İstedad qayğı istər

 

Bir ənənə olaraq hər il may ayının sonlarında Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında II semestrdə tələbələrin əl işlərinə baxış keçirilir. Həmin gün mən rəssam tələbələrin sinif otaqlarını bir-bir gəzdim. Doğrusu, ən çox diqqətimi cəlb edən qrafika fakültəsinin III kurs tələbəsi Cəlal Ağayevin əl işləri oldu.

 

Rəssamlıq Akademiyasında Cəlalın ixtisas müəllimləri xalq rəssamı, professor Cəmil Müfidzadə və xalq rəssamı Yusif Hüseynovdur. Gənc rəssamın özünün etirafına görə, incəsənətin qrafika sahəsində onu rəssam kimi formalaşdıran istiqamət verən Cəmil müəllim olub. Cəlal kompozisiyalarının ərsəyə gəlməsində Cəmil Müfidzadənin rolunun əvəzsiz olduğunu xüsusilə vurğuladı.

Əsasən dəzgah qrafikasında işləyən gənc qrafik bu vaxtadək bir neçə texnikada (qarışıq texnika, ofort, ksiloqrafiya, litoqrafiya, linoqravür, quru iynə, rezervaj və s.) əsərlər yaratmışdır. Cəlal ən çox Abşeron bağları, inşaat neft mövzularına müraciət edir. Əksəriyyət işlərinə nəzər saldıqda, aydın görünür ki, kompozisiyalarında o, daha çox dövrün aktual mövzularına müraciət etməyi xoşlayır. Onun Neft mədənində adlı ofortu 2007-ci ildə Bakıda keçirilən Azərbaycanda Koreya günləri sərgisində nümayiş olunmuşdur. Daha bir əsəri - Muğam üçlüyü isə (2006) Türkiyədə keçirilən Koreya günləri sərgisində tamaşaçılara təqdim edilmişdir. Ümumiyyətlə, gənc rəssam tələbəlik illərindən bir çox kollektiv sərgilərdə qrafika əsərləri ilə iştirak edir. O, linoqravür texnikasında yaratdığı Gözəlləşən Bakı (2007) diptixi ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sərgi salonunda baş tutan tələbə sərgisində iştirak edərək 1-ci yerə layiq görülmüşdür. Həmin əsər haqda qısaca da olsa danışmaq yerinə düşərdi: Gözəlləşən Bakı linoqravürü iki hissədən ibarətdir. Əsərin əsas kompozisiyasını körpülər təşkil edir. Diptixin hər ikisində körpü tikintisi yolların abadlaşdırılması göstərilib. Mürəkkəb kompozisiyaya malik diptix Bakı şəhərinin gün-gündən gözəlləşən mənzərəsinə həsr edilib.

Cəlal Ağayevin Körpülər seriyası da diqqətəlayiq işlərdəndir. Bu seriyaya 6 əsər daxildir. 2009-cu ildə ərsəyə gələn bu silsilənin dördü kağız üzərində, qarışıq texnikada (pastel, yağlı karandaş, damarnıy lak s.), ikisi isə linoqravüra texnikasında (əvvəl təsvir linoleum üzərində müvafiq alətlərlə qazılır, daha sonra estamp vasitəsilə kağıza çap olunur) işlənilib. Gənc rəssam burada orijinal bir formada tikinti işlərini təsvir etmişdir. İnşaatçıların prosesini anlarını böyük ustalıqla gündəmə gətirib. Seriyalarda körpü tikintisinin hər bir xırdalıqlarınadək dəqiq təsvir olunmasından belə nəticə çıxır ki, müəllif bu səhnəni real həyatda diqqətlə izləmiş onu öz əsərində maraqlı bir kompozisiyaya çevirmək fikrinə gəlmişdir.

Cəlalın işlərinin içərisində ən çox bəyəndiyim kompozisiyalardan biri də Pianoçu qız (2009) adlanır. Estamp-çap qrafikasının ofort akvatsinta texnikasında yaradılan bu əsər ilk baxışda öz harmonikliyi ilə diqqəti cəlb edir. Burada kompozisiya quruluşu şaquli formada, yığcam şəkildə həll olunub. Royalın qarşısında üzü tamaşaçıya tərəf əyləşmiş qız fiquru tablonun yeganə qəhrəmanıdır. Kompozisiyanın mürəkkəb texnikalarda işlənilməsinə baxmayaraq, rəssam işıq-kölgə effektinin ştrix həllinin öhdəsindən çox gözəl gələ bilmişdir. Janr etibarilə əsər bütöv fiquru əks etdirən portret hesab olunur. Gənc rəssamın Duz (2008) adlı seriyası (qarışıq texnika), Natürmort (2006) (quru iynə üsulu) Abşeronun misilsiz görüntülərini əks etdirən mənzərələri öz növbələrində seçilirlər.

Düha sahiblərindən biri doğru buyurub: İstedad ya var, ya yoxdur. Mən Cəlal Ağayevdə həqiqi istedad gördüm. Bu istedadın kamilləşəcəyinə, bütövləşəcəyinə məndə şəkk-şübhə yoxdur. Mən Cəlalın gələcəyinə inanıram. Sadəcə, bu parlaq istedada qayğı diqqət gərəkdir. Bir deyirlər ki, istedadlılara qayğı diqqət lazımdır, istedadsızlar onsuz da min bir yolla özlərinə yol tapacaqlar.

 

 

Nigar Yunus

 

Mədəniyyət.- 2009.- 7 avqust.- S. 5.