Hüqonun qəhrəmanları Akademik Musiqili Teatrda...

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında fransız yazıçısı Viktor HüqonunParis Notr-Dam kilsəsi” romanının motivləri əsasında Samir Qulamovun səhnələşdirdiyi “Paris Notr-Dama ithaf” tamaşası yanvarın 8-də növbəti dəfə oynanılıb.

Teatrın repertuarındakı maraqlı nümunələrdən olan tamaşa Avropanın əzəmətli abidələrindən biriParis Notr-Dam kilsəsində 2019-cu il aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf edilib. Ümumbəşəri irsə hər zaman xüsusi önəm verən Azərbaycan teatrı bu hadisəyə biganə qalmadığını Hüqonun qəhrəmanlarını səhnəyə gətirməklə göstərib.

Tamaşanın quruluşçu rejissoru Samir Qulamov, ideya müəllifi Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.

...“Solğun çiçəklər” isə Şuşa teatrının səhnəsində

Yanvarın 14-də Şuşa Dövlət Musiqili Dram Teatrında Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq. Səhnə əsərinə teatrın rejissoru Lalə Şirinova quruluş verib.

Dəfələrlə müxtəlif teatrlarda səhnəyə qoyulanSolğun çiçəklər” görkəmli dramaturqun ailə-məişət mövzusunda yazdığı ilk sentimental melodramatik əsəridir. Dram Saranın əmisi oğluna olan məhəbbətindən və Saranın analığı Gülnisənin cinayətindən bəhs edir. Gülnisə Saranın atasını zəhərləməklə kifayətlənməyib onun bütün var-dövlətini də ələ keçirmək istəyir. Bu işlərin üstü açılmasın deyə Bəhramı Saradan ayırıb öz doğma qızıyla evləndirir. Sara vəfasızlığın qurbanı olur...

 

Mədəniyyət.- 2023.- 11 yanvar.- S.3.