Litva turistlər üçün maraqlı yerdir

 

Bakıda bu ölkənin 1000 yaşı qeyd edildi

 

Litvanın Azərbaycandakı səfirliyində bu ölkənin adının yaranması münasibətilə tədbir keçirilib. Konsul Viliyus Samuyla tədbirin məqsədi haqda iştirakçılara məlumat verib: “Bu il Litvanın 1000 illiyini qeyd edirik. Litva adı ilk dəfə alman yazılarında çəkilib. Biz həmin günü ölkəmizin bayramı kimi qeyd edirik”.

O, ölkəsinin turistlər üçün maraqlı yer olduğunu, bu ildən ölkəyə daha çox turist cəlb etmək məqsədilə viza qaydalarında bəzi dəyişikliklər edildiyini bildirib: «Bildiyiniz kimi, Litva da Şengen ölkələri ailəsinə daxildir. Biz xarici sərhədləri birgə qoruyuruq. Sistemdəki informasiya bütün Şengen müqaviləsi üzvlərinə ötürülür. 25 ölkə bu sazişi imzalayıb. Biz ötən ilin noyabrından Şengen vizası veririk. Qazaxıstan, Türkmənistan da Azərbaycan kimi Litva səfirliyindən bu vizanı ala bilər. Əgər siz Litvada daha çox vaxt keçirəcəksinizsə, başqa ölkəyə gedəndə bu vizanı bizim səfirlikdən ala bilərsiniz”.

Şengen vizası üçün sənədlərdə hələ mübahisəli məqam olaraq fiziki ya hüquqi şəxsin vətəndaşa dəvət göndərməsi ilə bağlı tələbin olduğunu qeyd edən V.Samuyla yaxın zamanda bu məsələnin müsbət həll ediləcəyini bu tələbin aradan qalxacağını deyib: “Bu maddə üzrə yumşalmalar olacaq. Azərbaycan nümunəvi ölkədir. Amma uzunmüddətli vizalar verilmir. Litvaya gedəndə bilet bronlaşdırmaq kifayətdir. Yəni heç bir azərbaycanlı indiyədək Litvada həmişəlik qalmaq istəməyib”.

Tədbirdə iştirak edən Litvanın Turizm üzrə Dövlət Departamentinin direktoru Niyole Klyökene Azərbaycan-Litva mədəni əlaqələrinin daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib və bunun üçün ilk növbədə hər iki ölkəyə sərbəst gediş-gəliş qaydalarının mövcud olmasının vacibliyini vurğulayıb.

 

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2009.- 10 aprel.- S. 9.