Sevilən sənətkar

 

Azərbaycan kino və teatr sənətinin inkişafında özünəməxsus xidmətləri olan xalq artisti Muxtar Avşarovun adı mədəniyyət tariximizdə mühüm yer tutur. Onun zəngin yaradıcılığı kino teatr tariximizdə ayrıca bir səhifədir. Muxtar Avşarovun adı çəkiləndə gözlərimiz qarşısında sevə-sevə seyr etdiyimiz onlarca tamaşadan maraqlı epizodlar canlanır. Müsbət yaxud mənfi surətlərdən asılı olmayaraq, onları peşəkarcasına yaratması Muxtar Avşarovu tamaşaçılara sevdirmişdi.

 

Muxtar Həsən oğlu Avşarov 1914-cü ilin 15 fevralında İrəvan şəhərində anadan olub. Bir neçə il sonra türklərə qarşı soyqırımın başlanması ilə əlaqədar ailə İrəvanı tərk edib, Türkiyəyə köçür. Lakin Türkiyə mühitinə uyğunlaşa bilməyən atası Həsən Avşar əvvəlcə Bakıya, sonra isə Gəncəyə köçür; 1921-ci ildə dünyasını dəyişir. 6 yaşlı Muxtar babasının himayəsinə keçir. Muxtar Gəncədə doqquzillik dəmiryol məktəbini bitirdikdən sonra babasının təşəbbüsü ilə Bakıya gələrək dəmiryolçuların sənət məktəbinə daxil olur. Sənət məktəbinin qarşısında Dəmiryolçular klubu yerləşirdi. İncəsənətə, teatra olan həvəsi onu rahat buraxmadığından boş vaxtlarında həmin kluba gedir oradakı dram dərnəyinə üzv yazılaraq həvəskar aktyor kimi fəaliyyətə başlayır. Çox keçmir ki, həmin dərnəyə görkəmli aktyor Ülvi Rəcəb rəhbərlik etməyə başlayır. O, A. Şirvanzadənin Namus pyesini tamaşaya qoyur. Pyesdəki Sumbat rolunu gənc Muxtara verir. Bu rolun öhdəsindən layiqincə gələ bilməsi Ülvi Rəcəblə Muxtar Avşarov arasında xoş münasibət yaradır. 1933-cü ildə sənət məktəbini bitirib Gəncəyə qayıdan M.Avşarov dəmiryolunda çilingər işləməklə bərabər, həm dəmiryolçuların mədəniyyət evində həvəskar aktyor kimi fəaliyyətini davam etdirir.

1937-ci ildən gənc Muxtar Gəncə Dövlət Dram Teatrında aktyor işləməyə başlayır. 1938-1939-cu illərdə teatrda S. Vurğunun Vaqif, Xanlar, S. Rəhmanın Toy, Q.Musayevin Şərqin qapısı, M.H.Təhmasibin Bahar, C.Cabbarlının Aydın, M.İbrahimovun Madrid əsərləri tamaşaya hazırlanır. S.Vurğunun Vaqif, Xanlar, S.Rüstəmin Qaçaq Nəbi pyeslərinin tamaşaya qoyulması Gəncə teatrının tarixində böyük hadisə idi.

Bütün bununla yanaşı, aktyor o dövrdə tarixin sərt sınaqları ilə də üz-üzə dayanmalı olur. Belə ki, Gəncənin adının dəyişdirilərək Kirovabad qoyulmasına bunun ardınca Gəncə Dram Teatrına Beriyanın adının verilməsinə qarşı narazılığını bildirən Muxtar Avşarov heç nədən ömrünün 5 ilini həbsxanada keçirir. Buna səbəb onun daxilindəki vətənpərvərlik hissi idi. 1945-ci ilin soyuq fevral gecələrinin birində bəraət alaraq azadlığa çıxan aktyor köhnə yerinə bərpa edilməsinə baxmayaraq, yenə təzyiqlərə məruz qalırdı.

1945-ci ildə Sovet İttifaqı tərkibində olan respublikaların teatrlarının bütövlükdə rus klassiklərinin əsərlərini öz repertuarlarına salmaları haqda sərəncam verilir. Azərbaycanda da sərəncam sorğu-sualsız həyata keçirilir. Akademik Dram Teatrı C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı Qoqolun Müfəttiş komediyası ilə Ümumittifaq müsabiqəsində iştirak edirlər. Gəncədə həmin dövrdə rejissor işləyən Mehdi Məmmədov M.Avşarovun istedadını, həmçinin siyasi fəaliyyətinə görə həbsdə olduğunu nəzərə alıb onunla fərdi qaydada Xlestakov rolunun məşqlərinə başlayır. Ümumittifaq müsabiqəsinin Moskvadan gələn heyəti Azərbaycanda da ayrı-ayrı teatrlarda tamaşalara baxdıqdan sonra Gəncəyə gələrək tamaşanı qəbul edir əsas rolun ifaçısı M.Avşarovun aktyorluq məharətinə yüksək qiymət verirlər.

Tamaşaçılar tərəfindən sevildiyinə, neçə il həbsxanada qalıb, ən nəhayət, bəraət aldığına görə, onun şəhərdə nüfuzu daha da artır və bu hal NKVD tərəfindən çox narahatlıqla qarşılanır. Odur ki, o, nenadyojnıy element damğası vurularaq işdən kənarlaşdırılır. Lakin 1953-cü ildə Stalinin ölümü ölkədə yaranan böyük canlanma M.Avşarovun da həyatına təsir edir o, yenidən C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrına qayıdır.

O zaman S.S. Axundovun Eşq və intiqam əsərinin tamaşasında əsas rollardan birini oynayan M.Avşarov Gəncə tamaşaçılarının sevimlisinə çevrilir. Bu teatrdakı nailiyyətlərə çıxışına görə o, 1960-cı ildə respublikanın əməkdar artisti fəxri adına layiq görülür.

Muxtar Avşarov C.Cabbarlı adına Gəncə Dram Teatrının səhnəsində yüzdən artıq tamaşada oynamışdı. Bir sıra xarakterik rolları məharətlə ifa etdiyinə görə, ayrı-ayrı vaxtarda üç dəfə Gəncəyə gələn Akademik Dram Teatrının bədii rəhbəri və rejissoru Tofiq Kazımov 1968-ci ildə onu M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edir.

Həmin vaxt Azərbaycanfilm kinostudiyasının direktoru işləyən Adil İsgəndərov da onun filmlərdə çəkilməsinə kömək edir. Bu illərdə kinostudiyada İsmayıl Şıxlının Dəli Kür filminin çəkilişləri başlayır və M.Avşarova rol həvalə edilir.

Bu rolun müvəffəqiyyətli alınması kino sahəsindəki fəaliyyətini artırır və az sonra ona Atları yəhərləyin filmində İran kəndxudası rolu həvalə edilir.

Hələ sağlığında öz şəxsi fondunun yaradılmasına imza atan Muxtar Avşarov böyük sənətkarlığı ilə bərabər, övladları üçün qayğıkeş, mehriban ata, nəvələri üçün sevimli baba, bütün xalqı və milləti üçün hörmətli el ağsaqqalı olub. Böyük oğlu, tanınmış rəssam Rza Avşarov atası haqqında öz xatirələrini belə dilə gətirir: Təbiəti çox sevərdi. Ailədə sərt, ancaq ədalətli çox sadə idi. Şöhrətpərəst deyildi. Ailəsinə qarşı həddindən artıq qayğıkeş idi. Bunun nəticəsidir ki, övladlarının hamısı ali təhsil alıb atamızda olan sadəlik, təvəzökarlıq hər birimizə sirayət edib.

Ömrünün 90 ilinin 65 ilini peşəkar səhnəyə bağlamış, zəngin dünyagörüşə malik sənətkar daim teatrı düşünmüş, sənətlə nəfəs almışdı. Hələ sağlığında, 2004-cü ilin may ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Şöhrət ordeni ilə təltif edilmişdi.

M.Avşarov 2004-cü ilin 6 dekabrında 90 yaşında dünyasını dəyişmişdir.

Muxtar Avşarov həmişə üzdə olan, həmkarları, tamaşaçılar tərəfindən sevilən, arzulanan şəxsiyyət idi. Muxtar M.Avşarov təkcə Azərbaycan teatr və kino sənətində deyil, həm də həyatda elə bir xidmət göstərib ki, onun adı həmişə hörmətlə çəkiləcək, xatirəsi minnətdarlıqla yad ediləcək.

 

 

ZÜMRÜD

 

Mədəniyyət.- 2009.- 10 aprel.- S. 11.