Ulu öndərin tövsiyələrinə bu günmusiqiçi kimi əməl edirəm”

 

 

Yaponiyada yaşayan azərbaycanlı pianoçu Gülnarə Səfərova müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, musiqiçi 1995-ci ilin martında Türkmənistanda keçirilmiş beynəlxalq müsabiqədə Azərbaycanı təmsil etdiyini deyib. Qeyd edib ki, müsabiqədə III yeri tutaraq laureat kimi Bakıya qayıtdıqdan sonra daha bir qürurverici hadisə yaşayıb. 1995-ci il aprelin 8-də Bakı Musiqi Akademiyasında Azərbaycan Prezidenti Heydər Əliyevin beynəlxalq müsabiqələrin qalibləri ilə görüşü keçirilib.

Ümummilli lider qalibləri təbrik edərək deyib: “Çox sevindirici haldır ki, Azərbaycanın böyük tarixə malik olan incəsənəti, musiqi sənəti hər il yeni istedadlar yetişdirir. Bu, xalqımızın mədəniyyətinin, incəsənətinin zənginliyini nümayiş etdirir. Eyni zamanda xalqımızın içində böyük, fitri istedadlı insanların daim olmasını, yaşamasını göstərir. XX əsrdə mədəniyyətimiz yeni bir inkişaf mərhələsi keçib. Xüsusən incəsənətimizin böyük bir sahəsi olan musiqidə professional musiqi yaranıb. Bu sahədə də şübhəsiz ki, dünya miqyasında yüksək zirvələrə çatmış professional musiqi nümunələrindən istifadə edən, eyni zamanda fitri istedada malik olan şəxsiyyətlərimiz tərəfindən böyük bir məktəb yaradılmışdır. Əsasını mərhum Üzeyir Hacıbəylinin qoyduğu böyük bir məktəb. Bu məktəb əsrin əvvəlində yaranıb. İndi, XX əsrin axırlarında biz bu məktəbin nə qədər böyük yol keçdiyini, eyni zamanda xalqımız üçün nə qədər faydalı olduğunu, onun hörmətini, şərəfini nə qədər yüksəklərə qaldırdığını və xalqımızın ümumi mədəniyyətinə necə böyük təsir etdiyini görürükbunun şahidiyik”.

Gülnarə Səfərova qeyd edib ki, görüş zamanı Heydər Əliyevin səsləndirdiyi fikirlər onun incəsənət adamlarına və ümumilikdə Azərbaycan mədəniyyətinə bəslədiyi həssas münasibətin, qayğının təzahürü idi.

Ulu öndər Heydər Əliyevlə görüş zamanı fortepianoda ifa etdiyini də xatırlayan Gülnarə Səfərova deyib: “Ulu öndər təbrik zaman mənimlə ifa etdiyim əsər haqqında da danışdı. Onun klassik janrda yaradılan əsərin incəliyini duyması məni həqiqətən də, heyran etdi. Məndən harada çalışdığımı da soruşdu. Bakı Musiqi Akademiyasında gənc müəllim kimi çalışdığımı biləndə mənə pedaqoji fəaliyyətimdə də uğurlar arzuladı. Dedi ki, musiqi təhsilində yeni metodikanın yaradılması ilə Azərbaycanın adının dünyaya daha geniş yayılmasını arzu edir. Həmin görüşdən illər keçib. Amma həmin günlə bağlı xatirələri indiyədək unutmamışam. Hazırda Vətənimdən uzaqda olsam da, Azərbaycanı Yaponiyada layiqincə təmsil etməyə və Ulu öndər Heydər Əliyevin verdiyi tövsiyələri bu gün də peşəkar musiqi fəaliyyətimdə nəzərə alır, onları gerçəkləşdirməyə çalışıram”.

 

 

Mədəniyyət.- 2023.- 31 mart.- S.5.