Vətən sizə oğul deyir...

 

Lənkəran-Astara RMİ-nin rəisi Bəxtiyar Qılıncov və mədəniyyət işçiləri şəhid ailələrini ziyarət ediblər. Görüşdə şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı diqqətə çatdırılıb. Şəhid ailələrinə ərzaq sovqatları təqdim edilib.

***

Zaqatala rayonunun Lahıc kəndində Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan İsmayıl Səmədovun anım günü ilə bağlı tədbir keçirilib. İ.Səmədovun keçdiyi döyüş yolundan söz açılıb, şəhidlərin əziz xatirəsinin heç bir zaman unudulmayacağı vurğulanıb. Məktəblilər şəhidlərə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.

İsmayıl Səmədov 1990-cı il avqustun 9-da Zaqatala rayonunun Lahıc kəndində anadan olub. Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin azad olunması uğrunda döyüşlərdə iştirak edib. Oktyabrın 11-də Füzuli döyüşləri zamanı şəhid olub, doğulduğu Lahıc kəndində torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. O, həmçinin “Vətən uğrunda”, Cəbrayıl, Xocavənd və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.

***

Şirvan şəhərində Vətən müharibəsi şəhidi Elvin Şıxəliyevin xatirəsi yad olunub.  Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin valideynlərinə belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün minnətdarlığını bildirib.

Qeyd edilib ki, Elvin Şıxəliyev 1995-ci il iyunun 6-da Şirvan şəhərində dünyaya göz açıb. Vətən müharibəsi başlayan gündən ön sıralarda yer alıb. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib, 2020-ci il oktyabrın 14-də şəhidlik zirvəsinə ucalıb. Şirvan şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzuli, Cəbrayıl və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.

***

Gəncə şəhər Heydər Əliyev Mərkəzi və şəhər MKS-nin 16 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə Vətən müharibəsinin şəhid çavuşu Fariz Həsənovun anım günü ilə əlaqədar qəhrəmanın həyat yoldaşı Əzizə Farizin “Sevən qəlbin fəryadı” kitabının təqdimatı keçirilib. Çıxış edənlər şəhidin həyatı və döyüş yolu haqqında məlumat veriblər.

Fariz Həsənov 1987-ci il fevralın 12-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. Vətən müharibəsi zamanı oktyabrın 13-də Füzulinin azad edilməsi zamanı şəhadətə yüksəlib. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Sonda müəllif kitabı tədbir iştirakçıları üçün imzalayıb.

***

N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 2016-cı ilin Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan Əbdülməcid Axundovun anadan olmasının 30 illiyinə həsr olunan “Nur üzlü cənnət mələyi” adlı tədbir keçirilib. Tədbirdə Abşeron-Xızı RMİ-nin rəisi Fərid Qurbanzadə, şəhidin anası Ceyran Həsənova və mədəniyyət işçiləri iştirak ediblər.

Şəhidin anası oğlu haqqında xatirələrini bölüşüb, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Sonda “Missiya” tamaşasından bir səhnə nümayiş etdirilib.

Əbdülməcid Axundov 1993-cü il oktyabrın 15-də Sumqayıt şəhərində anadan olub. Aprel döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medal ilə təltif edilib.

 

N. Məmmədli

Mədəniyyət.- 2023.- 20 oktyabr, ¹78.- S.4.