Vətən müharibəsində azad edilən ilk şəhərimiz

 

Cəbrayıl Şəhəri Günü münasibətilə tədbirlər keçirilib

 

 

Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində 4 oktyabr – Cəbrayıl Şəhəri Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub. Mərkəzin direktoru Anar Kəkəyev Cəbrayıl şəhərinin işğaldan azad olunmasının Vətən müharibəsinin gedişatına mühüm təsir göstərməsindən, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun şücaəti sayəsində qısa zamanda işğal altında olan rayonlarımızın düşmən tapdağından azad edilməsindən danışıb. Tədbir şəhər Mədəniyyət Mərkəzinin klub filialları özfəaliyyət kollektivlərinin ifasında konsert proqramı ilə davam edib.

Astara rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə Cəbrayıl rayonunun coğrafi mövqeyi, tarixi abidələri, faydalı qazıntıları, qiymətli xammal ehtiyatları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri haqqında məlumat verilib. Sonda şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Əlamətdar gün münasibətilə Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Qəhrəmanlar diyarı azadlıqda” adlı dəyirmi masa təşkil edilib. Çıxış edənlər Vətən müharibəsində əldə olunan şanlı Qələbədən, Cəbrayıl şəhərinin tarixindən, Prezident İlham Əliyevin Cəbrayıla səfərlərindən söz açıb, gənclərimizə vətənpərvər olmağı, şəhidlərimizi daima xatırlamağı, qazilərimizə hörmətlə yanaşmağı tövsiyə ediblər. Sonda tədbir iştirakçıları Yardımlı şəhidlərinə həsr olunmuş sərgi ilə tanış olublar.

***

Beyləqan rayon MKS-nin təşkilatçılığı, rayon Tarix-Diyarşünaslıq Muzeyinin dəstəyi ilə keçirilən tədbir də əlamətdar tarixə həsr olunub. Bildirilib ki, Azərbaycan Ordusu Vətən müharibəsinin 8-ci günündə Cəbrayıl şəhəri ilə yanaşı, bir neçə kəndi də işğaldan azad edib. 44 gündə qazanılan şanlı Zəfər tariximizə qızıl hərflərlə yazılıb. Bildirilib ki, işğaldan azad olunduqdan sonra Cəbrayıl rayonunda aparılan genişmiqyaslı tikinti, abadlıq və quruculuq işləri hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Sonda Beyləqan şəhər 4 saylı tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda aşıq havaları  və şeirlər səsləndiriblər.

 

Mədəniyyət.- 2023.- 6 oktyabr.- S.4.