Dədə Qorqudun gedişi...

 

Avqust ayında itkilərimiz az olmayıb. Niyazini, Şahmar Ələkbərovu, Məhluqə Sadıqovanı, Həsən Məmmədovu itirmişik. İtkilər demişkən, Füzuli Cəbrayılın əlimizdən getməyini bu məqamda xatırlamamaq olmaz. İndi Qarabağdan yox, sənətkar itkisindən söz açacağam.

Həsən Məmmədov barəsində danışmaq istəyirəm. Altı il əvvəl aktyoru 65 yaşındaykən son mənzilə yola salacağımızı ağlımıza gətirməzdik. Ağlımıza gəlməyənsə, bu dəfə başımıza gəldi...

Həsən Məmmədov sənətə riyaziyyatçı olmaq fikrinin daşını atandan sonra bağlanmışdı. Salyandan Bakıya gələcəyin riyaziyyatçısı kimi tanınmaq eşqiylə gələn qarabuğdayı oğlan universitetdə çox duruş gətirməyib sənədlərini Teatr İnstitutuna vermişdi. xoşbəxtlikdən qəbul olunmuşdu. Əlbəttə, bu xoşbəxtlik daha çox bizim üçünüydü, belə bir ustad aktyor qazanmışdıq. İlk tanışlıqdan şükranlı insan kimi yadımda qalan Həsən müəllimsə bu taledən, deyəsən, çox da məmnun deyildi. Hər halda, Həsən Məmmədovun axır on ildəki yaşantıları bunu nişan verirdi - o daha çox çaşqınlıq içindəydi, elə bil zamanı tam kəsdirə bilmirdi, bu da mövqeyində, baxışlarında ziddiyyətli məqamlara gətirib çıxarırdı.

Yaxından tanıyanlar, yəqin təsdiqləyər: o, saçı dümağ ağarmış uşağa bənzəyirdi. Saflıq daha çox sadəlövhlüklə dolu uşağa. Siyasət, zamanın təbəddülatları onluq deyildi. Heç kim məndən inciməsin, Həsən Məmmədov üçün ən yaxşısı elə sovet dövrüydü. Adını qoysaq belə, sabitlik varıydı, hamı bilirdi sabah yuxudan duranda ilə məşğul olacaq, hara gedib, hardan gələcək. Kino ustadı Həsən müəllim bu sabitliyə alışmış, zamanın nəbzini tutmuşdu. Bilirdi ki, dövlət kino sənayesi üçün pul ayırır, Azərbaycanın da öhdəliyində beş-altı tammetrajlı film var bunların bir-ikisində mütləq çəkiləcək. Maaş, qonorar, mükafat, dövlət hesabına festivallara, görüşlərə getmək öz yerində. Otuz ilə yaxın belə firavanlığı, qazandığı halal pullarla rahat yaşamağın mümkünlüyünü görmüş, hər il filmlərə çəkilmək, bir-birindən maraqlı ekran qəhrəmanlarını canlandırmaq səadətini yaşamış, dövlətin təltiflərindən dadmış sənətkar sovet dağılandan sonra ürək açan nəylə üzləşdi ki?..

Heç yadımdan çıxmaz: hələ müstəqilliyi təzəcə qoxulayıb, havasını ciyərlərimizə çəkən vaxtlarıydı, oturub dərdləşirdik. Əslində mən ondan müsahibə götürürdüm, amma indi baxıb görürəm, sən demə, əməlli-başlı dərdləşirmişik. Dedi ki, İstintaqdan bu yana bir fərli rola çəkilməmişəm. O zaman İstintaqın ekrana çıxmasından on ildən artıq vaxt keçmişdi. Bu müddətdə Həsən müəllim neçə rola çəkilmişdi. Di gəl, heç biri ürəyincə deyildi. Həmin söhbətimizin üstündən on yeddi ildən artıq zaman ötüb. Onun bütün yaratdıqlarını göz önümə gətirib düşünürəm. Qırx il kinoya bağlı aktyorun sənət ölçüləri baxımından təqribən 20 illik fəaliyyəti yadda qalıb. Böyük dayaqdakı Qaraş, Arşın mal alandakı Əsgər, Bir cənub şəhərindəki Murad, Yeddi oğul istərəmdəki Bəxtiyar, Gün keçdidəki Oqtay, Axırıncı aşırımdaki Abbasqulu bəy Şadlinski, Arxadan vurulan zərbədəki Əhməd Qəmərli, İstintaqdakı Murad Abıyev, Bizi bağışlayındakı Nəriman, Birisi gün gecəyarısındakı Baba Əliyev, Evlənmək istəyirəmdəki Mirzə Səfər əlbəttə ki, Dədə Qorqud rolları... Həsən müəllimin çəkildiyi filmlərin sayısa əllidən çoxdu...

O vədə Həsən müəllim çox şeydən narazıydı. Yəqin, elə bu səbəbdən milli mədəniyyətimizdəki mövqeyinə özü belə qiymət vermişdi: Desəm narazıyam, elə zənn edəcəklər ki, Həsən Məmmədovda qətiyyən təvazökarlıq işartısı yoxdu. Amma insaf xatirinə, nəyə qane ola bilərəm. Azərbaycanın ən yaxşı kinoaktyoru sayılıramsa, bunu özümdə, mənə qarşı münasibətdə, həyat şəraitimdə... çox şeydə hiss eləmirəm. Axı, mən nədən razı qalmalıyam. Son bir neçə ildə filmə çəkilməməyimdən, yoxsa Azərbaycanfilmin qırxa yaxın aktyoru kimi bayıra atılmağımdan. İncimə elə fikirləşmə ki, sualını qəribçiliyə salıram. Düzü belədi. Bu mövqe, bəlkə , mövqesizlik yaxşı səslənir- məni əsla qane etmir.

Üstəlik, davamçı yetirmək məsələsinə münasibəti də aktyor bədbin fikirlərlə doluydu. Sənətkar gəl, dərs de təklifinin yoxluğundan söz açdıqdan sonra nəyə lazımdı o dərs deməklə ürəyi soyumamışdı. ürəyindən keçənləri beləcə ard-arda düzmüşdü: Mən niyə kimisə aldatmalıyam? Niyə aktyor şan-şöhrəti, güzəranı barədə illüziyalar yaratmalıyam? Heç kim sual verməsə , dərs desəm o xüsusda indiki təki tez-tez öz-özümdən soruşaram: istəyirsən, Həsən Məmmədov? Sənin çatdığın şöhrət zirvəsi bu deyilmi? Günün-güzəranın yel oynadan telə bənzəmirmi? Niyə dünyanı hələ indi-indi başa düşmək istəyənləri aldadırsan, onları arxanca hara aparırsan? Yoxsa öz gününə salacaqsan onları? Yox qardaş, heç kimə belə zülm eləmək olmaz.

Əlbəttə, sonradan ona müəyyən diqqət göstərildi, məişət qayğıları, deyəsən, nisbətən azaldı. Bununla belə, sanki o yorulmuşdu, cana doymuşdu, hər şey gözündən düşmüş, maraqsızlaşmışdı. Ona bir-iki dəqiqəliyə baxmaq kifayət eləyirdi ki, bu insanın könülsüz, həvəssiz gəzib-dolandığını, teatra gəlib-getdiyini anlayasan. O, teatra ki, gəncliyi axır on ili burda keçdi. gizlədim, qəlbimdə yalnız kino aktyoru Həsən Məmmədov var. Təkrarsız səsi, ağır yerişi, qayğılı gözləri, jest mimikasıyla ekranı dolduran Həsən Məmmədov. Kinonun dili hərəkət, kadra düşəcək səhnələri kameraya danışmaq məharətidi. Mən bilmirəm, bunca parlaq obrazları yaratmaq üçün Həsən müəllimə hər dəfə kamera qarşısında neçə dubl dayanmaq lazım gəlib. Nəticəsə adamı çaş-baş qoyur: insan özgəsinin həyatını necə məharətlə, inandırıcı şəkildə yaşayarmış!

Zamanı, hadisələri daşlaşdıran kinonun dilini bilən sənətkar Milli Dram Teatrın səhnəsində həmin qüdrətdə görünmürdü, bəs deyərdin, səhnədə nəfəsi çatmır. İşsizlik ucundan kinostudiyadən teatra üz tutmuş aktyor zorən təbibə bənzəyirdi. Bekar qalmamaq hardansa çörəkpulu qazanmaq məcburiyyətini yaşayan kövrək qəlbli insanın içində müsibətlər çəkdiyini təsəvvür etmək çətin deyildi. Həyatın, zamanın, mühitin özü kimi ürəyi xilaf çıxdı ona. Qismətinə uzun illər sovet aktyoru kimi tanınmaq, yaşamaq düşmüş sənətkar həmin illərdə sovet kinosu günü kimi qeyd olunan bir tarixdə - 27 avqustda dünyasını dəyişdi. Bu da elə-belə deyil. Bu simvolikada da nə isə var...

 

 

Seymur Elsevər

 

Mədəniyyət.- 2009.- 26 avqust.- S. 7.