Azərbaycanlı snayper Ziba Qəniyeva haqqında film çəkilib

 

İkinci Dünya müharibəsində snayper kimi ad çıxarmış azərbaycanlı Ziba Qəniyeva haqqında “Özbəkfilm” və “Belarusfilm” studiyalarının birgə istehsalı olan ekran əsəri çəkilib. Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Ziba Qəniyeva əslən Şamaxı rayonundandır. 1923-cü ildə Özbəkistanın Gülistan şəhərində doğulub. Atası Paşa Qəniyev müəllim və tərcüməçi idi. Anası özbək olub. 1937-ci ildə valideynləri repressiyaya məruz qalıblar. Sənətə böyük marağı olan Ziba Daşkəndə gedərək Özbəkistan Filarmoniyasının xoreoqrafiya şöbəsində məşğul olmağa başlayır. 1940-cı ildə Moskvaya gedir və Dövlət Teatr Sənəti İnstitutuna daxil olur.

1941-ci ildə müharibənin başlaması onun sənət arzularını yarımçıq qoyur. Ziba tibb bacısı peşəsini öyrənmişdi, hospitalda çalışırdı. Sonra qısamüddətli atıcılıq kurslarına yazılır. 1941-ci il noyabrın 7-də Moskvada, Qızıl meydanda keçirilən paradda iştirak edir və cəbhəyə yollanır. Ziba Qəniyevanın cəbhədəki hünəri, snayperlik bacarığı həm müharibə illərində, həm də ondan sonrakı illərdə dəfələrlə qəzet materiallarının mövzusu olub. O, döyüşlərdə yüzdən çox faşist məhv etmişdi. Tanınmış yazıçı Boris Polevoy onun haqqında “Pravda” qəzetində yazmışdı.

Müharibədən sonra Ziba Qəniyeva, qısa müddətə də olsa, sənətə qayıdır. 1945-ci ildə “Daşkəndfilm”in çəkdiyi “Tahir və Zöhrə” filmində fars şahzadəsi rolunu oynayır. Sonra azərbaycanlı diplomat, SSRİ-nin Türkiyədəki müvəqqəti işlər vəkili Tofiq Qədirovla ailə qurur. Cütlük Moskvaya qayıtdıqdan sonra bir oğulları olur.

Ziba Qəniyeva Moskvada şərqşünaslıq üzrə ali təhsil alır, filologiya elmləri namizədi dissertasiyası müdafiə edir. 1955-56-cı illərdə Bakı Ali Partiya Məktəbində kafedra müdiri olur. 1956-cı ildən isə SSRİ EA Şərqşünaslıq İnstitutunda elmi işçi kimi fəaliyyət göstərir.

Moskvada Ziba Qəniyeva azərbaycanlı sənətçilərlə, o cümlədən məşhur rəssam Tahir Salahovla dostluq edib. Tahir Salahov onun portretini çəkdikdən sonra heykəltəraş Cəlal Qaryağdı “Snayper Ziba Qəniyeva” adlı əsər yaradıb.

Ziba Qəniyeva 2010-cu ildə Moskvada vəfat edib.

 

Mədəniyyət.- 2023.- 11 yanvar.- S.5.