Azərbaycan-Özbəkistan Dostluq muzeyi yaradılıb

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan-Özbəkistan Dostluq muzeyinin açılışı keçirilib.

Tədbir iştirakçıları əvvəlcə AMM-in önündə Heydər Əliyevin büstünün qarşısına gül-çiçək dəstələri qoyublar. Sonra açılış lenti kəsilib, qonaqlar muzeylə tanış olublar.

AMM-in direktoru Samir Abbasov muzey haqqında məlumat verib, xalqlarımız, dövlətlərimiz arasında tarixi dostluq və qardaşlıq əlaqələri barədə danışıb. Ulu öndər Heydər Əliyevin ölkələrimiz arasında dostluq və əməkdaşlığın qurulmasında müstəsna xidmətləri olduğunu qeyd edən AMM-in direktoru məhz bu səbəbdən muzeyin açılışının Azərbaycan xalqının Ümummilli liderinin 100 illik yubileyinə həsr edildiyini vurğulayıb. Deyib ki, muzeydə Azərbaycan və Özbəkistanın tarixi dostluğu, ümumi dəyərlərimiz, dövlət rəmzlərimiz, xəritələr, milli mədəni irsimiz, xalqlarımızın yaxınlığını əks etdirən guşələr, eksponatlar, maketlər və nəşrlər yer alıb.

Özbəkistanın millət vəkili Gülbahar Səidqəniyeva Azərbaycan və özbək xalqları arasında tarixi dostluğun bu gün intibah dövrünü yaşadığını söyləyib.

Özbəkistan Nazirlər Kabineti yanında Beynəlxalq Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin sədr müavini Azamat Toşov ölkələrimizin çoxmillətli və çoxmədəniyyətli olduğunu qeyd edərək insanların qarşılıqlı hörmət, dinc, mehribanlıq və tolerantlıq prinsipi ilə yaşamasından fəxrlə söz açıb.  O, muzeydə Özbəkistanda tanınmış azərbaycanlıların büstlərinin qoyulması, onlara dair xüsusi bölümün yaradılmasını təqdirəlayiq hal kimi dəyərləndirib.

Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Gülçöhrə Rixsiyeva Şerzodxan Qudratxoca yeni açılan muzeyin iki qardaş xalq arasında qədim dövrdən başlayan mədəni-ədəbi əlaqələrin, dostluq münasibətlərinin, çoxsaylı ortaq dəyərlərimizin, adət-ənənlərimizin əyani vəsaitlərlə, unikal eksponatlarla və guşələrlə nümayiş etdirdiyini bildiriblər.

Özbəkistan Dövlət Tarix Muzeyinin direktoru Cənnət İsmayılova yüksək muzeyşünaslıq zövqü və yaradıcılıq şövqü ilə qurulmuş muzeyin bir model kimi gələcəkdə yeni muzeylərin yaradılmasında tətbiq edilməsinin faydalı olacağını qeyd edib.

Qeyd edək ki, muzeydə iki ölkənin prezidentləri İlham Əliyevin və Şavkat Mirziyoyevin görüşləri, onların xalqlarımızın tarixi dostluq və qardaşlığı haqqında fikirləri, Azərbaycanın 2020-ci ilin Vətən müharibəsindəki Zəfərini əks etdirən fotolardan ibarət stendlər qurulub. Muzeydə iki xalqın ortaq dəyərlərini, mədəni irsini əks etdirən stendlər, guşələr, maketlər, geyimlər, milli musiqi alətlərimiz və digər eksponatlar sərgilənir. “Özbəkistanda tanınmış azərbaycanlılar” bölməsində qardaş ölkənin ictimai-mədəni həyatında fəal iştirak etmiş Seyid Rza Əlizadə, şairlər Maqsud Şeyxzadə, İxtiyar Rza, dövlət xadimi Aydın Əzimbəyov, heykəltəraş Eynulla Əliyev, rəssam Yusif Hüseynovun büstləri, onların əsərləri və şəxsi əşyaları təqdim olunur.

 

Mədəniyyət.- 2023.- 3 mart.- S.3.