Asəf Zeynallı 100

 

Yarımçıq qalmış ömür

 

Azərbaycan musiqi sənətinin görkəmli xadimlərindən biri, xalq musiqisinin mahir təbliğatçısı, istedadlı bəstəkar Asəf Zeynallının yaradıcılığı böyük bir həyat salnaməsidir. Elə bir salnamə ki, onun hər səhifəsində gənc bəstəkarın əks etdirdiyi musiqi obrazları öz təravətini, reallığını, həyatiliyini bu gün saxlayır.

Deyirlər, istedad heç bir zaman qocalmır. Əksinə, parlaqlığını özündə daim əks etdirir. Bu dünyadan vaxtsız köçən, cəmi 23 il yaşayan Asəf Zeynallı sənəti minlərin, milyonların ürəkdən sevib, pərəstiş etdiyi böyük, müqəddəs sənət obyekti kimi daim yaşayır, parlayır.

Asəf Zeynallının musiqi sənətimizdə tarixi xidmətləri böyükdür. O, Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) professional təhsil almış ilk Azərbaycan bəstəkarıdır. Görkəmli bəstəkar ictimai xadim olan Asəf Zeynallı ilk milli romansların, fortepiano skripka üçün miniatürlərin, həmçinin ilk simfonik əsər nümunələrinin müəllifidir. O, qısa həyatı boyu Üzeyir Hacıbəyov ənənələrinə sadiq qalaraq müxtəlif janrlı əsərləri ilə professional musiqimizi daha da zənginləşdirmişdir.

Asəf Zeynalabdın oğlu Zeynallı 1909-cu ildə aprelin 5-də Dərbənd şəhərində dünyaya göz açmışdır. 20-ci illərin əvvəllərində Zeynallının ailəsi Bakıya köçür. 1922-26-cı illərdə Bakı Musiqi Texnikumunda oxuyur, 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının orkestr fakültəsinə daxil olur, sonra isə bəstəkarlıq fakültəsində təhsilini davam etdirir. Ü.Hacıbəyov, B.Karaqiçev, L.Y.Ab, L.P.Yablonko kimi görkəmli bəstəkarlardan dərs alan Asəf Zeynallı əsərlərinin çoxunu konservatoriyadakı təhsil illərində yazmışdır.

1920-ci illərin axırlarında Asəf Zeynallı Azərbaycan Tənqid-təbliğ teatrında işə başlayır. Teatrın musiqi hissəsinə müdir təyin olunan Asəf Zeynallı bir çox tamaşalara - C.Cabbarlının Sevil, S.Rüstəm H.Nəzərlinin Yanğın, C.Xəndanın Gizli əl, A.Yanovskinin Qəzəb s. musiqi tərtibatı vermişdir.

Asəf Zeynallının musiqi irsi çoxcəhətlidir. O, xalqın mənəvi zənginliyinin tərcümanı olan musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yaratmışdır. Lakin Azərbaycan musiqi tarixində bəstəkar, milli romans janrının yaradıcısı kimi tanınaraq, özünəməxsus dəst-xətti ilə xüsusi olaraq diqqəti cəlb edir.

Məsələn, vətənpərvərlik romansı olan Sərhədçi balladadır, vətən haqqında himn olan Ölkəm xoş-lirik monoloqdur, Çadra lirik əhval-ruhiyyəli monoloqdur, qəmli dramatik lirikanın obrazlarını təcəssüm etdirən Sual, Seyran mahnı-romanslardır.

İlk milli fortepiano musiqi əsərlərinin meydana çıxmasında Asəf Zeynallının müstəsna xidməti olmuşdur. Məhz o, ilk dəfə milli folklor yaradıcılığından əməli şəkildə istifadə edərək, klassik Avropa fortepiano musiqisinin səciyyəvi cəhətlərini birləşdirmişdir. Bəstəkarın texniki cəhətdən o qədər mürəkkəb olmayan Çahargah pyesində müxtəlif xarakterli epizodlar bir-birini əvəz edir. Asəf Zeynallı muğam melodiyasını köçürmür, dinləyici bu orijinal musiqidə Çahargahın intonasiya ritminə istinad edildiyini duyur. Ən başlıcası isə o, öz musiqisində muğamın məntiqi ifadəsini ustalıqla əks etdirir. Folklor nümunələrində olduğu kimi bəstəkar pyesdə bir-birini əvəz edən epizodları Çahargah kodensiyasını vahid melodik intonasiya ilə möhkəm əlaqələndirir. Mayeyi-çahargahla başlanan pyes onunla da tamamlanır.

Asəf Zeynallının Uşaq süitası yazıldığı vaxtdan musiqi məktəbi şagirdlərinin repertuarına daxil olmuşdur. Xalq musiqisinin xarakterik cizgilərini özündə əks etdirən parlaq obrazlı Uşaq süitasında Avropa pyes süitalarının ənənəvi klassik forması öz təcəssümünü tapmışdır. Çahargah kimi Uşaq süitası da milli musiqinin səciyyəvi xüsusiyyətlərini Avropa instrumental musiqi ənənələrinin tələbləri baxımından ümumiləşdirən əsərdir. Bu pyes musiqi sənətimizdə yeni fortepiano janrı kimi təzə bir səhifə açmışdır.

Asəf Zeynallı Azərbaycan musiqisinin təbliğinə böyük diqqət yetirərək, 1931-ci ildə Moskva Leninqradda (Sankt-Peterburqda) Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlər verir, Azərbaycan musiqisi haqqında məruzələrlə çıxış edirdi

Asəf Zeynallı folklor nümunələrinin toplanıb, nota köçürülməsi işlənməsi sahəsində böyük, faydalı aparmış, Azərbaycanın bir çox şəhər kəndlərinə getmiş, respublikanın ən uzaq guşələrinə səfərə çıxmış bunların nəticəsində külli miqdarda mahnı nota yazmışdır. Bəstəkar Bakı adlı simfoniya yaratmaq həmin simfoniyada nota köçürdüyü melodiyaların bəzilərindən istifadə etmək fikrində idi. Lakin vaxtsız ölüm bir çox arzuları kimi bu istəyini gözündə qoydu.

Bir pedaqoq kimi Asəf Zeynallının xidmətləri böyükdür. Belə ki, 1928-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki musiqi məktəbində musiqi nəzəriyyəsindən dərs demiş, İbtidai not savadı adlı dərslik tərtib etmişdir. Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Zakir Bağırov kimi gənc bəstəkarlar ondan dərs almışlar.

Cahan daimi, həyat sonsuzdur. Ancaq hər kəsə bir ömür əmanət verilir. Bu il aprelin 5-də Asəf Zeynallının 100 yaşı tamam olur. Cəmi 23 il yaşamış bəstəkarın ürəyində həyata keçirə bilmədiyi neçə-neçə yaradıcılıq niyyətləri yarımçıq qaldı.

Deyirlər, insan iki ömür yaşayır - sağlığında öləndən sonra. Görkəmli tatar şairi Musa Cəlil çox gözəl demişdir. - Elə yaşa ki, öləndən sonra da ölmə

Asəf Zeynallı da cəmi 23 il yaşadı, ancaq xalqının sənətkar oğlu kimi yaşadı. Elə yaşadı ki, öləndən sonra da ölmədi. Gözəl insani keyfiyyətləri, fitri istedadı, ürəkləri riqqətə gətirən musiqisi ilə qəlblərə ömürlük həkk olundu. Həmişə, hər an öyrənilməyə, nümunə göstərilməyə layiq irs qoyub getdi.

 

Jalə Qulamova,

sənətşünaslıq namizədi

 

Mədəniyyət.- 2009.- 3 aprel.- S. 5.