Aktyor ömründən fraqmentlər

 

Aprelin 22-si Həsən Əblucun doğum günüdü

 

Həsən Əbluc 1942-ci il aprelin 22-də Təbriz şəhərində anadan olub. Cənubi Azərbaycanda demokratik hərəkat süquta uğrayandan sonra ailəsi Bakıya köçüb. O, burada böyüyüb. Həsən Əbluc hələ uşaq vaxtlarından aktyorluğa böyük həvəs göstərib. O vaxtlar dram, ədəbiyyat dərnəkləri, pionerlər sarayı, klublar var idi. Klublarda musiqi, dram dərnəkləri fəaliyyət göstərib. Həmin vaxtlar «26-lar» sarayında Lütfi Məmmədbəyovun rəhbərliyi ilə Xalq Teatrı fəaliyyət göstərirdi. Həsən hələ 6-cı sinifdə oxuyarkən pionerlər sarayında keçirilən dərnəyə gedirdi. Hansı ki ora Gənc Tamaşaçılar Teatrının müqtədir aktyorlarndan olan Süleyman Ələsgərov rəhbəlik edirdi. Həsən orta məktəbdə də dərslərini yaxşı oxuyurmuş. Onun atasının balaca su köşkü var idi. Atası yaşlı olduğundan ona işində köməklik edirdi. Atasının aktyorluqdan xoşu gəlməyib və Həsənə məktəbi bitirəndə Teatr İnstitutuna qəbul olunmağa icazə verməyib. Nəticədə Həsən Politexnik İnstitutuna daxil olub. O vaxtlar institutlardan gəncləri istehsalata təcrübəyə aparırdılar. Həsəni də I kursda oxuyanda zavodlara dəmir kəsməyə aparırdılar. Həsənin əlləri kəsik-kəsik olurdu. İki aydan sonra atası oğluna deyib: «İnjinerlık budur, bala? Hansı sənətə istəyirsən, get». Həsən I kursu başa vurandan sonra sənədlərini aktyorluq fakültəsinə verdi. O, Rza Təhmasibin kursunda təhsil aldı.

Tofiq Kazımov kimi istedadlı rejissorun indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırladığı tamaşalarda ikinci rejissor işləyib və həm də onun kursunda təhsilini davam etdirib. III kursda oxuyanda Akademik Dram Teatrına işə dəvət olunub. Ona səhnə danışığından Müxlis Cənizadə dərs deyib. O, Həsənin gözəl danışığına, sənətinə, diksiyasına, savadına görə onu assistent götürmüşdü. Həsən 30 il İncəsənət İnstitunda dərs deyib. O, həm müəllim, həm rejissor, həm də aktyor idi. Maraqlı hekayələr, dram əsərlər yazıb. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Azərbaycan qrupu yaradılmışdı. Məşhur aktyor, rejissor Yevgeni Motfeyev həmin qrupun rəhbəri idi. Ayda bir həftə səhnə danışığından dərs demək üçün Həsən Əblucu Moskvaya dəvət edirdilər. Həsənin gözəl, ecazkar, cəlbedici, inandırıcı səsi vardı. O, radio tamaşalarında da saysız-hesabsız baş rollar yazdırıb. Dublyaj filmlərimdə bütün rejissorlar baş rolları səsləndirməyi Həsənə həvalə edirdilər. Çünki Həsən dublyajda öz möhürünü vurmuşdu. Həsəni daha çox aktyorların məsuliyyətsizliyi əsəbiləşdirirdi. Məsələn, bir aktyorun 6 ay bir rolun sözlərini əzbərləməməsinə hirslənirdi. O, xəstələndikdə belə işdən qalmazdı. Dünyasını da qəflətən, elə iş başında dəyişdi: 1994-cü il martın 13-də. Məzarı İkinci Fəxri Xiyabandadır.

 

 

Aytək

 

 Mədəniyyət.- 2009.- 22 aprel.- S. 10.