Barselonadakı Azərbaycan Evinin təşkilatçılığı ilə konsert keçirilib

 

İspaniyanın Barselona şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.

Barselonadakı Azərbaycan Evinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşən tədbir Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən filmin nümayişi ilə başlayıb.

Slovakiyanın Barselonadakı fəxri konsulu, ölkəmizin yaxın dostu Javier Medina Ortiz çıxış edərək Heydər Əliyevi respublikanı zamanın çətin sınaqlarından yüksək məharətlə çıxaran, ən düzgün çıxış yolu tapan müdrik və uzaqgörən lider adlandırıb.

Konsertdə Kataloniya Kamera Orkestrinin və tanınmış azərbaycanlı opera ifaçısı, “Milano Music Master Schoolun professoru Çinarə Şirinin ifasında italyan, ispan musiqiləri və Azərbaycan xalq mahnıları təqdim olunub.

Azərbaycan və ispan milli rəqslərini ifa edən rəqqasların çıxışları da maraqla qarşılanıb. Konsertin sonunda çıxış edən Barselona Azərbaycan Evinin rəhbəri Kərim Kərimov tədbir iştirakçılarına və musiqiçilərə təşəkkürünü bildirib.

Tədbir iştirakçılarına paylanılan konsert proqramında Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat əks olunub.

 

Mədəniyyət.- 2023.- 12 may.- S.8.