“Sabah”dan başlayan dünən...

 

Niyə dünən? Çünki hər sabah dünənin təəssürat və təyinindən sonra başlayır. Əgər orada ənənə, bağlılıq, sevgi və mütləq bir ehtiram varsa. Bu mənada, əksəriyyətimizə görə 30 il öncə açılan “Sabah”ın da qayəsində məhz o təsnifatlar vardı. Belə olmasaydı, bir igidin ömrünü yaşayıb, qəhrəman kimi özündən sonra böyük yol, iz salmazdı...

Bu fikirlər martın 27-də Beynəlxalq Teatr Günü münasibətilə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində təşkil olunan “Sabah”: Azərbaycan teleməkanında üzən ada” adlı tədbirdə səsləndirildi.

Tanınmış televiziya rejissoru Xalq artisti Ramiz Həsənoğlunun rəhbərlik etdiyi “Sabah” yaradıcılıq studiyasının 30 illik yubileyinə həsr olunan tədbirdə buya digər şəkildə yolu dünən və elə bu gün “Sabah”la kəsişən sənət adamları iştirak edirdi.

Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova tədbiri açaraq “Sabah”ın yaranma tarixi barədə məlumat verdi.

Teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə studiyanın mədəniyyətimiz, televiziya tariximiz üçün önəmli addımlarını qeyd etdi, dövr üçün cəsarətli hesab olunan işlərini sadaladı.

Səmimi ortamda keçən tədbirdə “Sabah”ın sənət emalatxanasından studiyaya qədər yüksəlməsində böyük xidmətləri olan Ramiz Həsənoğlu və yaradıcı heyət, zaman-zaman “Sabah”dan boylanan insanlar – dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli, Əməkdar artistlər Elxan Qasımov, Sənubər İsgəndərli, studiyanın veteranı, operator, Əməkdar mədəniyyət işçisi Eldar Məmmədov və başqaları çıxış edərək təbriklərini çatdırdılar, xatirələrini bölüşdülər.

Tədbir çərçivəsində muzey əməkdaşları tərəfindən hazırlanmış və studiyanın yaradıcılıq yolunu əks etdirən videoçarxlar, tamaşa və filmlərdən fraqmentlər də nümayiş olundu. Həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Xalq artistləri Afaq Bəşirqızı və Cahangir Novruzovun virtual təbrikləri təqdim edildi.

Xalq şairi Ramiz Rövşənin “Sabah”ın yaradıcısına həsr etdiyi şeirdən “Sənin boyun ucadı, bax, gör, sabahdavar”a istinad etsək, R.Həsənoğlunun yaradıcı proseslərin sonrakı gedişatını görmək kimi bir gücə malik olduğunu deyə bilərik. Təsadüfi deyil ki, R.Həsənoğlu və “Sabah”ının istehsal etdiyi ekran əsərlərinin hər biri bir teleteatr, sənət məktəbi funksiyasını yerinə yetirə bildi. Özü də mürəkkəb zamanda – 90-cı illərdə – təlatümlü dövrdə.

Zamanın insanı və yaradıcılığı sınadığı keçidlər fırtınasında zühur edən studiya emalatxana rolunu oynasa da, əslində, həm də teatr məktəbi funksiyasını yerinə yetirən bir ocağa çevrildi. Görün oradan kimlər keçdi...

Ruhumuzu, ovqatımızı daim yaxşı hala kökləyən, qoyduğu hər mövzuda, ekran ömrü verdiyi hər işdə klassikadan müasirliyə, keçmişdən gələcəyə vahid xətt cızan “Sabah” və onun yükünü daşıyan fərqli ruh və düşüncəyə malik “Sabah”lılar istedadlı, iddialı və peşəkar adamları bir araya yığmaqla nümunə, gələcək üçün əbədi miras işlərə imza atıblar.

Bu mənada Ə.Haqverdiyevin hekayələri əsasında ərsəyə gələn “Ac həriflər” ilə özünün yaşam haqqını isbat edən studiya bundan sonra, heç nə çəkməsə belə, artıq silinməz bir iz qoymağa nail olub.

Ramiz Rövşənin “Ac həriflər” tamaşasının şeir partiturasına yazdığı

 

Allah bizim Allahdı,

Keçər günahımızdan.

Allah bizi saxlasın

Hələ sabahımızdan.

 

– misralarından çıxış edərək demək olar ki, bizi tamaşaçı kimi sabahın qarmaqarışıq ovqatına ustalıqla, ruhumuz belə incimədən indidən kökləyən “Sabah” bu günöz ampluasındadır.

Məlumat üçün bildirək ki, hazırda “Azərbaycan TeleviziyaRadio Verilişləri” QSC-nin nəzdində fəaliyyətini davam etdirən “Sabah” yaradıcılıq studiyası Ramiz Həsənoğlunun təşəbbüsü ilə 15 fevral 1993-cü ildə fəaliyyətə başlayıb. Studiya əsas etibarilə, televiziya tamaşaları, film-tamaşalar, bədii və sənədli televiziya filmləri, konsertşou-proqramlar hazırlayır. Fəaliyyətə başladığı ilk 10 ildə 26 televiziya tamaşası hazırlayan studiyanın istehsalı olan “Ac həriflər” televiziya tamaşası “Humay” milli mükafatına layiq görülüb.

1993-cü ildən 2019-cu ilə qədər “Sabah”da müxtəlif müəllif və rejissorların 40-a yaxın ekran işi ərsəyə gətirilib. 2019-cu ildə yenidən aktiv fəaliyyətə başlayan studiya “Zəng”, “Sonuncu”, “Son gecə”, “Yağlı boya ilə ailə portreti”, “Ocaq yeri”, “Televizor” və s. bədii televiziya filmlərini istehsal edib.

R.Həsənoğlunun ideya müəllifi olduğu “Yad et məni” silsilə layihəsi çərçivəsində görkəmli şəxsiyyətlər haqqında da bədii-sənədli filmlər davamlı olaraq çəkilir. Həmçinin “Ustad sözü” silsilə verilişi də “Sabah”ın istehsalıdır.

Deməli, bütün hallarda “Sabah”la sabah maraqlı və baxımlı olacaqsa, gözləməyə dəyər. Axı onun başında dünəndə dayanıb qalmayan, gələcəyə baxıb “Sabah”ı quran boyu da, fikir və ideyaları da uca Ramiz Həsənoğlu dayanır...

 

Həmidə Nizamiqızı

Mədəniyyət.- 2023.- 29 mart.- S.5.