İnsanları qaranlıqdan işığa aparan nur

 

Qurani-Kərim bir milyondan artıq insanın etiqad etdiyi, ərəb ədəbi dilinin ən möhtəşəm abidəsi, dinlərin sonuncusu olan İslam dininin müqəddəs kitabıdır. İlahi gözəlliyə malik olan bu kitab Ulu Tanrının möcüzəsi kimi milyonlarla insanın qəlbini, onların canına, qanına hopmuş, şüuruna hakim kəsilmişdir.

 

Quranın ilahi gözəlliyini təsdiq etməyə lüzum yoxdur. Ərəb dilini bilməyənlər belə onu dinləməkdən doymur.

Bu müqəddəs kitab insanlara mənəvi möhkəmlik verir, ürəklərə işıq saçır. İslam insana düşdüyü çətinliklərinin həlli yollarını göstərir, ona necə yaşamağı izah edir, qəlbin, ağlın, mənəviyyat davranışın, cəmiyyətin fərdi həyatın bütün suallarına cavab verir. Qurani-Kərim , onun Allah tərəfindən nazil olduğu, Allah tərəfindən qorunub saxlanılacağı zikr olunmuşdur.

Müqəddəs Quran bəşəriyyətə möcüzə olaraq sonuncu peyğəmbər Məhəmmədə (ə.s.) vəhy şəklində Cəbrayıl Mələk vasitəsi ilə 23 il müddətinə göndərilmişdir. Mənası oxumaq, tələffüz etmək anlamında olan bu müqəddəs kitab 114 surədən, 6236 ayədən 77934 sözdən ibarətdir. Kitabın 90 surəsi Məkkədə, 24 surəsi Mədinədə nazil olmuşdur.

Məhəmməd Peyğəmbər (ə.s.) hədislərinin birində buyurur: Elm öyrənmək hər bir müsəlman kişi və qadın üçün vacibdir.

Quranın hələ də açılmamış, kəşf edilməmiş ayələri insan idrakına sığışmayan gələcək elmi kəşflərdən xəbər verir. Zaman keçdikcə elmi kəşflər, ixtiralar bir-bir həyata vəsiqə aldıqca Quran ayələrinin mahiyyəti tədricən anlaşılır. Eyni zamanda, həyat, cəmiyyət inkişaf etdikcə bu müqəddəs kitaba ehtiyac maraq daha da artır. Baxmayaraq ki, Qurani-Kərimin nazil olmasından 1400 ildən artıq bir vaxt keçmişdir.

Bu həqiqəti aprelin 20-də Şirvanşahlar Dövlət tarixi memarlıq qoruğu muzeyində Bakı İslam Mədəniyyətinin Paytaxtı - 2009 mədəniyyət ili çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi ilə Şəms Qadınlar Cəmiyyətinin birgə təşkil etdikləri Quran kitabları sərgisi bir daha təsdiq etdi.

Tədbiri giriş sözü ilə açan sarayın direktoru Rəna Rzayeva qonaqları salamlayaraq qeyd etdi ki, bu gün burada sərgilənən Quran kitabları uzun illər ağır zəhmətlər bahasına toplanmış qiymətli bir xəzinədir. Gələcəkdə bu işlər davam etdiriləcək.

Rizvan Bayramov - Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs Şöbəsinin müdiri: Sərgi ikinci dəfədir ki, keçirilir. Bildiyimiz kimi, Bakı 2009-cu il İslam Mədəniyyətinin Paytaxtı elan edilib. Bununla bağlı bir çox tədbirlər keçirilir. Bugünkü tədbir bu qəbildəndir. Sərginin məqsədi Quranı mədəni-mənəvi irsimiz, kimi təqdim etmək onu geniş şəkildə təbliğ etməkdir.

Sərgidə ölkə ərazisində ayrı-ayrı şəxslərdən yığılan qədim və muasir üslubda çap olunmuş ən kiçik və ən böyük həcmli 200-ə qədər Quran kitabı nümayiş etdirildi. Burada ən maraqlı və ən möcüzəli guşələrdən biri də yanğınlar və zəlzələlər zamanı slamat qalmış və dövrümüzə qədər gəlib çatmış Quran nüsxələridir.

Nümayiş etdirilən Quran kitabları içərisində vaxtilə Şuşa qalasında, Bərdə və başqa rayonlarda evlərin divarlarına hörülmüş, quyularda gizlədilmiş kitablar da var. Onların arasında 600 il bundan əvvəl ərsəyə gəlmiş kitab da təqdim olundu.

Sərgidə həcmcə ən kiçik təxminən, bir sm ölçüdə olan Quran da maraqlı eksponatlardan biridir. İnanca görə, insanlar belə Quran nüsxələrini ciblərində gəzdirirmişlər ki, şər qüvvələrdən qorunsunlar.

Maraqlı guşələrdən biri də kiçik lobyanın üstündə surə, düyünün üstündə isə ayələr yazılan guşədir.

Sərginin təşkilatçılarının bildirdiyinə görə, yerin darısqallığından bütün eksponatları nümayiş etdirə bilmirlər. Hələ 2 sandıq eksponat növbə gözləyir. Onların arasında sabah sərgilənəcək Murtuza Muxtarovun Quran kitabı da vardır. Həmin kitabın ağırlığı 25 kiloqramdır. onun tərtibatında 7 kq qızıldan istifadə edilmişdir.

Sərgiyə xarici səfirliklərin nümayəndələri qatılmışdı. Onlar maral keçi dərisində saxlanılan qızıl suyuna çəkilmiş Quran nüsxələrinə daha çox maraq göstərirdilər.

Sərgi 2 həftə davam edəcək.

 

 

Fərahim Dünyamalıoğlu

 

Mədəniyyət.- 2009.- 22 aprel.- S. 2.