Bakıda Abidələr Xiyabanı yaradılacaq

 

Bakı şəhərinin kənarında Azərbaycan ərazisində sökülən abidələrdən ibarət xiyaban yaradılacaq. Bu barədə Prezident Administrasiyasından məlumat verilib.

Abidələr xiyabanının yaradılması prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikası ərazisində yerləşən monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin ümumi görkəminin qorunub-saxlanılması və ətrafının abadlaşdırılmasına dair tədbirlər planında nəzərdə tutulub.

Sərəncamda Bakı Şəhər İcra Hakimiyyəti və yerli icra hakimiyyəti orqanları, Dövlət Şəhərsalma və Memarlıq Komitəsi, Milli Elmlər Akademiyası, Rəssamlar İttifaqı və Memarlar İttifaqının təklifləri nəzərə alınmaqla, bədii əhəmiyyət daşıyan, demontaj edilməli heykəltəraşlıq abidələrinin saxlanılması üçün Bakı şəhəri ətrafında ləğv edilmiş və rekultivasiya olunacaq sənaye zonaları sahələrində regional heykəllər xiyabanının yaradılacağı müvafiq əraziləri müəyyənləşdirməli və təklifləri hazırlamalıdır deyə qeyd olunur.

Tədbirlər planına əsasən Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları ilə birlikdə Azərbaycan ərazisindəki monumental heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin dövlət reyestrini tərtib etməlidir.

Eləcə də Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Şəhərsalma və Memarlıq Komitəsi, Milli Elmlər Akademiyası, Rəssamlar İttifaqı və Memarlar İttifaqının təklifləri nəzərə alınmaqla ilin sonunadək ekspert komissiyasının fəaliyyətini təşkil etməlidirlər.

Bundan əlavə, Mədəniyyət və Turizm Nazirliyi Dövlət Şəhərsalma və Memarlıq Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və icra hakimiyyətinin yerli orqanları ilə birgə ilin sonunadək təmir-bərpa işlərinin aparılmasının tələb olunduğu monumental heykəltəraşlıq, xatirə-memorial və memarlıq abidələri komplekslərini müəyyən etməli və onlarla bağlı təkliflər hazırlamalıdırlar.

Öz növbəsində Dövlət Şəhərsalma və Memarlıq Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və icra hakimiyyətinin yerli orqanlarına isə 2009-2010-cu illərdə təmir və bərpa işlərini aparılması tapşırılıb.

Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Şəhərsalma və Memarlıq Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və icra hakimiyyətinin yerli orqanlarına azərbaycançılıq məfkurəsinə uyğun ucaldılacaq monumental heykəltaraşlıq, xatirə-memorial və memarlıq abidələri komplekslərinin eskizlərini və layihə-smeta sənədlərini hazırlamaq tapşırılıb.

 

 

Mədəniyyət.- 2009.- 21 avqust.- S. 1; 2.