Bakı Slavyan Universitetində beynəlxalq elmi-praktik konfrans

 

Bakı Slavyan Universitetində Almanlar Azərbaycanda adlı beynəlxalq elmi-praktik konfransının açılış mərasimi keçirildi. Qeyd edək ki, tədbir Azərbaycan Mədəniyyət Turizm Nazirliyi, Bakı Slavyan Universiteti Alman-Azərbaycan Cəmiyyəti tərəfindən təşkil olunmuşdu. Tədbirdən əvvəl almanların 190 il öncə Azərbaycanda məskunlaşmasına həsr olunmuş fotosərginin açılışı oldu. BSU-nun rektoru, AMEA-nın müxbir üzvü prof. Kamal Abdulla sərgini açıq elan etdikdən sonra bu tədbirin əhəmiyyətindən danışaraq tarixə qısa ekskurs etdi. Rəhbərlik etdiyi universitetdə bu tədris ilindən etibarən roman-german filologiyası ixtisasının tədris olunduğunu, bu yaxınlarda A.Humbold adına Alman Mədəniyyət Mərkəzinin açıldığını deyən K.Abdulla konfransın mövzusunun çox maraqlı olduğunu dilə gətirdi. Azərbaycan və alman xalqları arasında tarix boyu dostluq əlaqələrinin mövcud olduğunu da deyən rektor bu konfrans vasitəsilə iki xalq arasındakı tarixi, mədəni, iqtisadi əlaqələrə bir daha nəzər salmaq imkanı əldə edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Konfransın yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu deyən K.Abdullayev iştirakçı və təşkilatçılara uğurlar arzuladı.

Konfransın açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri F.Qurbanov çıxış edərək almanların 190 il öncə Azərbaycanda məskunlaşma səbəblərini açıqladı. Tarixə nəzər salan natiq, o dövrdə Almaniyada iqtisadi, siyasi gərginliyin mövcud olduğunu dedi. Almanların Azərbaycana gəlmə tarixini məhz bu amillərlə əlaqələndirən F.Qurbanov hazırda bu inteqrasiya ilə bağlı tarixi abidələrin qorunub saxlandığını da qeyd etdi.

Tədbirdə Nəsimi rayon YAP təşkilatının sədri, millət vəkili M.Həsənova da çıxış edərək bu konfransın istər siyasi, istərsə də mədəni baxımdan daşıdığı dəyərlərdən söz açdı. Azərbaycan xalqının digər xalqlara qarşı həmişə tolerantlıq göstərməsini millətimizin böyüklük əlaməti kimi qiymətləndirdi.

Konfransın açılış iclasında millət vəkili A.Mollazadə də söz aldı. BSU-da Azərbaycanda yaşayan bütün xalqların mədəniyyətinə diqqət yetirildiyini deyən millət vəkili bu tədbirin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirərək, qloballaşma dövründə Azərbaycanın - öz mədəni köklərini, adət-ənənələrini saxlamaq şərtilə - Avropaya inteqrasiyasının vacibliyinə toxundu.

Konfransın plenar iclasında Azərbaycan, Türkiyə, Danimarka alimlərinin məruzələri dinlənildi.

Daha sonra konfrans öz işini bölmələr üzrə davam etdirdi. Qeyd edək ki, BSU-da keçirilən konfrans aprelin 12-si Göygöl rayonunda davam etdirilib.

 

 

Sabutay

 

Mədəniyyət.- 2009.- 15 aprel .- S. 13.