ci ildə Moskvada Ümumdünya Gənclər Sərgisində I yerə layiq görülüb. O, institutda eyni zamanda L.Kərimovun eskizləri əsasında İ.Nəsimi, M.Füzuli, M.P.Vaqif, H.Cavid, M.Keldış, R.İsmayılov, Ş.Mehdiyev, V.Tereşkova və başqalarının portret xalçaları ilə yanaşı, çox sayda ornamental xalça toxuyub.

Xovluxovsuz xalçaların toxunma texnikalarını mükəmməl bilən Zəhra Əliyeva 1997-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Xalça Muzeyində çalışıb,  muzey toxucularına ənənəvi və unudulmaqda olan xalça texnologiyalarını öyrədib. O, 2001-ci ildən eyni zamanda Azərbaycan Rəssamlıq Akademiyasının Dekorativ-tətbiqi sənət fakültəsində xalça texnologiyasından dərs deyib.

2005-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən "İslam ölkələrində turizm və ənənəvi əl sənətkarlığı" üzrə I Beynəlxalq konfrans çərçivəsində təşkil edilən sərgidə Zəhra Əliyevanın toxuduğu "Dəvə karvanı" xalçası birinci yerə layiq görülüb. Sənətkarın toxuduğu xalçalar ölkəmizdə və xaricdə şəxsi kolleksiyalarda qorunur.

Azərbaycan milli xalça sənətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilən sənətkar dövlət başçısının sərəncamı ilə 2011-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. 

Ömrünü milli xalça sənətinin yaşadılmasına, inkişafına və təbliğinə həsr edən Zəhra Əliyevanın xatirəsi həmkarları və yetirmələrinin qəlbində yaşayacaq.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2023.- 2 iyun.- S.6.