Azərbaycanlı pianoçular beynəlxalq müsabiqədə

 

G.Şaroyev adına 35 saylı Musiqi Məktəbinin şagirdləri son illər keçirilən beynəlxalq müsabiqə festivallarda uğurla iştirak edirlər. Bu uğurlardan sonuncusu Novruz bayramı günlərinə təsadüf edib. Azərbaycandan olan pianoçular İslam mədəniyyətinin paytaxtı, mədəniyyət beşiyi olan Bakıya bu dəfə mükafatlarla qayıdıblar. Yazın ilk günlərində - mart ayının 18-dən 22-dək Estoniya Respublikasının qədim şəhərlərindən biri - Narvada gənc pianoçuların İ.S.Bax adına IV Beynəlxalq müsabiqəsi keçirilib. Musiqiçilər iki ildən bir keçirilən bu nüfuzlu müsabiqədə iştiraka hər zaman böyük dəyər veriblər. Builki yarışmaya Almaniya, Türkiyə, Bolqarıstan, Azərbaycan, Rusiya, Belarus, Latviya, Litva, Estoniyadan olan 40 nəfər gənc pianoçu qatılmışdı. Onlar iki turda özlərini sınamalı oldular.

 

Beynəlxalq müsabiqənin münsiflər heyətinin sədri, Finlandiya Tampere Musiqi Akademiyasının rektoru, professor İlari Laasko, üzvləri Azərbaycan Respublikası Musiqi Akademiyasının prorektoru, professor Oqtay Abasquliyev estoniyalı musiqiçi Tiivas Lembit idi. Üç yaş qrupu üzrə keçirilən müsabiqədə respublikamızı Bakı şəhəri, G.Şaroyev adına 35 saylı onbirillik Musiqi Məktəbinin IV sinif şagirdi Timur Kruçnin, VII sinif şagirdi Nigar Məmmədli, IX sinif şagirdi Vüsal Süleymanov, X sinif şagirdi Fəridə Qafarlı təmsil edirdilər. Bu ifaçıların hamısı məktəbin təcrübəli fortepiano müəllimi İrina Qrinikin yetirmələridir. Qeyd edək ki, 2007-ci ildə keçirilən III müsabiqədə 35 saylı məktəbdən İrina müəllimənin yetirməsi Səbinə İbrahimova I yerə, yüksək məbləğdə pul mükafatına layiq görülmüşdü.

Bu dəfə uğur təkrarlandı. İ.S.Baxın əsərlərindən məcburi ifa tələb olunan ilk turda fərqlənən hər dörd ifaçı ikinci tura vəsiqə aldı. Onlar bu turda da proqramlarını məharətlə ifa etdilər. Münsiflər heyətinin qərarı ilə Fəridə Qafarlı müsabiqənin laureatı adını qazanaraq II yerə layiq görüldü, 400 avro ilə mükafatlandırıldı, dostları isə müsabiqənin diplomantı adını qazandılar. Mart ayının 21- Narva şəhərində, 22-də isə Tallinn Musiqi Akademiyasının böyük salonunda qaliblərin yekun konserti mükafatların təqdimetmə törəni oldu. Bu konsertdə Timur R.Şumanın Teatrdan səslərini, Nigar İ.S.Baxın Üçsəsli invensiyası (si minor), Vüsal D. Skarlattinin Re minor sonatası, Fəridə isə F.Mendelsonun Sözsüz mahnı əsərini məharətlə ifa etdi. Müsabiqədən qələbə ilə qayıdan gənc pianoçuların uğurunu məktəbin direktoru, respublikanın əməkdar müəllimi Yusif Vəliyev yüksək dəyərləndirir: Şagirdlərmiz ölkəiçi, xarici ölkələrdə keçirilən müsabiqələrdə uğur qazandıqca daha böyük, nüfuzlu beynəlxalq müsabiqələrdə iştiraka həvəsləri artır. Onlar bu yarışlar üçün gözəl repertuar seçir, mükəmməl hazırlaşır, ifaçılıq məharətlərini göstərirlər. Çəkilən zəhmət əvəzsız qalmır. Fəridə Qafarlı sayca səkkizinci beynəlxalq müsabiqə laureatımızdır. Qazandığımız uğurda Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Oqtay Abasquliyevin şagirdlərimizə verdiyi məsləhət dərslərinin çox köməyi olub. Müsabiqədə azərbaycanlı pianoçuların iştirakı valideynlərimizin Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin dəstəyi ilə gerçəkləşib. Bu müsabiqə 35 saylı Musiqi Məktəbinin tarixində daha bir uğurlu səhifədir.

 

Fimar

 

Mədəniyyət.- 2009.- 3 aprel.- S. 4.