Nağıllardan gələn adam

 

Əli Tanrı ətəyində, qəlbi yurduna, elinə bağlı, saflığı, səmimiyyəti, sədaqəti və bir də rəngarəng rolları ilə qəlblərdə yaşayan respublikanın əməkdar artisti Ələkbər Hüseynov...

1961-ci ildə Bakının köhnə məhəllələrinin birində sadə bir ailədə oğlan uşağı dünyaya göz açdı. Adını Ələkbər qoydular. Aylar keçdi, illər ötdü. Atası Adıgözəl kişinin halal ocağında hər gün bir buğda boyu böyüdü, boy atdı. Bir səhər uşaqlara qoşulub bağçaya getdi. Tay-tuşlarından, həmyaşıdlarından bəzi cəhətləri ilə fərqlənirdi, bir az dəcəlliyi, bir az da şıltaqlığı vardı Ələkbərin. 6 yaşına çatdıqda məktəbə getdi və ilk dəfə balaca aktyor kimi rola çəkildi. Elə o gündən də səhnə, teatr adlı sonsuz bir kainatın işığına düşdü. Sənət aləminə olan maraq onu 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə gətirdi. Zaman keçdi. 1982-ci ildə Ələkbər Hüseynov Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirdi. Həmin ildən Ələkbərin həyatında yeni səhifələr açıldı. Səhnə adlanan sehrli bir dünya. Təyinatla Şəki Dövlət Dram Teatrına yollandı. Bu teatrda müxtəlif səpkili rollar oynadı. O, özünün hər bir rolu ilə tamaşaçıların qəlbinə nüfuz edir, onları həm güldürür, həm də düşündürürdü. Elə buna görə də yaradıcılığının ilk illərindən başlayaraq klassik dramaturgiyamızın bir sıra gözəl nümunələrində bənzərsiz obrazlar silsiləsi yaratdı. Uğurlar, nailiyyətlər bir-birini əvəz elədi. Aktyor sənəti üçün əsas meyar güclü hiss və daxili cazibədir. Bundan başqa, Ələkbərdə olan açıq tələffüz, gözəl səs, xarici görünüş və daxili zənginlik də onun peşəkar aktyor olacağına zəmanət verirdi. Onunla bərabər sənətə gəlmiş yaşıdlarından fərqli cəhəti daxili inamı və səmimiyyəti idi. Dərin və mənalı gözlərində qəribə bir əfsun vardı. Şən, həyatsevər, bahar suları tək qaynayıb-coşan, eyni zamanda kövrək bir insan idi. Onunla hər mövzunu bölüşə bilərdin, insanı başa düşər, təsəlli olardı.

Deyirlər, istedadla həvəs, zəhmət əkizdir. Ələkbərin istedadı da olub, hədsiz həvəsi də, tükənməz zəhməti də. Sonrakı illərdə sənət ümmanının dərinliklərinə baş vurduqca, bu sehrli aləmin səhifələrini vərəqlədikcə, Ələkbər dünyasında yeni çalarlar yaranırdı. Bəli, bunlar onun səhnəyə, teatra olan sevgisini bir az da cilalayırdı. Hədsiz insanpərvərliyi, təvazökarlığı, mehribanlığı, büllur kimi saf və incə qəlbi ilə tez bir zamanda tamaşaçı auditoriyası qazanmışdı. İnsanlara sevgisində, uşaqlara məhəbbətində, xalqına, onun mədəniyyətinə vurğunluqda və təəssübkeşliyində nümunə idi Ələkbər.

O, öz sənəti, aktyor manerası ilə seçilirdi. Yaradıcılığa olan sonsuz marağı, teatra ürəkdən bağlılığı, işinə ciddi yanaşması rejissorların diqqətini cəlb etdi. Az vaxtda bütün teatr kollektivi Ələkbər Hüseynov sənətinin vurğunu oldu. Əksər aktyorlar kimi Ələkbər də çox səmimi, uşaqla uşaq, böyüklə böyük, təvazökar bir insandı. O, adətən özü haqqında az danışar, lakin incəsənətdən, teatrdan, xüsusilə kukla teatrından söhbət düşəndə deyərdi: Mən çalışdığım teatrı çox sevirəm. Bu, bəlkə də ona görədir ki, uşaqlarımızın taleyi, tərbiyəsi, gələcəyi məni daha çox düşündürür.

1988-ci ildə Ələkbər Hüseynov A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyorluğa başlayır. Bu teatrın səhnəsində ilk rolu Ə.Haqverdiyevin Pəri Cadu pyesinin tamaşasında Qurban obrazı olur. Daha sonra ona və rejissora böyük uğur gətirən H.X.Andersenin Bülbül nağılında Nağılçı və Çin imperatoru rollarını oynayır. Bülbüldən sonra Ələkbər Hüseynov N.Bədəlovun Qara rəngin nağılı tamaşasında Aydın, R.Əlizadənin Tıq-Tıq xanımında Dirijor, Qoca və Müğənni, A.Ostrovskinin Qar qız tamaşasında Lel rollarını oynayır. O, teatrda təkcə aktyor, kukla sənətçisi yox, həm də bir çox nağıl tamaşalarınun quruluşçu rejissoru kimi tanınır, sevilirdi. Səhnələşdirdiyi Səadət quşu, Möcüzəli tamaşa və Cik-cik xanım pyeslərini Azərbaycan Dövlət Kukla Teatrının rus bölməsində özü də tamaşaya hazırlamışdı. Keçəlin toyu tamaşasındakı Keçəl rolu ilə İstanbulda, Bülbül tamaşası ilə İranda və Türkmənistanda keçirilən beynəlxalq festivallardan mükafatla qayıtmışdı. Dəfələrlə özünün mono tamaşalarıyla dünyanın bir çox ölkələrində - Turkiyədə, İranda, Fransada, Belçikada, Hollandiyada, Almaniyada keçirilən Beynəlxalq Kukla Teatrları festivallarının laureatı olmuşdu.

1993-cü il idi. Televiziyanın Uşaq Verilişləri redaksiyasının əməkdaşları uşaqlar üçün əyləncəli-musiqili bir veriliş ərsəyə gətirdilər. Adını da Hər birimiz bir çiçək qoydular. Ələkbərə verilişin aparıcılığı həvalə edildi. Az vaxtda bu veriliş balacaların sevimli Ələkbər əmiylə görüş yerinə çevrildi. Uşaqların sevinci yerə-göyə sığmırdı. Televiziyada Ələkbərin ilk qədəmləri sayalı oldu. El-el, oba-oba gəzdi. Sehrli nağıl tamaşaları, məzəli oyunları, əhvalatları, bir-birindən gözəl mahnı sovqatları ilə körpə fidanların qonağı oldu. Həmin vaxtdan Ələkbər Hüseynov nəinki respublikamızda, dünyanın bir çox ölkələrində Ələkbər əmi kimi tanındı, məşhurlaşdı. Hamı onu bu adla çağırırdı. Şirin-şəkər balaların qəlbinə yol tapan Ələkbər Hüseynov bu barədə həmişə belə deyərdi: Küçədə gedəndə uşaqlar məni Ələkbər əmi, Ələkbər əmi - deyə səsləyəndə, mən bu sözlərdən fərəhlənir, qürur hissi duyuram.

Ə.Hüseynov Sərçənin aqibəti tamaşasına görə 1993-cü ildə Humay mükafatına, 2002-ci ildə isə Azərbaycan Teatr Xadimləri İttifaqının Qızıl Dərviş Mükafatına layiq görülür. 2000-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin Sərəncamı ilə Ələkbər Hüseynova respublikanın Əməkdar artisti fəxri adı verilir. 2006-cı ildə isə Ələkbər Hüseynov Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunur.

Cırtdan jurnalının Polşanın Azərbaycandakı səfirliyilə birgə uşaqlar arasında apardığı sorğu nəticəsində məlum olub ki, onların ən çox sevdikləri böyük adam məhz Ələkbər əmidir. Beləliklə, balaca tamaşaçıların səsləri sayəsində uşaqlar qarşısındakı xidmətlərinə görə Ə.Hüseynova 2007-ci ildə Beynəlxalq təbəssüm ordeni təqdim edilir.

Aktyorun sonuncu ad günü rejissoru olduğu, şirin-şəkər balalar üçün hazırladığı Kral mono tamaşasıyla eyni vaxta düşmüşdü. Həmin gün ağ geyimli yubilyarın şərəfinə şamlar yandırıldı, nurlu səhər rəmzi kimi. Hər təbrik, hər teleqram, adına deyilən xoş sözlər teatrın salnaməsinə yazılan bir tarixə çevrildi. Düşünürdülər ki, hələ bundan sonra çox şey dəyişəcək, Ələkbər Hüseynovun səsi-sorağı daha uzaq-uzaq ellərdən gələcək. Dəyişilməyən yalnız bir şey olacaq, o da Ələkbərin bitib-tükənməyən qələbə sevincləri...

Təəssüf ki, belə olmadı. Çox təəssüf ki, yaradıcılığının qaynayıb coşan bir vaxtında, həyat eşqinin kükrədiyi məqamda tale bu istedadlı aktyorla amansız bir oyun oynadı. Qəddar əcəl kövrək, incə bir qəlbin çağlayan arzularını soldurdu. Vaxtsız ölüm bahar sularıtək qaynayıb coşan belə bir insanı yarıyolda qoydu. Ömrünün çiçəklənən çağında bu gözəl aktyorun yarımçıq qalmış arzu və istəkləri bir göz qırpımında yaratdığı nağılların sonluğu kimi bitdi, tükəndi. Dişindən cərrahiyyə əməliyyatı keçirən zaman hepatit virusuna yoluxan Ələkbər Hüseynov 3 il qaraciyər serrozu xəstəliyindən əziyyət çəkir və müxtəlif ölkələrdə müalicə olunur. Lakin, heç bir həkim onun yaşayacağına zəmanət vermir. Qaraciyər serrozu diaqnozu ilə ağır vəziyyətdə Qarayev adına İnfeksion Xəstəlikləri İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilir. 20 gün burada koma vəziyyətində qaldıqdan sonra iyulun 31-də ağır halda evinə qaytarılır. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Ələkbər Hüseynov 2007-ci il avqustun 2-də 46 yaşında dünyasını dəyişir.

Qəribədir, insan bu dünyanı, yaxınlarını, sevdiklərini əbədi tərk edib gedir və bir də geri qayıtmır. Sanki heç yoxmuş, heç doğulmayıbmış, yaşamayıbmış. Sanki dost-tanışları, qohum-qardaşı əyləndirən, şadlandıran heç bu insan deyilmiş... Elə bil ki, bu adamların, bu izdihamın arasında qalmaq onu darıxdırırmış. O, öz dünyasına, əbədiyyətə qovuşmaq üçün darıxırmış.

Bəli, bu bir aktyor ömrü idi. Min bir rəngli, min bir çalarlı aktyor ömrü... Başdan-başa sarı simlərə köklənmiş, duyğuları, kövrəkliyi ilə seçilən aktyor Ələkbər Hüseynov dünyası...

 

 

Naidə Nəcəfova

 

Mədəniyyət.- 2009.- 12 avqust.- S. 6.