Azərbaycanın birinci xanımı XXI əsrin böyük qadını fəxri titulunun nominantıdır

 

Zəmanəmizin bir sıra görkəmli qadınları, o cümlədən İngiltərə kraliçası II Yelizaveta, Amerika Birləşmiş Ştatlarının indiki dövlət katibi Hillari Klinton, öz xeyirxah əməlləri ilə dünya şöhrəti qazanmış Tereza Ana və başqaları bu mühüm fəxri ada layiq görülüblər. Bu il iyulun axırlarında isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu beynəlxalq səviyyəli titula layiq görülmək üçün nominant kimi irəli sürülüb.

Mehriban xanım Əliyevanın öz ölkəsinin mədəni sərvətlərinin inkişafına, Şərq və Qərb mədəniyyətlərinin yaxınlaşmasına yönəlmiş, mənəvi yaradıcı inteqrasiyaya kömək edən geniş fəaliyyəti göz qabağındadır. Onun rəhbərlik etdiyi H.Əliyev Fondu bu fəaliyyəti həyata keçirmək üçün festivallar, sərgilər, konsertlər, mədəniyyət sahəsi ilə əlaqədar digər tədbirlər təşkil edir. Bircə misal göstərək: Azərbaycan musiqi folklorunun ənənəvi klassik forması olan muğamı təbliğ etmək məqsədilə Bakıda Muğam Mərkəzi yaratmaq barədə Prezident İlham Əliyevin dəstəklədiyi təşəbbüsün müəllifi ölkəmizin birinci xanımıdır.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil, səhiyyə və idman sahəsində geniş və çoxşaxəli iş aparılır.

Heydər Əliyev Fondunun prezidenti uşaqlara, onların problemlərinə xüsusi diqqət yetirir. Fondun xeyriyyə proqramı Azərbaycanda uşaq evlərinin yenidən qurulmasını və modernləşdirilməsini, məktəblər açılmasını, diabetdən və digər ağır xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə olunmasını əhatə edir. Qocalar evlərinə hər cür müasir tibbi kömək göstərilir.

 

 

Mədəniyyət.- 2009.- 26 avqust.- S. 3.