Cəfər Cabbarlının 110 illiyi qeyd olundu

 

Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə Muzey Mərkəzində görkəmli ədib, dramaturq, teatr və kino xadimi Cəfər Cabbarlının anadan olmasının 110 illiyi qeyd edildi. Tədbir iştirakçıları əvvəlcə C.Cabbarlının həyat və yaradıcılığına həsr olunmuş sərgiyə baxdılar.

Tədbiri giriş sözü ilə açan fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev XX əsrin əvvəllərində Azərbaycan teatr və dramaturgiyasının inkişafının, həm də milli kinematoqrafiyanın təşəkkülünün C.Cabbarlının çoxcəhətli yaradıcılıq fəalyyəti ilə qırılmaz surətdə bağlı olduğunu bildirdi.

Ədəbi yaradıcılığa erkən yaşlarından başlayan görkəmli sənətkar sonralar tamaşaya qoyulmuş pyesləri ilə böyük şöhrət qazanıb.

Filologiya elmləri namizədi Asif Rüstəmli, kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadə və başqaları tədbirdə daha çox C.Cabbarlının kinodramaturq kimi fəaliyyətindən danışdılar.

Xalq artisti, bədii qiraət ustası Əminə Yusifqızının ifasında C.Cabbarlının şeirlərindən parçalar səsləndi, ssenarisi əsasında çəkilmiş filmlərdən fraqmentlər göstərildi.

Sonda Gülarə Cabbarlı atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına, iştirakçılarına minnətdarlığını bildirdi.

 

 

Mədəniyyət.- 2009.- 22 aprel.- S. 1.