Atları yəhərləyin

 

Söhbət eyniadlı filmdən getmir

 

At muraddır! Azərbaycanda minlərlə, bəlkə də milyonlarla gözəl, sərrast deyimlərdən biri də elə bu zərb-məsəldir. Yuxuda at görmüsənsə, arzuna, istəyinə çatacaqsan, deməli, ikinci bir yozum yoxdur. Atda bir müqəddəslik, həmişəyaşarlıq, məğrurluq var və daha neçə-neçə bu kimi müsbət keyfiyyətləri özündə cəmləşdirib. Atı nağıllarımıza, dastanlarımıza gətirən, əsas qəhrəmanlardan birinə çevirən də elə bunlardır. Sadalanan keyfiyyətlərə bu və ya digər formada başqa heyvanlarda da rast gəlmək mümkündür. Ancaq atı onlardan fərqləndirən bir xüsusiyyət də var - o, insanların əbədi dostu və köməkdarıdır. Atdan təkcə məişət işlərində, kənd təsərrüfatında deyil, müxtəlif xalq oyunlarında istifadə edilib. Ölkəmizdə milli atçılıq idmanının sürpapaq, piyalə və ox, Çövkən, Papaq baharbənd, Yaylıq oyunları və s. növləri üzrə maraqlı yarışlar keçirilir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə hər il Şəki Atçılıq Turizm Mərkəzində "Marafon-45" atüstü turist yürüşü və Prezident Kuboku uğrunda Çövkən milli oyunu üzrə yarışlar keçirilir. Prezident İlham Əliyevin 2006-cı il 18 aprel tarixli fərmanı ilə Şəkidə Atçılıq Turizm Mərkəzinin yaradılması bu sahənin inkişafına yönəlib.

 

 

Atçılığa yeni nəfəs

 

Əcdadlarımızın bizə qoyduğu yazılı və şifahi ədəbiyyat nümunələrində atların sadiqliyi, öz sahibinə məhəbbət və köməyi barədə çoxlu əsatir və əfsanələrlə rastlaşırıq. Təsadüfi deyil ki, keçmişdə bir kişinin atına sataşmaq, onun şərəfinə sataşmaq kimi qiymətləndirilib. Hələ ötən ildən Milli Məclisdə hazırlanmısına başlanılan Atçılıq haqqında qanun layihəsinin təsdiqindən sonra atçılıqda böyük dönüş olacağı və bu sahədə vahid dövlət siyasətinin formalaşacağı gözlənilir. Yeni qanunun qəbulunda məqsəd atçılığın inkişaf etdirilməsi, bu sahə ilə məşğul olan fiziki və hüquqi şəxslərin mənafeyini qorumaq, Azərbaycanda beynəlxalq standartlara cavab verən atçılıq təsərrüfatları yaratmaq, yerli at cinslərini qoruyub saxlamaqdan ibarətdir. Eyni zamanda bu sahənin inkişafı üzrə Dövlət Proqramı hazırlanıb.

 

Azərbaycanda atçılığın tarixindən

 

Atçılıq Azərbaycanda daim maraq kəsb etmişdir. Tapılan arxeoloji materiallar söyləməyə əsas verir ki, hələ Tunc dövrünün son mərhələsində Azərbaycanın ərazisində yaşayan insanlar burada atları yəhərləmiş, onları özləri üçün etibarlı dost saymışlar. Akademik B.A. Kaufman respublikamızın ərazisindən tapılan yüyənləri eramızdan öncə birinci minilliyin əvvəllərinə aid edir. Həmin dövrə məxsus tapıntı olan yəhər qaşı, yəhər yanı, tunc zınqırovlar və digər bu kimi əşyalar sübut edir ki, Azərbaycan atçılığının sorağı çox-çox əski çağlardan gəlir. Tarixi sənədlər vətənimizin Şərqdə ən böyük atçılıq ölkələrindən, atların ən qədim əhliləşdirmə ocaqlarından olduğunu göstərir.

1960-cı ildə isə R.X.Səttarzadənin Azərbaycan atçılığı" kitabı işıq üzü görüb. Onun qənaətinə görə, Azərbaycan at cinsləri qədimdən xalq seleksiyası, sonralar bəzi Şərq qanlı atların qanının qarışdırılması nəticəsində formalaşıb. Bura QARABAĞ ATI, QAZAX ATI, QUBA YORĞASI və ŞİRVAN ATI daxildir". Qafqazın və Rusiyanın bir sıra at cinslərinin yaxşılaşdırılmasında Azərbaycan atlarından geniş istifadə olunub. Bizdə atlar ilxılarda saxlanıb. Mütəxəssislərin yekdil fikrinə görə, Azərbaycan atlarının hər cür şəraitə uyğunlaşması və uzaq yürüşlərə dözümlülüyü, ilk növbədə, bununla əlaqədardır. Bizim atlar kiçikboylu olsalar da, (bu çatışmazlığı aradan qaldırmaq məqsədilə onları ərəbqanlı atlar və Terek atları ilə cütləşdiriblər) temperamentlidirlər və bədən quruluşları son dərəcə mütənasibdir.

 

Dünyaşöhrətli Qarabağ atları

 

"Qarabağ" - ən qədim mənşəli dağ minik cinsidir. Yorğa atdır. XVII-XVIII əsrlərdə Qarabağ xanlığında inkişaf etdirilməyə başlayıb. Bu cinsli atları Qafqazda mövcud olan cinslərlə cütləşdirərmişlər. Gözəl eksteryerli Qarabağ cinsli atlar orta boyu, əzələlərinin gözəgəlimliyi ilə digər at cinslərindən kəskin fərqlənirlər. Başları balaca, profilləri düzdür, həyəcanlı gözlərə malikdirlər. Arxası və beli düz, döşü və ümumiyyətlə gövdəsi enli, ayaqları quru, temperamentli, oynaqdırlar. Dərisi nazik, tükləri yumşaq və parıltılıdır. Quyruq tüklərinin nazik olması bu cins atlara xüsusi gözəllik verir.

Tarixin yaddaşında Qarabağ atlarının şöhrətinin bütün Yaxın Şərqə kimi yayıldığı bildirilir. Hətta məşhur təmizqanlı qaçağan at cinsinə malik olan ingilislər də Qarabağ atı ilə maraqlanırdılar.

Bu haqda 1889-ci ildə Ərzuruma səyahət edən Rusiyanın dahi şairi A.S.Puşkinin də qeydlərində rast gəlinir: Cavan rus çinovnikləri Qarabağ ayğırlarının üzərində gəzirdilər.

İl ərzində iki dəfə Çıdardüzündə atçaparlar arasında yarışlar keçirilir, qaliblərə qiymətli hədiyyələr verilərdi. İbrahim xanın atlarına dünya bazarında tələbat böyük idi. Həmin nəsildən olan şairə Xurşidbanu Natəvan da atçılıqla fəal məşğul olurdu və onun bütün ölkədə məşhur olan ilxısı vardı. Şairənin Qarabağ atları 1867-ci ildə Parisdə, Moskvada və Tiflisdə ümumdünya kənd təsərrüfatı sərgilərində iştirak edir və hər dəfə də qalib gələrək, qızıl medallarla mükafatlandırılırdı.

 

Atlara qayğı bu günün aynasından

 

Gəncədə yerləşən Kənd Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Aqrar Universiteti) SSRİ dövründə atçılıq üzrə yeganə ixtisaslı kadrlar hazırlayan fakültə də fəaliyyət göstərib. Lakin ötən əsrin 90-cı illərindən sonra sözügedən sahə inkişaf etdirilmədiyindən baxımsızlıq cins atların kökünün kəsilməsi, ata marağın azalması ilə nəticələnib. Bununla yanaşı, atçılıq fakültəsi də tələbə qəbulu olmadığından bağlanıb. Ümumiyyətlə at çox qiymətli heyvandır. Dünyada yetişdirilən 260-a qədər at cinsindən Qarabağ və Dilboz cinsləri Azərbaycana məxsusdur. Bundan başqa ölkədə Quba, Şirvan at cinsləri də yetişdirilir: Hələ ərəb atları əhliləşdirilənə qədər Azərbaycanda cins Qarabağ atlarının nəsli olub. Azərbaycanda vaxtilə Ağdamda, Şəkidə, Ağstafada atçılıq zavodlarının çox məhsuldar fəaliyyət dövrləri olub. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, aqrar islahatlar aparıldıqdan sonra bu gün ölkədə atların sayı artaraq 71 min başa çatmışdır. Bu, 1995-ci ilə nisbətən 61 faiz çoxdur. Lakin vaxtilə respublikamızda saxlanılan atların sayı bundan bir neçə dəfə çox olub. Hazırda Dövlət Damazlıq Təsərrüfatlarında 347 baş at yetişdirilir. Hər il Bakı Dövlət Cıdır Meydanında 60 başa qədər damazlıq at sınaqdan keçirilir. Respublikda xüsusi mülkiyyətə əsaslanan 20-yə qədər hüquqi və fiziki şəxsdə 500-dən artıq cins at var. Onlardan yalnız Binədəki Azərbaycan Atçılıq Klubunda 150 baş təmizqanlı ərəb, Axaltəkə və ingilis atları yetişdirilir.

 

Atüstü oyunlar

 

Azərbaycanda atçılıq haqda danışanda, təbii ki, atüstü milli oyunlardan yan keçmək qəbahət olardı. Ölkəmizdə hələ lap qədim zamanlardan idmanın digər növlərinə nisbətən daha çox atüstü milli oyunlarla məşğul olurdular. Bu oyunların 24 əsrlik tarixi vardır. Yaxın Şərq və Orta Asiya ölkələrində atüstü oyunlar igidlik və cəsurluq rəmzi olub. Lakin ötən əsrin 50-ci illərinə kimi ölkədə atüstü oyunlar barədə məlumatlar üzə çıxmamışdır. 1000 il əvvəl həvəslə oynanılan Çövkan, Sür Papaq, Bahərbənd, Yaylıq, Gərdək qaçırmaq və s. oyunlar haqqında əksər əhalinin, xüsusən də gənclərin heç bir anlayışı yox idi. Həmin dövrdə bu məsələ respublikanın əməkdar məşqçisi Fikrət Hüseynovun diqqətini cəlb edir. O, bu sahədə tədqiqat işləri aparmağa başlayır. Sirr deyil ki, 1000 il keçdikdən sonra milli atüstü oyunların bərpası gərgin axtarış və əmək tələb edirdi.

Nəhayət, 1958-ci ildə Gəncənin Bağmanlar qəsəbəsinin çıxacığında balaca cıdır düzü təşkil edən Fikrət müəllim 4 kolxozdan atları yığır və gəncləri öz ərtafına toplayır:

Bu dövrə qədər Azərbaycan, atüstü milli oyunlar üzrə İttifaq miqyaslı yarışlarda iştirak edə bilmirdi.

Bunu aradan qaldırmaq üçün Gəncə ətrafında yerləşən 4 kolxozda 10-dan çox xüsusi komandalar yaradılaraq, məşqlərə başlanıldı. Azərbaycan atüstü milli komandası 1961-ci ildə Moskvaya yarışa dəvət alır.

İlk yarış Azərbaycan ilə erməni çaparları arasında keçirilməli olur. Azərbaycan komandası 3:1 hesabı ilə qalib gəlir.

Fikrət Hüseynov gərgin əməyi nəticəsində XX-əsrin 50-ci illərinin sonunda başda Çövkən olmaqla bir sıra milli oyunlarımız bərpa edilmişdir.

Tarixi keçmişimizə bu vurğunluq F.Hüseynovu atüstü oyunlarımızın yorulmaz tədqiqatçısına çevirmişdir. O, ötən müddət ərzində 10 xalq oyunun tarixi sənədlər və folklor materialları əsasında bərpa etdirib, yarış qaydalarını hazırlamış, kitabçalar şəklində xalqa çatdırmışdır. Piyalə və ox, Baharbənd, Sürpapaq, Gərdək qaçırmaq və s. Oyunlar belələrindəndir

İlk dəfə F.Hüseynov tərəfindən bərpa edilmiş atüstü milli oyunlar onun rəhbərliyi altında 1958-1960- cı illərdə Gəncə şəhərində nümayiş etdirilmişdir.Bu gündən ölkəmizdə atüstü oyunların inkişafı Mədəniyyət və Turizm Nazirliyinin yalnız Respublika Atçılıq Turzim Mərkəzi tərəfindən həyata keçirilir.

 

 

Atları yəhərləyin

 

Azərbaycanda bir neçə min illik yaşı olan atçılıq, mədəniyyətimizin və tariximizin bir hissəsidir. Atçılıq ənənələri isə hər bir xalqa məxsus olan mədəniyyət deyil. Buna ən azı belə bir misal gətirmək olar ki, dünyada məşhur olan bir neçə at cinsləri vardır və onlardan da biri məhz Azərbaycana məxsusdur. Bu baxımdan hər bir ölkənin nüfuzu sayılacaq onun dünyada layiqli təbliğatçısından birinə çevrilə biləcək bir sahəyə dövlət qayğısı labüddür. Həmçinin inkişaf etdirilməsi ciddi vəsaitlər tələb edən atçılıq, respublikaya küllü miqdarda valyuta da gətirə bilər.

 

 

Sabutay

 

Mədəniyyət.- 2009.- 15 aprel.- S. 8.