Gül bağçaların Söylü xanımı

 

Ad gününə gecikmiş yazı

 

Azərbaycan kinosunda Söylü (Bəxt üzüyü) qədər dolğun qadın tipi tək-təkdir. Bu, kino tariximizdə sanki bir məqamdır o məqamı aktrisa Afaq Bəşirqızı duyub, tutub, hiss edib, canlandırıb. Bu, zəmanənin, mühitin hansısa bir məqamında ortaya çıxan, amma tək-tək olmayan, çoxluq təşkil edən qadınlarımızın ümumi prototipi, zirvə nöqtəsidir ki, koloritinə, canındakı şuxluğa görə Afaq Bəşirqızına borcludur. İllərlə, bəlkə əsrlərlə ehkamlaşmış, kütləviliyi ilə təsdiqlənmiş mövqe-davranış stereotipinin, dəyərlər, qanunlar, sözsüz həqiqətlər toplusunun - yəni mentalitet deyilənin bu qadınlara ötürülən töküntüsünün ən unikal təbii ifadəsinə görə Söylü bu qadınların zirvədə duran nümayəndəsidi - qeyrət namusu ilə, ancaq oğlan doğmağı ilə, üstündəki ağır dualarla, ərinə ştamp, kor-koranə, qorxuqarışıq alternativ tanımadığına görə ömürlük məhəbbəti ilə, nəhayət bütün gövdəsi ilə... Əlbəttə, Bala-başa bəlanın personajlarından biri olan Suğra bəxti gətirmədiyi üçün bunlardan geri qala bilər. Namus-qeyrəti özünə sipər etsə , ərə getməmiş, qamçı hörükləri ilə, yerişi, danışığı ilə bu kəsik ərköyün qız da, Evləri köndələn yarda avtomat telefonla çənə vurub az qala bütün nəsli, qohum-əqrəbanı soruşan telli-şallı qadın da Söylünün şəhərin mərkəzinə gəlib çıxmış əkiz tayıdır. Afaq xanım bir tək Söylü ilə onları tanıdı tanıtdırdı. Məhz ona görə onun yaradıcılığında ən,ən,ən dolğun, real obraz Söylüdü. Əlbəttə, falçı Zəhra da tamam başqası deyil - o, dar düşüncə sahəsi olan qadınların bir az daha dünyagörüşlüsü, bir az daha şəhərlisi işgüzarıdı...

Yazının bu yerində aktrisanın bir qəhrəmanı da ötkəm yerişi ilə gəlib, qamçısını qaldırıb haqqını tələb edir. Əlbəttə, bu da Yarımştat teletamaşasındakı heyvan təlimçisi, sirk işçisi, çox güman ki, ya rus, ya tatar, ya osetin, ya da qeyri bir millətin nümayəndəsi olan Aykadır.

Bu, onun aktrisa təbiətinin bələd olmadığımız bir sahəsidir ki, sonralar bu personajı müxtəlif variantlarda özünün çəkdiyi komediyalarla xırdalayıb azaldacaq. Aykasa unikal unikal dəqiqliklə tapılmış personajdı. Afaq Bəşirqızı bu teletamaşada (Yarımştat), epizodda uzun sürməyən çıxışı ilə personajının bütün bioqrafiyasını tamaşaçılara oxuda bilir. Busa hər aktyorun bacaracağı deyil. Çünki hələ obrazını tamaşaçıya tanıtdırmaq çoxuna müyəssər olmur, qaldı ki, yalın ifa ilə onun keçmişini nişan vermək...

Avqustun ortalarında Afaq Bəşirqızı ad gününü qeyd etdi. Telekanallarda yeni müsahibəsi köhnə filmləri (Bəxt üzüyü) nümayiş olundu. Bizsə gecikmiş bir yazıyla - hərçənd bu filmlər, obrazlar köhnələn, gecikən deyil, yəni balığı vaxt tutsan təzədir - onun qəhrəmanlarını xatırlatdıq. Yüz yaşasınlar!

 

 

Aliyə

 

Mədəniyyət.- 2009.- 28 avqust.- S. 3.