Balaca “Günay”ın böyük uğuru

 

Yaşıl Teatr Mahnı kompleksinin nəzdində fəaliyyət göstərən “Günay” uşaq teatrı yaxınlarda Fransa səfərindən qayıdıb. Əməkdaşımız teatrın baş rejissoru Larisa Tarusova ilə görüşüb və onun səfər təəssüratlarını yazıya alıb.

 

- 1994-cu ildən Yaşıl Teatr Mahnı kompleksinin nəzdində uşaq estetik mərkəzi fəaliyyət göstərir. 2003-cü ildən isə bu mərkəzin bazasında “Günay” uşaq teatrı yaradıldı. Çox qısa müddətdə bu teatr respublikamızın mədəni həyatında özünəməxsus rol oynamağa başladı, bir çox müsabiqələrdə iştirak etdi, həm Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov tərəfindən təşkil edilən Respublika Uşaq Festivalında Qran-pri mükafatına layiq görüldü. Uşaqların teatr səhnələrindəki çıxışı, müxtəlif tədbirlərdə iştirakı həmişə peşəkar teatr xadimləri tərəfindən maraqla qarşılanıb, onların ən kiçik nümayəndələri daim qayğı ilə izlənilib, həvəsləndirilib. Bizim uşaqlar R.Behbudov adına Mahnı Teatrında, əl oyunları stadionunda, müxtəlif kitabxanalarda, mədəniyyət evlərində tamaşalar göstəriblər.

Xocalıya həsr edilmiş səhnə mədəniyyət mərkəzləri tərəfindən maraqla qarşılanmışdı. Bizim teatr rusdilli olmasına baxmyaraq, bu tamaşanı Azərbaycan dilində səhnələşdirmişdik. Çünki milli ruhu vətənpərvərliyin ən ali notlarını uşaqların dilindən eşitmək, onların sabaha olan inamını artırır. Repertuarımızda böyük Üzeyir bəyin xatirəsinə həsr edilmiş “Arşın mal alan” tamaşası var. 2008-ci ildə Moskvada beynəlxalq uşaq teatrları festivalında iştirak etdik. Oraya Qofmanın “Şelkunçik” tamaşası ilə qatıldıq demək olar ki, teatrımızın çıxışı böyük rəğbətlə qarşılandı, festivalın xüsusi diplomuna layiq görüldük. Hər bir nailiyyət uşaqları sevindirir, onları daha çox yaradıcılıq adlı sirli-sehrli məqama bağlayır. Uğurlu işlərimizdən biri poeziya duhası Puşkinə həsr olunub. Sənətsevərlər bilir ki, bu il Puşkinin anadan olmasının 210 illiyi qeyd olunur. Elə bu baxımdan “Puşkiniana” adlı böyük bir tamaşa hazırlamışdıq. Bu tamaşanı R.Behbudov adına Mahnı Teatrının səhnəsində göstərdik. Bu rəngarəng, Puşkin ruhlu, poeziya ilə dolu tamaşaya görə Rusiya səfirliyinin “Qızıl balıq“ mükafatına layiq görüldük. Orada “Qızıl balıq qoca balıqçı” əsərinin motivləri əsasında səhnələr yaratmışdıq.

Yeni il qabağı bizə zəng edib bildirdilər ki, “Günay teatrı” 23-cu uşaq teatr festivalında iştirak etmək üçün Fransanın Tuluza şəhərinə dəvət alıb. Respublikanın bir neçə uşaq teatrı öz tamaşalarını diskə köçürüb, müsabiqəyə göndərib. Münsiflərin seçimi “Günay” teatrı olub. Bu dəfə mövzumuz Şekspirin “Romeo Cülyetta” idi. Düzdü, əsəri tam şəkildə səhnəyə çıxara bilmədik. Çünki tələblərdən biri bu idi ki, tamaşanın vaxtı bir saatdan artıq olmasın. Biz dahi Şekspirin bu əsərinin motivləri əsasında “Məhəbbət himni” tamaşasını oynadıq.

Tamaşada on nəfər iştirak edirdi. Romeo - Adil Zeynalov, Cülyetta - Leyla Mürşidova, senyor Kapuletti - Əliheydər Rəhimov, senyora Kapuletti -Aytən İsmayılova, Leonardo -Zaur Babayev, mələklər - Negin Məmmədova, Samirə Muradəliyeva, qonaqlar - Ülvi Səfərov, Cəmilə Məlikova və Sona Abdullayeva öz rollarının ifasından çox məharətlə gəldilər.

“Günay”ın çıxışı xüsusi diplom və prizlə mükafatlandırıldı. Teatrın hər bir üzvü isə ayrı-ayrı diplomlara layiq görüldülər.

Xoreoqraf Günəş Talıbovanın və balaca aktyorlarımızın geyimlərini hazırlayan Marina Məlikovanın (onun qızı bizim teatrın üzvüdür) əməyini də xüsusilə qeyd etmək istəyirəm.

Onu da deyim ki, gələn il Almaniyada XX Ümumdünya uşaq teatrı festivalı keçiriləcək. İndidən həmin festivala hazırlaşırıq.

 

 

Vəli Səyyadi

 

Mədəniyyət.- 2009.- 7 avqust.- S. 4.