Yerlərdə “Heydər Əliyev İli” tədbirləri davam edir

 

Müsabiqələr, konfrans və sərgilər...

 

Sabirabad rayon Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəbliləri arasında “Heydər ata, Heydər baba!” adlı şeir qiraəti müsabiqəsi keçirilib. Müsabiqənin məqsədi həyatını xalqına həsr edən dahi şəxsiyyətin Azərbaycan tarixində dərin iz buraxan siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətini gənc nəslə aşılamaqdır. Müsabiqədə qalib gələn şagirdlərə mərkəz tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.

Saatlı şəhər Bülbül adına Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə keçirilən “Azərbaycanın sönməz günəşi” adlı tədbirdə şagirdlərin ifasında musiqilər səsləndirilib, Ümummilli liderə həsr olunmuş şeirlər qiraət edilib.

Saatlı rayon Mədəniyyət Mərkəzinin Novruzlu kənd Diyarşünaslıq klubunda “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib. Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına həmişə diqqət və qayğı göstərdiyi vurğulanıb. Qeyd olunub ki, Ulu öndər həmişə xalqın mədəni dəyərlərini, milli sərvətlərini qorumaq üçün mübarizə aparıb.

***

Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Ölməzlik qazanan şəxsiyyət” adlı tədbir keçirilib. Çıxış edənlər Ulu öndərin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən, ordu quruculuğundan danışıblar. Həmçinin mərkəzin fəaliyyəti və “Heydər Əliyev İli” çərçivəsində həyata keçiriləcək layihələrdən söz açılıb. Sonda tədbir iştirakçıları mərkəzdə təşkil olunan sərgilərlə tanış olublar.

***

Ağdam rayon Heydər Əliyev Mərkəzində (Quzanlı qəsəbəsi) rayon 91 saylı köçkün tam orta məktəbin şagirdləri ilə birgə tədbir təşkil edilib. Əvvəlcə şagirdlərə Ulu öndərin həyatı və siyasi fəaliyyəti haqqında məlumat verilib. Daha sonra Heydər Əliyev haqqında film nümayiş etdirilib.

Mərkəzdə həmçinin “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib. Konfransda rayon rəsmiləri, ziyalılar, elm adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Ağstafa rayon Mədəniyyət Mərkəzində “Milli mədəniyyətimizdə Heydər Əliyev ideologiyası” mövzusunda tədbir keçirilib. Çıxışlarda Ümummilli liderin musiqi, teatr, kino, heykəltəraşlıq və rəssamlıq, o cümlədən xalça sənətimizin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs olunub. Bədii hissədə Ağstafa rayon Uşaq musiqi məktəbinin kollektivi vaxtilə Heydər Əliyevin sevdiyi mahnılardan ibarət konsert proqramı təqdim edib.

***

Salyan Dövlət Rəsm Qalereyasında Ulu öndərin 100 illiyinə həsr olunan rəsm sərgisi təşkil edilib. Salyan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən tədbirdə rayon Mədəniyyət Mərkəzinin 2 saylı şəhər klubu, “Murad” Əlillər İctimai Birliyi, Uşaq İnkişaf Mərkəzi və Mərkəzi Kitabxananın da təqdim etdiyi dekorativ-tətbiqi sənət nümunələri, xalçaçılıq, toxumaUlu öndərə həsr olunan kitablar nümayiş etdirilib. Sərgidə əl işləri və rəsmləri ilə fərqlənən iştirakçılar fəxri fərmanlarla mükafatlandırılıb.

***

Naftalan şəhər Heydər Əliyev Mərkəzində şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Sən elə bir zirvəsən” adlı şeir qiraəti müsabiqəsi keçirilib. Müsabiqədə Naftalan şəhərindəki tam orta məktəblərin VI-XI sinif şagirdləri iştirak ediblər. Müsabiqənin məqsədi Heydər Əliyevin Azərbaycan tarixinə əbədi həkk olunan zəngin fəaliyyətini gənc nəslə aşılamaqdır.

 

Mədəniyyət.- 2023.- 29 mart.- S.4.