Ömrün kamillik zirvəsində

 

Ramiz Mirişli 75

 

Azərbaycan Respublikasının xalq artisti, professor, Şöhrət ordenli, Prezident təqaüdçüsü, istedadlı bəstəkar, pedaqoq Ramiz Mirişlinin aprelin 14-də 75 yaşı tamam olur.

 

Ramiz Mirişli 1934-cü ildə Naxçıvanda Mirişlilər - mədəniyyətimizin geniş, çoxsahəli fəaliyyət meydanında çoxdan bəri öz yerini tapmış nəslində dünyaya göz açmışdır. Həyata göz açdığı gündən musiqi mühitində boya-başa çatıb. 1930-cu ildən başlayaraq artıq Naxçıvanda professional bəstəkarlıq məktəbi inkişaf etməyə başlayır. 1938-ci ildə dahi bəstəkarımız Ü.Hacıbəyovun Naxçıvana gəlişi, 1943-cü ildə bu diyarda bəstəkar T. Quliyevin rəhbərlik etdiyi caz orkestrinin fəaliyyət göstərməsi, 1959-cu ildə Araz mahnı rəqs ansamblının yaranması istər bəstəkarlıq, istərsə ifaçılıq sənətinin yüksəlməsinə mühüm təsir göstərir. Məhz bu amil Naxçıvanda onlarla gənc musiqiçinin bəstəkarlıq sənətinə meyil etməsinə, ömrünü bu sənətə bağlamasına həvəsləndirir. Ramiz Mirişli elə bu mühitdə yetişən sənətkardır.

Azərbaycan, o cümlədən Naxçıvan musiqi mədəniyyətinin inkişafında onun xidmətləri böyükdür. Ramiz Mirişli öz əsərləri ilə xalqımızın qəlbinə yol tapan, sevilən, seçilən bəstəkardır. O, uzun illərdir ki, bəstəkarliq sahəsində çalışır. Onun yaradıcılıq irsi çox genişdir. Belə ki, o, musiqinin bir çox janrlarına müraciət edərək 4 musiqili komediya, kamera orkestri üçün simfoniya, 3 simfonik poema, 4 simfonik süita, 3 kantata,səs orkestr üçün 2 vokal məcmuə, foptepiano üçün 12 süita miniatürlər, 40-dan artıq teatr tamaşalarına kinofilmlərə musiqi, yüzlərcə mahnılar yazmışdır. Bəstəkar hansı janra müraciət edibsə, daim dinləyicilərin rəğbətini qazanıb, sevilib.

Ramiz Mirişli yaradıcılığının mühüm və aparıcı sahəsi mahnı janrı hesab olunur. Yazdığı hər bir lirik mahnı ilə musiqi çələngimizə yeni töhvələr verən sənətkar, Azərbaycan professional bəstəkarlıq məktəbinin mahnı janrında yazıb-yaradan ən layiqli nümayəndəsidir. Onun yaradıcılığında Azərbaycan xalq mahnılarının ilhamlı melodiyilarına tez-tez rast gəlmək olar. Bəstəkarın bir-birinə bənzəməyən ,ürəkləri riqqətə gətirən melodiyalarına, məzmununa, rəngarəng ifaçı vasitələrinə malik olan mahnılarında xalqın həyatı, mənəviyyatı, əhval-ruhiyyəsi təsvir edilir. Bəstəkar bütün həyatı boyu mahnı janrının spesifikasını gözəl duyan şairlərimizin şeirlərinə müraciət etmişdir. Fikrət Qoca, Məmməd Araz, Süleyman Rüstəm, İslam Səfərli, Nəriman Həsənzadə başqalarının sözlərinə yüzlərlə mahnı bəstələmiş, bu mahnılarda şeirin məzmununun bütün nüanslarını musiqi təranələrində açmağa nail olmuşdur.

Ramiz Mirişli gözəl melodiya ustasıdır. Onun mahnıları ehtiraslı, parlaq, şən melodiyalara malik olduğu üçün tez yadda qalır. Bəstəkarın mahnılarının intonasiya əsası Azərbaycan xalq mahnıları, aşıq havaları, muğam musiqi dönmələri ilə zəngindir. Onun mahnıları Şövkət Ələkbərova, Zeynəb Xanlarova, İlhamə Quliyeva, Flora Kərimova, Yaşar Səfərov, Elmira Rəhimova ... kimi məhşur müğənnilərimizin repertuarının əsasını təşkil edir.

Bəstəkar başqa janrlarla yanaşı, musiqili səhnə janrlarına da bütün yaradıcılığı boyu müraciət edərək bir sıra dəyərli əsərlər yaratmışdır. Onun səhnə əsərləri sırasına 2 musiqili komediya respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulan 40-dan artıq əsərə yazdığı musiqi aiddir. R.Mirişlinin ilk səhnə əsəri 1983-cü ildə Ş. Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşaya qoyulmuş Qaçırılmış qız musiqili komediyasıdır. İkinci bir səhnə əsəri İsi Məlikzadənin Gəl, qohum olaq musiqili komediyasıdır.

Bildiyimiz kimi, teatr bədii yaradıcılığın ən geniş yayılan növü kimi insan mənəviyyatının formalaşmasında böyük rol oynayır. Teatr tamaşalarının daha təsirli, bədii obrazların daha inandırıcı olmasında isə musiqinin rolu danılmazdır.

Ramiz Mirişlinin teatr yaradıcılığındakı fəaliyyətinin ikinci istiqaməti dram əsərlərinə yazdığı musiqilərdir. Belə ki, tanınmış bəstəkar respublikamızın müxtəlif teatrları ilə sıx yaradıcılıq əlaqəsi saxlayır. Təsadüfi deyildir ki, Ramiz Mirişli respublikamızın 10-a yaxın teatrında səslənən 40-dan çox tamaşaya musiqi yazmışdır. Azərbaycan Akademik Milli Dram Teatrında Qeybulla Rəsulovun Qarabağ əfsanəsi, Gənc Tamaşaçılar Teatrında Əkrəm Əylislinin Mənim nəğməkar bibim, Teymur Elçinin Qar qız, İsi Məlikzadənin Şadlıq olsun, Gəncə Dövlət Dram Teatrında Cəfər Cabbarlının Almaz, eləcə də Sumqayıt, Lənkəran, Şəki, Mingəçevir Dövlət Dram teatrlarında səhnələşən bir çox tamaşalara musiqi yazmışdır.

O, C.Məmmədqluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə də daim əlaqə saxlayır. Bildiyimiz kimi, Naxçıvan teatrı Azərbaycan teatr mədəniyyətinin mühüm əzəmətli qolunu təşkil edir. C.Məmmədqluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı mədəniyyət mərkəzi kimi həm teatr işinin, həm musiqi sənətinin inkişafına böyük təsir göstərmişdir. Musiqili əsərlərin Naxçıvan teatrında tamaşaya qoyulması bu qədim diyarda musiqi sənətinə olan estetik tələbatı gücləndirmiş səhnəyə olan marağı istəyi xeyli dərəcədə artırmışdır. Bu teatrda tamaşaya qoyulan bir çox tamaşalara - H. Cavidin Azər, Ana , Nazim Hikmətin Bayramın birinci günü, C.Cabbarlının Aydın, K.Ağayevanın Mənim tanrım gözəllikdir, sevgidir ...səhnə əsərlərinə R.Mirişli gözəl yaddaqalan musiqi bəstələmişdir.

Ramiz Mirişli teatr tamaşalarına yazdığı musiqilərdə zəngin və rəngarəng melodiyalar vasitəsilə obrazların daxili aləmini açır və iştirakçıların müxtəlif əhval-ruhiyyələrini yerli-yerində canlandıra bilir. Məhz bunun üçün də tamaşaların obrazlarının musiqi xarakteristikası gah lirik mahnı-romans, gah şux oynaq mahnı-rəqs, gah da məzəli mahnı səciyyəsində olur.

Bir sözlə, xalq musiqisinin dərinliklərinə mükəmməl yiyələnən bəstəkar müraciət etdiyi bütün janrlarda maraqlı mövzulara, ifadəli məzmuna üstünlük verir və əsərlərdə Ramiz Mirişli üslubunun özünəməxsusluğu, şirinliyi dərhal hiss olunur.

İstedadlı bəstəkar olmaqla yanaşı, o, həm də təcrübəli pedaqoq və ictimai musiqi xadimidir. Onun uşaq musiqi məktəbinin kamança sinfi üzrə yazdığı Kamança məktəbi adlı kitabı qiymətli tədris vəsaitidir. O, 30 ildən artıqdır ki, Bakı Musiqi Akademiyasında çalışır.

Zəngin sənət ömrü yaşamış bəstəkarın qəlbi bu gün də sənət eşqi ilə döyünür, yenə də onun əsrarəngsiz musiqisi dinləyiciləri heyrətləndirir, yenə də neçə-neçə gənc sənətçi onun bəstəkarlıq məktəbindən bəhrələnir. Deməli, bütün görülən işlər, çəkilən zəhmət hədər getməmişdir.

Öz elminə, əməyinə və xalqına sədaqətini sözü ilə yox, daim işi ilə doğruldan istedadlı bəstəkar, mehriban bir insan, həssas müəllim Ramiz Mirişlini 75 yaşının tamam olması münasibətilə təbrik edır, ona cansağlığı, uzun ömür və sənət yolunda yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.

 

 

Jalə Qulamova - Əliyeva,

Sənətşünaslıq namizədi

 

Mədəniyyət.- 2009.- 10 aprel.- S. 5.