Bir təşəbbüsün iziylə

 

Mədəniyyət qəzetinin Mərdəkanda Murtuza Muxtarovun ev-muzeyini yaratmaq təklifi maraqla qarşılanır

 

Milli mədəni dəyərlərimizin, tarixi keçmişimizin, əvəzsiz sənət nümunələrimizin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması üçün son illər respublikamızda iri miqyaslı layihələr həyata keçirilmiş, diqqətəlayiq işlər görülmüşdür. Təsadüfi deyil ki, həyata keçirilən hər belə tədbir xalqımızın beynəlxalq miqyasda daha yaxşı tanınmasına, Azərbaycanın ulu keçmişinə və zəngin mədəniyyətinə olan marağı daha da artırır. İndi dünyada elə bir ölkə yoxdur ki, orada muğamlarımızı dinləməsinlər, xalçalarımıza heyran olmasınlar, milli sənət nümunələrimizlə maraqlanmasınlar. Ölkəmiz həm də tədricən turizm diyarına çevrilməkdədir. Paytaxt Bakıda, eləcə də regionlardakı tarixi abidələrimiz, arxitektura nümunələrimiz, nadir qalalarımız, zəngin eksponatları olan muzeylərimiz respublikamıza gələn qonaqları valeh edir. Lakin bu sahədə görülən işlərin miqyası nə qədər böyük olsa da görüləsi işlər də az deyil. Bu mənada Mədəniyyət qəzetinin irəli sürdüyü təşəbbüs az bir zaman ərzində böyük əks-səda doğurub. Redaksiyamıza olunan zənglər, şifahi müraciətlər qeyd olunan təşəbbüsün aktuallığını bir daha sübut edir. Əlbəttə, bu heç də təsadüfi deyil. Söhbət xalqımızın tanınmış tarixi şəxsiyyətlərindən biri, məşhur neftxuda və mesenat Murtuza Muxtarovun vaxtilə Mərdəkan qəsəbəsində tikdirdiyi və sonralar bolşeviklər tərəfindən müsadirə olunmuş malikanəsinin ev-muzeyinə çevrilməsindən gedir.

 

Siz kimsiniz, cənab Muxtarov?

 

Murtuza Muxtarov kimdir? Müasir nəsil onun haqqında nə bilir? Onun ev-muzeyinin yaradılması doğrudanmı, bu qədər vacibdir?

İlk öncə qeyd etmək lazımdır ki, H.Z.Tağıyev, Ş.Əsədullayev, M.Nağıyevdən sonra milli Azərbaycan burjuaziyasının və neft sənayesinin ən görkəmli nümayəndəsi məhz Murtuza Muxtarov olmuşdur. Onun adı daha çox Bakıda neft çıxarılması texnologiyasının inkişafı ilə bağlıdır. Ali texniki təhsili olmasa da, neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini mükəmməl öyrənmiş bu azərbaycanlı balası qısa bir zaman kəsiyində çox böyük uğurlar qazanmış, neft sahəsində ən tanınmış mütəxəssislərdən biri olmuşdur. Müasirləri Murtuza Muxtarovun istedadını yüksək qiymətləndirmiş, onun qədər məşhur, neft işini onun kimi dərindən bilən ikinci bir sahibkarın olmadığını demişlər...

Diplomsuz neft mühəndisi kimi şöhrət tapmış M. Muxtarov Azərbaycanın neft sənayesi tarixinə özünün ixtirası ilə daxil olmuşdur. 1895-ci ildə dünyada ilk dəfə metal ştanqlarla zərbə qazıma dəzgahını quraşdırmış və bunun üçün dövlət patenti almışdır. O, bu ixtirasına Bakı qazıma sistemi adı vermişdir. Həmin dəzgahın əvvəlkilərdən üstünlüyü çox idi. Onun digər ixtirası da vardır. 1890-cı ildə yaratdığı Podrat qazma kontoru Bakının Balaxanı, Suraxanı, Ramana və Sabunçu neft rayonlarında neft quyularının qazılmasında böyük rol oynamışdır.

M.Muxtarov həmçinin tanınmış xeyriyyəçi, mesenat, daima qurub-yaratmağa can atan, xarici ölkələrdə gördükləri yenilikləri vətənində də tətbiq etməyi özünün həyat amalı sayan soydaşlarımızdan biri olub. Təsadüfi deyil ki, onun bir əsr bundan əvvəl Bakıda tikdirdiyi binalar bu gün də öz əzəməti, gözəlliyi, yaraşığı ilə fərqlənir, müasir şəhərimizə təkrarsız görkəm verir. Öz dövrünə görə elm və texnikanın ən son nailiyyətlərini öz ölkəsində tətbiq etmək üçün milyonlarını əsirgəməyən M.Muxtarov, həyatının sonuna kimi bu xeyirxah missiyasına sadiq qalmışdır.

 

Arabaçı oğlu...

 

Murtuza Muxtarov 1857-ci ildə Bakının Əmircan kəndində arabaçı ailəsində anadan olub. Əmək fəaliyyətinə də bu kənddə başlamışdır. O da Bakının bir sıra milyonçuları kimi adi fəhlədən neft maqnatı səviyyəsinə yüksəlmişdir. Uzun müddət malakeşlik etdikdən sonra araba ilə neft daşımış, xırda podratçılıqla məşğul olmuşdur. Qara qızıl fontanları nəhayət onun da üzünə gülərək, əlini milyonlara çatdırmışdır. Murtuza təkcə Bakıda yox, Maykop və Qroznı neft -mədən sahiblərilə də müqavilə bağlayıb quyu qazırdı. Onun zavod və mədənlərlə, konstruktor büroları ilə də texniki və işgüzar əlaqələri vardı. Tez-tez Şimali Qafqaza gedirdi. Burada Muxtarov çeçen generalı Tuqanovla tanış olur və onun evinə gedib-gəlməyə başlayır. General onu Vladiqafqaza - öz evinə qonaq çağırır. Bu dəvət Murtuzanınn həyatında böyük iz buraxır. O, generalın ortancıl qızı Liza xanıma vurulur və onunla evlənir.

Liza xanımla Avropa səyahətinə çıxan Muxtarovun qarşısında yeni bir həyat açılır. Avropanı gəzib-dolanan gənc milyonçunun dünyagörüşündə və həyata baxışında mütərəqqi ideyalar baş qaldırır. O, Venesiyada olarkən buradakı binaların arxitekturasına valeh olur. Belə binaları vətəni Bakıda da tikdirmək qərarına gəlir. Vətənə qayıtdıqdan sonra Bakıda cəmi bir il ərzində (1911-1912) nəhəng bir saray inşa etdirir. Sarayın sütunları, tağları, buta və gülləri, pəncərə və qapıları, bəzək ornamentləri təkrarolunmaz sənət əsərinə, memarlıq incisinə çevrilir. Muxtarov bu binanın inşasına pul əsirgəmədiyi kimi, onun memarı, ustalar da öz səy və əməklərini əsirgəməyiblər.. Sarayın arxitektoru, məşhur polyak mühəndisi Ploşko qotik üslubunda layihələşdirdiyi bu sarayı məhz Muxtarovun arzusuna uyğun olaraq yaratmışdır. Böyük zövq sahibi olan M. Muxtarov xalqımıza əzəmətli binalar miras qoyub getmişdir. Təkcə Bakı şəhərində, onun ətraf kəndlərində deyil, habelə Rusiyanın şəhərlərində və Avropanın bəzi guşələrində də onun tikdirdiyi binalar bu gün də hamını valeh edir. Neçə-neçə bina məhz Muxtarovun adı ilə bağlıdır. 1910-cu ildə Əmircan kəndində tikdirdiyi məscid binası indiyədək öz memarlıq quruluşu və əzəməti ilə göz oxşayır.

 

Abşeron möcüzəsi

 

Muxtarov Bakının demək olar ki, bütün xeyriyyə tədbirlərində yaxından iştirak edir və maddi köməyini əsirgəmirdi. Əsrin əvvəllərində M.Muxtarov Mərdəkan kəndinin yarımsəhra və qayalıq ərazisində gözəl bir bağ salmaq qərarına gəlir. Lakin qumsallıq və əkin-biçin üçün yararsız olan bu yerləri gülüstana çevirmək elə də asan iş deyildi. Odur ki, Muxtarov vaxt itirmədən buraya Lənkərandan münbit torpaq gətizdirir. Tonlarla torpaq böyük bir əraziyə səpilir və orada nadir ağaclar, bitkilər, çiçəklər əkilir, quyular qazılır.

Az bir zaman ərzində Muxtarov bu susuz ərazidə gülüstan yaradır. Həmin ərazidə bitkilərin sulanması üçün arx düzəltdirir. Dünyanın bir çox ölkələrindən bitkilər gətizdirir. Bağın mərkəzində isə son dərəcə yaraşıqlı bir bina tikdirən Muxtarov yenə də memar Ploşkoya müraciət etmiş və bu bağ evini də onun layihəsi əsasında inşa etdirmişdir. Deyilənlərə görə, bu bağ sözün həqiqi mənasında cənnəti xatırladırmış. Qədim dünyanın yeddi möcüzəsindən biri olan Semiramidanın asma bağlarına bənzər nadir və təkrarsız bir gözəlliyi M.Muxtarov doğma vətənində yaratmışdır. Neçə-neçə iqlimdən gətirilmiş nadir və təkrarsız bitkilərin, güllərin, çiçəklərin hər kəsi valeh edən bu bağı Abşeron möcüzəsi də adlandırmaq olar.

Sonralar - 1965-ci ildə adı dillər əzbəri olan bu bağ Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutuna, daha sonralar isə AMEA-nın dendrarisinə çevrilib. Dendrari yunan dilində işlənən dendra sözündən götürülüb, mənası nadir ağaclar məskəni deməkdir.

Maraqlıdır ki, bizi valeh edən bir çox filmlər - Arşın mal alan, O olmasın, bu olsun, Qorxma mən səninləyəm, Dərviş Parisi partladır, Başsız atlı və sair məhz bu bağda çəkilib.

 

Muxtarovun bağında S.Yeseninin muzeyi

 

M.Muxtarovun 12 hektar sahəni əhatə edən bağının ərazisində rus şairi Sergey Yeseninin də ev-muzeyi vardır. 1924-1925 -ci illərdə Bakıya gələn şair Bakı şəhər partiya təşkilatının katibi Çaginin dəvəti ilə məhz burada- Muxtarovun bağ evində yaşamış, bir müddət bu yerlərdə yazıb yaratmışdır. Nə qədər paradoksal görünsə indiyə kimi burada M. Muxtarovun ev-muzeyi yaradılmayıb. Muxtarovun bağ evi isə bu günədək qapıları qıfıllanmış halda saxlanmaqdadır. Biz orada olarkən öyrəndik ki, bağ evinin içərisinə girməyə icazə verilmir. Binadan konfrans zalı kimi istifadə olunduğunu öyrəndik. Əslində buraya gələn insanları daha çox cəlb edən, maraqlandıran əsas obyekt də məhz M. Muxtarovun yaşadığı binanın interyeridir. İndiyə kimi bu binanın muzeyə çevrilməməsi isə tariximizə biganə münasibət olmaqla yanaşı , həm də böyük ədalətsizlikdir. Milli mədəniyyətimizin nadir nümunələrini daha yaxından öyrənmək, təbliğ etmək üçün bağ evinin tezliklə Murtuza Muxtarovun ev-muzeyinə çevrilməsinə böyük ehtiyac vardır. Axı necə ola bilər ki, hələ sovetlər zamanından bəri bağ evinə gələn qonaqlar Yeseninin muzeyi ilə tanış olduqları halda , bu mülkün əsl sahibi, milli mesenat, məşhur neftxuda, adı tariximizlə bağlı olan M.Muxtarov kimi bir şəxsiyyəti tanımasınlar. Əslində burada Muxtarovun ev-muzeyini yaratmaqla biz həmçinin milli tariximizin ən zəngin, ən maraqlı, ən keşməkəşli bir dövrünün, neft Bakısının tarixini yaşatmış və gələcək nəsillərə çatdırmış olarıq. Bir çox tarixi hadisələrin şahidi olmuş bu bağ evində zəngin eksponatları olan məşhur bir muzey yaratmağın vaxtı çoxdan çatıb.

Mədəniyyət qəzetinin bununla bağlı irəli sürdüyü təşəbbüs artıq geniş ictimaiyyət tərəfindən dəstəklənməkdədir. İnanırıq ki, qəzetimizin bu xeyirxah və vətənpərvərliyə söykənən təşəbbüsü tezliklə əlaqədar təşkilatların diqqətini cəlb edəcəkdir.

 

 

C.Tağıyev

 

Mədəniyyət.- 2009.- 21 avqust.- S. 8; 9.