Musiqimizin ilk fədailərindən biri

 

Aprelin 4-də Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecində istedadlı bəstəkar Asəf Zeynallının anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans keçirildi.

 

Konfransı giriş sözü ilə açan kollecin direktoru - əməkdar incəsənət xadimi, professor Nazim Kazımov iştirakçıları salamlayaraq qeyd etdi: Ötən əsrin 20-ci illərinin sonları, 30-cu illərin əvvəllərində fitri istedadı ilə diqqəti cəlb etmiş Asəf Zeynallı öz əsərləri ilə musiqimizin milli bəstəkarlıq məktəbimizin inkişafına böyük təkan vermişdir. O, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ali professional musiqi təhsili olan ilk ünlü bəstəkardır.

İlk Azərbaycan bəstəkarlarının yaradıcılığını, rus Avropa klassik musiqi üslubunu dərindən mənimsəyən, öz potensial imkanlarından istifadə edərək Azərbaycan musiqisini daha da zənginləşdirən A.Zeynallı, eyni zamanda, musiqi haqqında yazdığı məqalələri ilə o dövr ictimai həyatında baş verən hadisələrə münasibətini bildirmiş, musiqimizin inkişafına təkanverən məsələlərdə fəallıq göstərmişdir.

Sözünə davam edən natiq vurğuladı ki, biz ziyalılar o böyük insanı xalqımıza tanıtmaq üçün çox işlər görməliyik. Doğrudur, kollecimizdə bu sahədə müəyyən işlər görülüb. Onun həyatından bəhs edən foto-stend düzəltmişik, vaxtilə onun istifadə etdiyi fortepianonu kollecimizə gətirmişik, eyni zamanda mən onun haqqında kitab yazmışam bu yaxınlarda işıq üzü görəcək. Lakin bütün bunlar azdır. Bu gün bu zalda onun anadan olmasının 100 illiyinə həsr olunmuş konfransı da keçirməkdə məqsədimiz çox erkən dünyasını dəyişmiş bəstəkar haqqında müəllim tələbələrimizə daha çox məlumatlar çatdırmaqdır.

Sonra kollecin müəllimləri - əməkdar incəsənət xadimi Həcər Babayeva, Nərmin Zeynalova, Rəhilə Abbasova, Sevda Mütəllimova, Sevinc Seyidova, L. və M. Rostropoviçlərin ev-muzeyinin direktoru Şeyla Heydərova məruzələrində Asəf Zeynallının həyat və yaradıcılığı haqqında geniş məlumat verdilər.

Qeyd edək ki, Asəf Zeynal oğlu Zeynallı 1909-cu il aprelin 5-də Dərbənd şəhərində (bağban ailəsində) dünyaya göz açmışdı. 1910-cu ildə atası vəfat etdikdən sonra ailənin bütün ağırlığı anasının üstünə düşür. Çətin dolanışıq şəraitinə baxmayaraq, anası öz uşaqlarını savadlı görmək arzusu ilə bütün əziyyətlərə qatlaşır. Bu məqsədlə anası Asəfi musiqi məktəbinə qoyur. Burada o, nəfəsli orkestrdə truba alətində çalırdı. 20-ci illərin əvvəllərində ailə axtarmaq üçün Bakıya köçməli olur. Təhsilini davam etdirməsi üçün anası Asəfi 9 illik Musiqi Məktəbinə yazdırır. 1923-cü ildə Asəf Zeynallı Azərbaycan-türk Musiqi Texnikumuna daxil olur. O zaman texnikumun direktoru görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov idi. Asəf bu təhsil ocağındakı bütün tədbirlərdə fəal iştirak edir, ilk bəstəkarlıq cəhdlərinə elə burada başlayır, kiçikhəcmli musiqi əsərləri bəstələyir. Sonra məktəbin rəhbərliyi onu violonçel sinfinə keçirir. 1926-cı ildə Asəf Zeynallı müvəffəqiyyətlə imtahan verərək, əvvəlcə orkestr, sonra isə bəstəkarlıq bölməsinə daxil olur. Konservatoriyada oxuduğu illər onun yaradıcılığında çox məhsuldar dövr sayılır. O, əsərlərinin mühüm hissəsini məhz bu illərdə qələmə alır. Əsərləri janr məzmununa görə müxtəliflik rəngarəngliyi ilə seçilir. Fortepiano üçün yazdığı Ölkəm, Sual, Heyran, Çadra əsərləri tezliklə onu populyarlaşdırır.

Asəf Zeynallı tələbəlik illərində qələmini instrumental musiqi janrında da sınamışdır. Fortepiano, skripka violonçel üçün yazdığı Laylay, skripka fortepiano üçün yazdığı Muğamsayağı, iki violonçel üçün yazdığı Qoyunlar bu əsərlərindəndir. Bəstəkarın milli musiqiyə həssas yanaşması hər əsərində özünü büruzə verir. O, Ü.Hacıbəyovun rəhbərliyi altında xalq musiqisinin xüsusiyyətlərini, milli ladların quruluşunu, hətta milli alətlərin konstruksiyasını belə öyrənmişdi.

Bundan başqa o, Tənqid Təbliğ Teatrının tamaşaları üçün musiqilər yazırdı. Asəf Zeynallının bu illərdəki fəaliyyətinə nəzər saldıqda onun milli musiqinin inkişafında yorulmadan çalışdığının şahidi olursan. Elə onun 1932-ci ildə ikinci dəfə Leninqrada gedişi bunu bir daha sübut edir. Rusiyaya birinci səfərində sovet bəstəkarlarını dinləyən A.Zeynallı ikinci gedişində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil edir burada musiqimizin xarakterik xüsusiyyətlərini rus tamaşaçılarına sevdirməyi bacarır.

1932-ci ildə konservatoriyanı bitirən bəstəkar, yaradıcılığının mühüm mərhələsinə başlayır. O, özünün ən yaxşı əsərlərindən biri olan Fraqmentlər simfonik süitası yarımçıq qalmış simfoniyası üzərində işə başlayır. Bu əsərlər sonrakı illərdə simfonik əsərlər yazan Azərbaycan bəstəkarlarının yaradıcılığına böyük təkan vermişdir.

A.Zeynallı həm böyük pedaqoq idi. O.Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev kimi bəstəkarların müəllimi olmuşdur.

Asəf Zeynallı Azərbaycan musiqi folklorunun toplanmasında da fəal iştirak edirdi. O, Azərbaycanın müxtəlif bölgələrinə gedərək topladığı xalq musiqisini nota alırdı. Xalq mahnılarının bir qismini isə Hüseynqulu Sarabskinin dilindən köçürürdü.

Bütün ömrü boyu milli mədəniyyətimizə xidmət edən elə bu yolda çox gənc ikən dünyasını dəyişən Asəf Zeynallı özündən sonra mühüm yaradıcılıq irsi qoyub getmişdir. Onun yaradıcılıq illərinə, onların səviyyəsinə dəyərinə nəzər salsaq, deyə bilərik ki, bəstəkar yaşasaydı, daha böyükhəcmli əsərlər yaratmış olardı. Lakin taleyin amansız əcəli onu sənətdə ilk addımlarını atdığı, fitri istedadını, istəklərini təzə-təzə sınamağa başladığı bir vaxtda yaxaladı.

Məruzə edənlər bütün bunlarla yanaşı, bir məsələnin - Asəf Zeynallının adının yenidən bu kollecə qaytarılmasının vacibliyini diqqətə çatdırdılar. Bütün müəllim tələbələr tərəfindən bu təklif sürəkli alqışlarla qarşılandı.

Konfransda çıxış edən bəstəkarın qardaşı qızı, kollecin müəllimi Elmira Zeynallı əmisinin xatirəsinin böyük təntənə ilə qeyd edilməsini ailələri adından yüksək qiymətləndirdi bu işin təşkilatçılarına minnətdarlığını bildirdi.

Yekun nitqi söyləyən kollecin direktoru Nazim Kazımov iştirakçılara təşəkkürünü bildirdi, qeyd etdi ki, bu gün burada səslənən fikri - Asəf Zeynallının adının yenidən kollecə qaytarılması fikrini o da alqışlayır. Kollecin rəhbəri kimi bu məsələnin aidiyyəti təşkilatlar qarşısında qaldırmağa cəhd edəcəyini konfrans iştirakçılarının nəzərinə çatdırdı.

 

Fərahim Dünyamalıoğlu

 

Mədəniyyət.- 2009.- 8 aprel.- S. 4.